Xarakterik, maraqlı ekran personajlarını real obraz səviyyəsində təqdim edən, fərdi yaradıcılıq üslubuna görə seçilən, tamaşaçıların yaddaşında dərin iz qoyan, Azərbaycan teatr və kino sənətinin uğurlu simalarından olan istedadlı aktyor, Xalq artisti Həsənağa Salayevin anadan olmasından 103 il ötür (05.12.1921). Müsbət fərdi cəhətləri, örnək yaradıclığı ilə sənətsevərlərin, həmkarlarının rəğbətini qazanan aktyorumuzun əziz xatirəsini dərin ehtiramla yad edirik.
Həsənağa Dərya oğlu Salayev 1921-ci il dekabrın 5-də Bakıda dünyaya göz açıb. 1937-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Teatr Texnikumuna daxil olub. Bir ildən sonra Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib (1938). İkinci Dünya müharibəsi başlayanda bir çox həmvətənlərimiz kimi vətənin müdafiəsi üçün müharibəyə gedib. 1946-cı ildə Bakıya qayıtdıqdan sonra yenidən doğma teatra qayıdıb. Sənət sevgisini daim qəlbində yaşadan sənətsevər fitri istedadına, daxili intuisiyasına əsasən yaratdığı obrazların dolğunluğuna görə tezliklə teatrın rəhbərliyinin, yaradıcı kollektivin, ən əsası isə, tamaşaçıların rəğbətini qazanıb. Sənətdəki böyük xidmətlərinə görə 1959-cu ildə Əməkdar, 1974-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Həsənağa Salayev 1950-1960-cı illərdə Akademik Milli Dram Teatrının aparıcı aktyorlarından biri kimi məşhurlaşıb. Səhnələşdirilən tamaşalarda baş və ikinci dərəcəli rolları ifa edib. Canlandırdığı obrazlar bədii təcəssümünə, bənzərsiz üslub və formasına görə sənətsevərlərin yaddaşında dərin iz qoyub. Həmçinin kinoda yaratdığı xarakterik rolları ilə tamaşaçıların rəğbətini qazanıb.
“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan on üç filmdə baş və aparıcı rolllarda çəkilən aktyor, “Fətəli xan”, “Onu bağışlamaq olarmı?”, “İstintaq davam edir”, “Görüş” və digər filmlərdə maraqlı, koloritli ekran obrazları yaradıb, yaradıcılıq taleyinə düşən kiçikplanlı, epizod rollarını belə yüksək peşəkarlıqla təqdim edib.
Hər bir ekran obrazı ilə diqqət çəkən aktyor “Onu bağışlamaq olarmı?” bədii filmində oynadığı ikinci planlı kapitan Qüdrət obrazını filmin aparıcı rolu səviyyəsində canlandırıb. Filmdə ictimai asayişin keşiyində duran Qüdrətin şəxsi keyfiyyətlərini göstərməyə geniş imkan verilməsə də, ictimai davranışın, nizam-intizam qaydalarının, nümunəvi yaşam tərzinin vacibliyi, ailədə və məişətdə, cəmiyyətdə şəxsiyyətini ali səviyyədə təsdiqləmək prinsipinin mühüm əhəmiyyət kəsb etməsi lirik və psixoloji nüanslarla göstərilib.
Filmdə Qüdrəti gah vəzifə başında cinayətin izinə düşən, araşdırma aparan, gah da dostu və məsləkdaşı olan Qayanın təlatüm, səksəkə içərisində yaşayan ailəsi ilə olan təmkinli, səmimi davranışını görürük. Geniş tamaşaçı auditoriyasının diqqətini çəkən, ailə filmi kimi izlənilən kinodramın bəzi kadrlarında gənclərin (Qüdrətlə Qumrunun) məhəbbət münasibətlərinə xəfif bir eyham da var. Həmin kadrlarda aktyorun orijinal jestləri, rola uyğunlaşdırdığı maneraları, replikaları dramatik hadisələrin gərginliyinin qismən də olsa azalmasına, məişətdə və ailədə mehribanlığın, qarşılıqlı anlaşmanın həyatın ən qiymətli hadisəsi kimi tamaşaçıya təqdim edilməsinə şərait yaradır. Aktyorun psixoloji təsiretmə bacarığı filmin mahiyyətini genişləndirir, tamaşaçını bir anlıq da olsa canilərin qaranlıq dünyasından, cinayət aləmindən uzaqlaşdırır, hadisələrin seyrçi yaddaşında hərtərəfli təhlil olunmasını təmin edir.
Aktyorun kino yaradıcılığındakı psixoloji nüansları dəqiq çatdırma bacarığını Xalq şairi Səməd Vurğunun “Aygün” poeması əsasında kinorejissor Kamil Rüstəmbəyovun 1960-cı ildə çəkdiyi eyniadlı bədii televiziya filmində də görürük.
Filmdə hadisələr yeni ailə qurmuş Aygünlə (aktrisa Nəcibə Məlikova) Əmirxanın (aktyor Həsənağa Salayev) münasibəti və taleyi ətrafında cərəyan edir. Yüksək qazanc əldə edən Əmirxan vaxtının çoxunu sərxoş dostlarına sərf edir, ali təhsilli xanımının cəmiyyət arasına çıxmasına icazə vermir, yeganə övladı ilə maraqlanmır. Əmirxanın ailəsindən uzaqlaşıb içki aludəçisi olan dostlarına qoşulması, işinə səhlənkar yanaşması ailəsinin dağılmasına səbəb olur.
Gec də olsa səhvlərini başa düşən Əmirxan düzgün həyat yaşamağı qarşısına məqsəd qoyur. Yenidən nailiyyətlərə imza atır və ailəsinə qayıdır.
Obrazın təzadlı xüsusiyyətləri, müxtəlif vəziyyətlərdə keçirdiyi hiss və həyəcanları aktyorun dolğun, inandırıcı təqdimatında yüksək peşəkarlıqla canlandırılır.
Həsənağa Salayevin teatr və kinoda yaratdığı, çoxsaylı tamaşaçı auditoriyasına sevdirdiyi ekran personajlarının fərdi xüsusiyyətləri müsbət cəhətlərindən, həyata dəqiq müşahidəsindən yaranırdı. Bu mənada “Görüş” kinokomediyasında canlandırdığı Musanın fərdi keyfiyyətlərinin koloritli təqdimatı da diqqətəlayiqdir.
Musa mülayim, səmimi keyfiyyətlərə malik personajdır. Üçüncü planlı rol olan Musanın insani keyfiyyətləri, həyatdakı dəqiq mövqeyi filmin hadisələrinin axıcılığına rəvac verir, rejissor və müəllif ideyalarını səmimi formada tamaşaçıya çatdırır. Filmin baş qəhrəmanı Kamilin cahil hərəkətlərindən sonra ekranda görünən Musa obrazı mənfiliklə müsbətin, yalanla doğrunun təzadlı anlayışı kimi diqqəti cəlb edir. Musa məsləyinə, sevgisinə sadiq, insanlarla münasibətində dəqiq olan personajdır. Müsbət keyfiyyətləri, özünəməxsusluğu filmin (müsbət cəhətləri təbliğ edən) ideyasına tamlıq gətirir.
Onu da qeyd edək ki, Həsənağa Salayev “Azərbaycanfilm” kinostudiyasında çəkilən bir neçə filmin səsləndirilməsində iştirak edib, peşəkarlıq nümayiş etdirib. “Onu bağışlamaq olarmı?” filmində Tərlan, “Onun böyük ürəyi” filmində Oqtay, “Səhər” filmində Bayram və başqa ekran obrazlarını yüksək sənətkarlıq keyfiyyəti ilə səsləndirən aktyorun məxməri səsi personajlara ifaçılar qədər uğur qazandırıb. Filmərin baxımlılığını təmin edib. Obrazların şəxsiyyətini, daxili aləmini tamaşaçılara tamlıqla çatdırıb, dublyaj sənətinin vacibliyini, kinonun vacib sahəsi olduğunu təsdiqləyib.
Bəli, ustad Həsənağa Salayev əsl sənətkar idi. Elə buna görə də sənəti daim yüksək səviyyədə təqdim edən böyük istedad sahibinin adı çəkiləndə göz önündə xarakterik rolları canlanır, əziz xatirəsi dərin sevgi hissi ilə xatırlanır. Bu isə sənət zirvəsini fəth etmək – sənətdə ölməzlik qazanmaq deməkdir.
Dövlət Film Fondu