Dekabrın 6-da Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə Nizami Kino Mərkəzində Xalq yazıçısı Natiq Rəsulzadənin 75 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirildi. Gecədə sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.
Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, yazıçının əsərləri ilə ilk dəfə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda tanış olduğundan, sonralar onunla əməkdaşlıq edərək yeni film lentə aldığından bəhs etdi. Sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, Xalq yazıçısı Çingiz Abdullayev, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu çıxış edərək yubilyar haqqında ürək sözlərini çatdırdılar. Xalq yazıçısı Natiq Rəsulzadə yekun olaraq, tədbirin təşkilinə görə Azərbaycan Dövlət Film Fonduna, Azərbaycan Kinematoqrafçılar İttifaqına və bütün tamaşaçılara təşəkkürünü bildirdi.
Tədbirin sonunda N.Rəsulzadənin ssenarisi əsasında çəkilmiş “Yaşa, qızıl balıq” və “Vahimə” qısametrajlı bədii filmləri nümayiş etdirildi.