Əməkdar incəsənət xadimi Fikrət Əliyevin 85 illik yubileyi qeyd olundu

Dekabrın 27-də Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə tanınmış kinorejissor Fikrət Əliyevin 85 illik yubileyi münasibətilə xatirə gecəsi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.

Xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Fikrət Əliyevin yaradıcılığı haqqında məlumat verdi, onun Azərbaycan kinosunda Abşeron mövzusuna xüsusi münasibətinin olduğunu qeyd etdi. Sonra Xalq artistləri Əbdül Mahmudov, Şamil Süleymanlı, Əməkdar artist Ruhəngiz Musəvi tanınmış rejissor haqqında xatirələrini bölüşdülər.

Tədbirin sonunda 2019-cu ildə “Aranfilm” studiyasında istehsal olunmuş, kinorejissor Fikrət Əliyevə həsr edilmiş “Məni izləyən müəmma” filmi (rej. Babək Abbaszadə) nümayiş etdirildi.