Azərbaycan kinosunun tərəqqisi uğrunda fədakarcasına çalışan, filmlərin nailiyyət qazanmasında yaradıcı heyətlə birgə böyük xidməti olan tanınmış aktyorlarımızdan biri də teatr, kino aktyoru, Xalq artisti Rafiq Əliyevdir. İstedadlı aktyorun müxtəlif janrlı ekran əsərlərində canlandırdığı xarakterik rolları hadisələrin inandırıcı çatdırılmasına səbəb olub, müəlliflərin ideyasının dolğunluqla, əhatəli şəkildə aydınlanmasına imkan yaradıb.
“Azərbaycanfilm” kinotudiyasında istehsal olunan 50-yə yaxın filmdə çalışan Rafiq Əliyev çəkildiyi, çəkdiyi, səsləndirdiyi filmlərdən əlavə, bir sıra beynəlxalq kino layihələrində ikinci rejissor, kastinq direktoru kimi çalışıb, ömrünün sonuna kimi sənətin keşiyində durub.
Bədii kinonun taleyini ilk növbədə real, bitkin obrazlar həll edir, filmə baxımlılıq gətirir, müvəffəqiyyət qazandırır. Rafiq Əliyevin xarakterik, maraqlı ekran obrazları da filmlərə uğur gətirən, hadisələrin mahiyyətini açan personajlardır. “Bir ailəlik bağ evi” filmində debüt rolunu (laborant) oynayan aktyorun adı çəkiləndə ilk növbədə göz önündə xarakterik ekran qəhrəmanları, o cümlədən, müxbir (“Babamızın babasının babası”), Əli Terequlov (“Üzeyir ömrü”), naçalnik (“Qəm pəncərəsi”), psixiatr (“Əlaqə”), Rauf (“Cansıxıcı əhvalat”), xəfiyyə (“Qara gölün cəngavərləri”), Ramiz (“ Nə gözəldir bu dünya…”) və digər rolları canlanır. Müxtəlif dövr hadisələrini və müasirlərini özünəməxsus çalarlarla, maraqlı ştrixlərlə təqdim edən, ekran hadisələrinin mahiyyətini aydınlıqla çatdıran sənət bilicisi, fərdi təbiətli personajları ilə məsləyini zinətləndirib, müəlliflərin istəyini, məram və məqsədini böyük peşəkarlıqla təqdim edib.
Obrazların səciyyəvi cəhəti fonunda mühitin ab-havasını çatdırmaq, hadisələrə münasibətini yaddaqalan, inandırıcı jestlərlə göstərmək sözün əsl mənasında böyük aktyorluq məharətidir, sənətkarlıq keyfiyyətidir. Taleyinə yazılan ömür payının 45 ilini sənətə həsr edən aktyorun anadan olmasından (14.11.1949) 75 il ötür. Unudulmaz aktyorun əziz xatirəsini dərin ehtiramla anırıq.
Rafiq Əliyev Füzuli rayonunun Merdinli kəndində anadan olub. 3 yaşı olanda ailəsi Bakıya göçüb. Ailədə 3-cü uşaq olan Rafiq 6 bacının bir qardaşı olub. Orta məktəbi bitirdikdən sonra Leninqradda (indiki Sankt-Peterburq) Mədəniyyət İnstitutunun Mədəni-maarif fakültəsinin rejissorluq bölməsinə daxil olub. İki il orada təhsil aldıqdan sonra seçdiyi fakültəni ixtisar etdiklərinə görə Bakıya qayıdıb. Az sonra hərbi xidmətə çağırılıb, 3 il xidmət edib. Tərxis olunduqdan sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə qəbul olunub (1974). 3-cü kursda oxuyanda sənət müəllimi, Əməkdar artist Həsən Əblucun dəvəti ilə Gənc Tamaşaçılar Teatrında tamaşalarda oynayıb, bir müddət sonra teatrda işə götürülüb.
Teatrdakı fəaliyyəti ilə yanaşı, dublyaj sahəsində də aktiv çalışıb, filmlərin səsləndirilməsində, mətn oxunuşunda yaxından iştirak edib. Əməkdar incəsənət xadimi, kinorejissor Nizami Abbasın xatirələrindən: “Rafiq Azərbaycan və rus dillərini mükəmməl bilirdi. O, mənim ekranlaşdırdığım “Sürüşmə” sənədli filmində kadrarxası mətnləri oxuyub. Hətta filmin bəzi məqamlarında Kirovun vaxtı ilə dediyi sözləri personajın daxili monoloqu kimi obraza uyğun intonasiya ilə səsləndirib. Elə olurdu ki, bəzi məqamlarda oxunuş qaydalarında o, mənə kömək edirdi. Qiraətçi, aktyor, rejissor kimi mükəmməl sənətkar, işıqlı insan idi”.
Rafiq Əliyevin ədəbi əsərləri dərindən duyması, intuitiv yanaşması, rolları özününküləşdirməsi, təbii çatdırması xarakterlərin mahiyyətinin açılmasına, düşdükləri vəziyyələrdə davranış və fikirlərinin ekran hadisələrinin inkişaf etdirilməsinə təkan verib. Ustalıqla fərdi cizgilər yaratmaq qabiliyyətinə malik aktyor, tərəf-müqabilləri ilə uğurlu yaradıcılıq sazişi quraraq tipik obrazlar kəşf etməyimizə səbəb olub. Filmlərdə ardıcıl rol alan istedad sahibi, bir müddət sonra özü də rejissor kimi fəaliyyət göstərib. 2015-ci ildə “Dərs” filminə rejissor Cavid Təvəkküllə birgə quruluş verib.
“Qazaxfilm”in çəkdiyi “Köçəri” bədii filmində kastinq üzrə rejissor assistenti işləyib. Filmlərdə çalışmaqla yanaşı, “İbrus” teatrında fəaliyyət göstərib. Həmçinin səsvermə yolu ilə Teatr Xadimlər İttifaqı İdarə Heyətinin sədr müavini vəzifəsinə seçilib, ömrünün sonuna kimi orada çalışıb. Paralel olaraq filmlərə çəkilib.
Rafiq Əliyevin kinoda sonuncu rolu “Əlvida, Şmidt!” filmində həkim obrazıdır. Filmin rejissoru Əli-Səttar Quliyevin qeydlərindən: “Rafiq Əliyevlə filmin çəkilişi zamanı yaxından tanış olduq. Həkim rolunda onu görürdüm deyə sınaq çəkilişi etmədən çəkdim. O, peşəkar aktyor, gözəl rejissor idi, ondan nə istədiyimi yaxşı bilirdi. Buna görə də rolunu peşəkarlıqla oynadı, tez də çəkildi. Sonra növbəti çəkəcəyim “Olimpia” filmində çəkilməsi haqqında danışdıq. Təəssüflər olsun ki, ömür vəfa etmədi. Filmdə müəllimlərin şəkli olan bir lövhə var. Rafiq müəllimin xatirəsini əziz tutaraq onun portretindən filmdə istifadə etdik. O, böyük potensiala malik aktyor idi. Allah ona rəhmət eləsin”.
Dövlət Film Fondu