Kamil Nəcəfzadə – 95

Kino sənətinin inkişafında, formalaşmasında, hadisələrin dolğun, inandırıcı təsvirində kino rəssamlarının rolu böyükdür. Xalq rəssamı Kamil Nəcəfzadənin də kino sənətimizin inkişafında xidmətləri var. Çoxşaxəli fəaliyyəti dövründə dəzgah rəngkarlığı və qrafikası sahəsində də çalışan, teatr tamaşaları üçün bədii tərtibat verən istedadlı rəssamın əsərləri dünyanın bir çox ölkəsində nümayiş etdirilib, sənətsevərlərə estetik zövq verib. İstedadlı rəssamın 95 illik yubileyidir.

Kamil Nəcəf oğlu Nəcəfzadə 1929-cu il dekabrın 29-da Lənkəran şəhərində dünyaya göz açıb. 1948-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsini bitirib.

Kamil Nəcəfzadə kinoda ilk dəfə “Qara daşlar” filmində rəssam kimi çalışıb. Dənizdən neft çıxarılması uğrunda mübarizə aparan, bir sıra çətinliklərlə qarşılaşan neftçilərin həyatının, əmək fəaliyyətinin dolğun təqdimatı üçün düzgün, əsaslı məkan və dekorativ təsvirlərin quruluşunu yaradıb. Bundan sonra 40-dan artıq filmin bədii tərtibatını doğru müəyyənləşdirməklə müxtəlif zamana və məkana aid hadisələrin məzmun tamlığını təmin edib, zəngin biliyinə, geniş həyat müşahidəsinə əsasən fundamental təsvir predmetlərinin yaranmasına müvəffəq olub.

Rəssamın çalışdığı filmlər sırasında məzmun dərinliyinə, mürəkkəb strukturuna görə seçilən filmlər çoxdur. Belə filmlərdən biri də “Bir məhəllədən iki nəfər” kinodramıdır (Elbəy Rzaquliyev və Məmməd Hüseynovla birgə). Filmdə XX əsrin əvvəllərində şərq ölkələrinin birində baş verən ictimai-siyasi hadisələrdən, insanların sosial şəraitindən, filmin baş qəhrəmanlarının iqtisadi-mədəni dirçəliş uğrunda apardıqları mübarizədən bəhs edilir.

Dövrün acınacaqlı şəraitini, insanların kədərli həyat tərzini əks etdirən filmdə dekorativ və natura təsvirləri mövzunun ahənginə uyğun şərtləndirilib. Sinfi bərabərsizliyi səciyyələndirən məkanlar, mizanlar məzmunla uzlaşdırılaraq maraqlı və uğurlu təsvir həllinin yaranmasına səbəb olub.

Ölkədə və respublikadan kənarda geniş şöhrət qazanan “Uzaq sahillərdə” müharibə dramında rəssamın doğru müəyyənləşdirdiyi (Cəbrayıl Əzimovla birgə) interyer və eksteryerlər hadisələrin dövrlə əlaqəsini uzlaşdırır, münaqişə və münasibətlərinin mənbəyini açıqlayır. Məzmuna uyğunlaşdırılmış təsvirlər dövrün ab-havasını hiss etdirir, vəziyyətin gərginliyini çatdırır. Bundan başqa o, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Əmək və qızılgül”, “Ulduz”, “Sən niyə susursan?”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Var olun, qızlar”, “Səmt küləyi”, “Ad günü”, “Qızıl uçurum”, “Birisigün gecəyarısı”, “Atları yəhərləyin”, “Bağ mövsümü” və digər bədii filmlərin, “Abşeron ritmləri” (1970) film-konsertinin quruluşçu rəssamı olub.

40-a yaxın ekran əsərində çalışan, daim yaradıcılıq axtarışında olan, dəqiq həyat müşahidəsinə, düzgün seçimlərinə görə hadisələrin təsvir həllinin uğurlu alınmasını təmin edən, istedad və bacarığına əsasən filmlərin bədii keyfiyyətinin artmasına, ümumilikdə kinomuzun inkişafına təkan verən Kamil Nəcəfzadə sənətdəki xidmətlərinə görə 1964-cü ildə Çeçen-İnquş Muxtar Respublikasının, 1976-cı ildə Azərbaycanın Əməkdar incəsənət xadimi, 1987-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. İki dəfə Azərbaycan Dövlət mükafatı laureatı (1980, 1986) olub, 1999-cu ildə “Şöhrət” ordeni ilə təltif edilib.

2011-ci ilin 29 iyun tarixində, 82 yaşında dünyasını dəyişib.

Dövlət Film Fondu