Əməkdar mədəniyyət işçisi Məmmədkamal Kazımovun 95 illik yubileyi qeyd olundu

Dekabrın 5-də Azərbaycan Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi, teatr və kino aktyoru, rejissor Məmmədkamal Kazımovun 95 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.

Yubiley mərasimini giriş sözü ilə Əməkdar artist Elnur Kərimov açaraq, dövrünün ən görkəmli teatr xadimləri ilə bərabər fəaliyyət göstərmiş müəllimi M.Kazımovu xatırladı. Sonra Xalq artistləri Hacı İsmayılov, Rafiq Əzimov, Həmidə Ömərova, İlham və Cəfər Namiq Kamallar, Əməkdar incəsənət xadimi, professor Rafiq Quliyev, Əməkdar artistlər Azad Şükürov, Yadigar Muradov və aktrisa Zemfira Əbdülsəmədova tanınmış sənətkar haqqında xatirələrini bölüşdülər. Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev bu qurumda görkəmli kino xadimlərinin xatirə gecələrinin keçirilməsi ənənəsindən danışdı.

Sonda sənətkarın ailə üzvləri adından qızı Vəfa Novruzova çıxış edərək, tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.

Tədbir boyu sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən videoçarx və aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirildi.