Tanınmış kinorejissor Fikrət Əliyevin 85 illik yubileyidir. Unudulmaz kino xadiminin əziz xatirəsi kinosevərlər üçün həmişə əzizdir.
Fikrət Əliyevin rejissorluq fəaliyyətindən söz düşəndə ilk növbədə Xalq yazıçısı Elçinin ssenarisi əsasında quruluş verdiyi, “Ömrün səhifələri” kinoalmanaxına daxil edilmiş “Baladadaşın ilk məhəbbəti” qısametrajlı bədii filmi yada düşür. Film ekranlara çıxdıqdan sonra rejissora geniş şöhrət qazandırdı. Aktyorlarla işləmək məharətini göstərməklə yanaşı, mövzunu dərindən hiss etmə qabiliyyətini, insan psixologiyasını, davranış və düşüncəsini emosional səpkidə təqdim etmək bacarığını təsdiqlədi. 50 il ötməsinə baxmayaraq, məhəbbət dramı bu gün də uğurlu ekran taleyini yaşamaqdadır.
Yay mövsümündə, Bakı bağlarının birində Baladadaşın ilk sevgisindən və cavabsız qalan eşqinin nisgilindən lirik-poetik dildə bəhs edən mövzuya rejissorun ürəkdən yanaşması, hadisələri mənəvi əsaslar üzərində qurması, həssas nüanslarla təqdim etməsi heç də təsadüfi deyildi. Çünki yüksək mənəvi dəyərlərə malik olan Fikrət müəllim özü də Bakıda anadan olmuşdu (12.12.1939), filmlərimizdə xüsusi şövqlə vəsf edilən Abşeron torpağında böyüyüb boya-başa çatmışdı. Görkəmli kinorejissor Həsən Seyidbəylinin onların qonşuluğunda yaşaması isə, Fikrət Əliyevin kinoya həvəsini daha da artırmış, həyatını bu sənətə həsr etməsinə səbəb olmuşdur.
1966-cı ildə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirən gənc kinematoqrafçı həmin ildən etibarən Adil İsgəndərovun məsləhəti ilə “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlamışdır. Bir neçə filmdə aktyor kimi çəkildikdən sonra (Murad-“Torpaq.Dəniz.Od.Səma”, mühəndis-“İnsan məskən salır” /həmçinin rejissor assistenti/, Şamxal-“Dəli Kür”) “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Ürək…ürək…” (Adil İsmayılovla birgə), “Arvadım mənim, uşaqlarım mənim” və digər filmlərdə ikinci rejissor kimi çalışmışdır.
Daim yaradıcılıq axtarışında olan, qəlbi yeni-yeni ekran əsərləri ərsəyə gətirmək eşqi ilə çırpınan gənc rejissor kino təhsilini təkmilləşdirmək məqsədi ilə 1972-ci ildə Moskvaya getmiş, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun iki illik Ali ssenari və rejissorluq kurslarını bitirmişdir. Vətənə qayıtdıqdan sonra kinostudiyada fəaliyyətini davam etdirmiş, müstəqil olaraq “Mozalan” satirik kinojurnalı üçün kinosüjetlər çəkmişdir. “Vərdiş” (№7), “Tikilir, amma” (№ 10), “İki dəfə iki” (№ 11), “Telefon sərgüzəştləri” (№ 12), “Akt və fakt” (№ 41), “Əldən qalan” (№ 64), “Ay yalan” (№ 66), “Toxunma partlayar” (№ 69), “Bişmiş toyuğun gülməyi” (№ 77), “Tüstü” (№ 82) və digər süjetləri ekranlaşdırmışdır.
Ədəbi əsərlərə peşəkar yanaşması ilə kino salnaməmizi zənginləşdirən Fikrət Əliyev 1980-ci ildə yazıçı İbrahim bəy Musabəyovun “Neft və milyonlar səltənətində” povestinin motivləri əsasında ilk tammetrajlı filmini, “Qızıl uçurum” kinodramını çəkdi (kinodram ilk dəfə 1916-cı ildə kinorejissor Boris Svetlov tərəfindən ekranlaşdırılmışdı). Yaradıcı heyətin peşəkarlığı sayəsində ekran əsəri geniş tamaşaçı rəğbəti qazandı, respublikamızda və ümumittifaq məkanda uğurla nümayiş etdirildi. Vilnüsdə keçirilən XIV Ümumittifaq kinofestivalda Fikrət Əliyevə uğurlu debütə görə mükafat verildi.
Fikrət Əliyev həmçinin “Qoca palıdın nağılı” (Hüseyn Mehdiyevlə birgə), “Yuxu”, “Ölüm növbəsi”, “Axırıncı dayanacaq” filmlərinə quruluş verib, düşündürücü mövzulara müraciət etməklə müxtəlif dövr müasirlərinin məqsədlərini, sosial durumlarını ekrana gətirib, onu narahat edən bir sıra məsələlərə toxunub. İdeya-məzmun cəhətdən dolğun, aydın ekran əsərləri təqdim etməyə nail olub.
İstedad və bacarığını ömrünün sonunadək (08.03.2016) kinoya sərf edən rejissor səmərəli fəaliyyətinə görə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Ən əsası isə yüksək sənət duyumuna, yaradıcılığında ictimai şüurun dirçəlmə və dərinləşmə prosesini əsas götürdüyünə, insanpərvər mövqe nümayiş etdirdiyinə, həyatda mülayim, mehriban xüsusiyyətlərinə görə müasirlərinin xatirəsində dərin iz salıb.
Dövlət Film Fondu