Aktyor Tələt Rəhmanovun doğum günüdür

İstedadlı kinoaktyor Tələt Rəhmanovun adı çəkiləndə ilk növbədə göz önünə baməzə, komik rolları, bəzən heyrətdən, bəzən təəccübdən, bəzən də maraq və sevincdən böyümüş gözləri, şaqraq səsi, özünəməxsus ifa tərzi, xarakterik rolları gəlir. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 80-ə yaxın filmdə (aktyor və film direktoru kimi) çalışan, 60-a yaxın filmdə canlandırdığı irili-xırdalı rollarını özünəməxsus ifa tərzi ilə sevdirən, yaddaşlara yazan tanınmış kino xadiminin anadan olmasından (12.12.1931) 93 il ötür. Sənətinə daim böyük sevgi və məsuliyyətlə yanaşan, xatirəsi əziz tutulan Tələt Rəhmanovun həyat yoluna, sənət dünyasına nəzər salırıq.

Məslək alın yazısıdır. Doğru seçilən peşə seçimi həyatının nicatına çevrilir. Bəzi hallarda özündən əlavə cəmiyyət üçün gərəkli sahəyə, mühüm məqsədə dönür, vacib məsələlərin həllinə yönəlir.

Azərbaycan kinosunda aktyor, film direktoru, rejissor assistenti kimi çalışan, əməksevərliyinə görə həmkarlarının, istedad və bacarığına görə geniş tamaşaçı auditoriyasının rəğbətini qazanan Tələt Rəhmanovu da kinoya həyat yolunun dolanbac cığırları, qarşılaşdığı müəyyən çətinliklər gətirib. Sənətinə bağlanan bacarıqlı kino işçisi ömrünün sonuna kimi kinematoqrafa sadiq qalıb, kinostudiyanı ikinci evi, ümid yeri bilib.

Tələt Əliağa oğlu Rəhmanov 1931-ci il dekabr ayının 12-də İçərişəhərdə dünyaya gəlib. Ailələrində üç (iki oğlan, bir qız) övlad böyüyüb. Kiçik yaşlarından ataları repressiya qurbanı olan uşaqlar analarının himayəsində qalıb. Orta məktəbi bitirən Tələt Rəhmanov Neft Akademiyasına qəbul olunsa da, burada atası xalq düşməni adlandırıldığından ali təhsil ocağını tezliklə tərk etməyə məcbur olub, bir müddət sonra Teatr Texnikumuna daxil olub.

Gənc yaşlarından “Azərbaycanfilm” kinostudiyasında çalışıb, filmlərdə (“Mozalan” süjetləri daxil olmaqla) irili-xırdalı müxtəlif xarakterli rollarda çəkilib. Ekran personajlarının çoxu epizod olsa da, özünəməxsus ifa manerasına, fərdi yaradıcılıq üslubuna görə ekran personajlarını xarakterik, dolğun yaratmağa müvəffəq olub. Filmlərdə çəkilməklə yanaşı, tədricən film direktoru, rejissor assistenti kimi də çalışıb. Ona tapşırılan hər bir işin öhdəsindən bacarıqla gəlib, zəhmətkeşliyinə, baməzə, mehriban cəhətlərinə görə kollektivin sevgisini qazanıb. Kinoya çəkilmək həvəsi məşhur filmlərdə rol almasına, istedad və zəhmətkeşliyi isə oynadığı personajları yaddaqalımlı etməsinə imkan yaradıb.

“Arşın mal alan” (1965) kinokomediyasında Vəli, “Alma almaya bənzər” kinokomediyasında milis işçisi, “Əhməd haradadır?” kinokomediyasında kənd sakini, “Yenilməz batalyon” kinodramında furqon sahibi, “Uzaq sahillərdə” bioqrafik müharibə filmində xidmətçi, “Sehrli xalat” fantastik nağıl filmində milis işçisi, “Qayınana” musiqili kinokomediyasında Əli, “Əmək və qızılgül” kinodramında inzibatçı, “Şirbalanın məhəbbəti” musiqili kinokomediyasında Nazlının dayısı, “Kişi sözü” musiqili komediyada ferma müdiri Bayandur və digər filmlərdə yaddaqalan rollar yaradıb. Bir çox “Mozalan” satirik kinosüjetlərində maraqlı obrazlar ifa edib. Müxtəlif xarakterli ekran personajlarını (“Yol əhvalatı” elçi gələn-aktyor Rahib Əliyev, “Şeytan göz qabağında” bazar müdiri-aktyor Nadir Əliyev və s.) peşəkarlıqla səsləndirib. “Nizami”, “Babək”, “Qatır Məmməd”, “Təxribat”, “Xüsusi vəziyyət” və digər filmlərdə film direktoru kimi çalışıb, filmlərin ərsəyə gəlməsində bilik və bacarığını əsirgəməyib.

Sənətə olan dərin sevgisi, məsuliyyəti sayəsində kinostudiyada böyük hörmət sahibi olan Tələt Rəhmanov rollarını içdən, inandırıcı təqdim etməklə tamaşaçıların qəlbinə yol tapıb. Aktyorun “Arşın mal alan” filmində oynadığı Vəli obrazını xatırlamaq kifayət edir ki, bəy evində çalışan sadə ev xidmətçisinin baməzə, səmimi xüsusiyyətləri fonunda cərəyan edən hadisələrin komik məzmununun məntiqini anlayaq, vəziyyət və xarakter komediyasının mahiyyətini dərk edək. Özünəməxsus ifa maneraları ilə rollarını fərqli şəkildə təqdim edən aktyor hər bir personajın səciyyəvi cəhətlərini məharətlə tanıdıb, istək və məqsədlərini bəyan etməyə nail olub.

“Əmək və qızılgül” kinodramında inzibatçı rolu kiçikplanlı olsa da,  personajın fikri, məqsədi, cərəyan edən hadisələrə münasibəti ifadə və jestlərindən aydın olur, aktyorun daxili duyumu, emosiyası rolun fərdi cəhətlərini tanıdır.

Onu da qeyd edək ki, film direktoru kimi rejissorların tələb və tapşırıqlarını operativ şəkildə yerinə yetirən Tələt Rəhmanov görkəmli kinorejissorlardan Tofiq Tağızadənin, Əlisəttar Atakişiyevin, Şamil Mahmudbəyovun və digərlərinin quruluş verdiyi ekran əsərlərində fərdi dəst-xəttinə uyğun koloritli obrazlar yaradıb.

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin çəkdiyi “Yenilməz batalyon” filmində aktyorun oynadığı kiçikplanlı furqon sahibi rolu filmdəki ziddiyyətlərin kəskinləşməsinə səbəb yaradan obrazlar sırasındadır. Sadə və kasıb kəndli furqonunu qonşusuna müvəqqəti olaraq həvalə edir. Ancaq bir müddət sonra  acgözlüyünə, acizliyinə görə qonşusunu uryadnik və onun əlaltılarına şikayət edir, ələ verir. Personajın sakit görkəmi fonunda məkrli, satqın xüsusiyyətlərini ustalıqla bəyan edən aktyor mövzunun ideyasına, janrın əhval-ruhiyyəsinə uyğun vəziyyəti ustalıqla yaradıb, xırda rol çərçivəsində hadisələrin axıcılığına rəvac verib.

“Azərbaycanfilm” kinostudiyasında çalışdığı vaxtdan (1950-ci illərdən)  ömrünün sonunadək nəhəng sənət məbədini doğma məkanı, ocağı  bilən, ona tapşırılan hər biri işin öhdəsindən bacarıqla gələn, həmçinin hər bir kino obrazını sevə-sevə canlandıran Tələt Rəhmanov sevgi ilə bağlandığı, xoş rəftarı, insansevərliyi ilə gözəlləşdirdiyi dünya ilə 1995-ci ilin noyabr ayının 1-də vidalaşdı. Şəxsi xarakterindən, nikbin əhval-ruhiyyəsindən pay böldüyü rolları, mehriban xüsusiyyətinə görə rəğbətini qazandığı doğmaları, həmkarları tərəfindən xatirəsi daim əziz tutuldu, unudulmadı.

Dövlət Film Fondu