Unudulmaz aktyor Sadıq Hüseynov Azərbaycan səhnəsində və kinosunda özünəməxsus yaradıcılıq nümayiş etdirən, hər bir rolunu realist səpkidə tamaşaçılara çatdıran, sənətlə izləyici arasında daxili dialoq qurmağı, düşündürməyi bacaran aktyorlarımızdandır. Teatr səhnəsində və kamera qarşısında həddən artıq sərbəst, səmimi oyun nümayiş etdirən aktyor irili-xırdalı rollarının həyat mövqeyini düşüncəsini, məqsəd və məramını fərdi sənət taktikasına uyğun şəkildə, özünəməxsus üslubda çatdırıb. Realist fəaliyyəti, maraqlı ifa tərzi ilə də çoxsaylı tamaşaçı qəlbində iz salıb, ömrü boyu sənətin fövqündə dayandığı üçün dərin minnətdarlıq hissi yaradıb. Bu mənada sənət fədailərinin fəaliyyət dövrü, yaradıcılıq bioqrafiyası onların daim ehtiramla yad olunmasına, xatirələrinin hörmətlə anılmasına əsas verir.
Sadıq Hüseynov 1924-cü il dekabrın 29-da Kürdəmirin Atakişili kəndində anadan olub. Atası Ömər kişi rayonun sayılıb-seçilən adamlarından idi, pambıq məntəqəsində müdir vəzifəsində çalışırdı. Anası Qəmzə xanım isə evdar qadın kimi altı uşağın (3 qız, 3 oğlan) təlim-tərbiyəsi ilə məşğul olurdu. Sadıq Hüseynov Kürdəmir rayonunun 1 saylı orta məktəbində (1931-1941) təhsil alıb. Üçüncü sinifdə oxuyarkən əmisi Soltan onu rayon Mədəniyyət evində Abdulbağı Bağıyevin təşkil etdiyi xalq teatrının səhnələşdirdiyi Ə.Haqverdiyevin “Dağılan tifaq” tamaşasına aparıb. Tamaşanın sonunda qəribə bir hadisə baş verib. Əsərin qəhrəmanı xəncəri götürüb özünü vuranda kiçik Sadıq qışqıraraq zalı tərk edib. Əmisi ondan bunun səbəbini soruşanda o, bu hərəkətini aktyora və tamaşaya olan sevgisinə görə etdiyini bildirib. Beləcə kiçik yaşlarından səhnəyə aşiq olan gələcəyin məşhur aktyoru dördüncü sinifdə oxuyarkən xalq teatrına üzv yazılıb, bir çox tamaşalarda müxtəlif rollar oynayıb. Yuxarı siniflərdə oxuyarkən səhnəyə daha çox bağlanıb. Yazıçı, dramaturq Cəfər Cabbarlının “Aydın” əsərində Aydın, “Sevil”də Balaş, Ə.Haqverdiyevin “Dağılan tifaq” əsərində Nəcəf bəy və digər maraqlı, rəngarəng obrazlar yaradıb, özü ilə bərabər həmyaşıdlarını da sənətə, səhnəyə həvəsləndirib.
Xalq teatrının səhnəsi aktyorluq məsləyinin başlanğıcı olan Sadıq Hüseynovun gəncliyi ağır illərə təsadüf edib. Orta təhsili başa vurandan sonra o, Cəyilli kənd orta məktəbində bir il müəllimlik edib. 1942-ci ildə digər həmyaşıdları kimi müharibəyə gedib. Ayağından ağır yaralandığına görə hospitalda bir müddət müalicə olunub. Müharibədən sonra Kürdəmir radiosunda çalışıb, ara-sıra mətbuatda məqalələrlə çıxış edib.
İstedadı ilə ətrafdakıların diqqətini çəkən gənc 1949-cu ildə M.Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə daxil olub. 1951-ci ildə isə görkəmli rejissor Aleksandr Tuqanovun məsləhəti ilə ekstern yolu ilə imtahan verərək aktyorluq fakültəsinə keçirilib. Ali təhsil ocağında müəllimləri Kazım Ziyadan, Rza Təhmasibdən sənətin sirlərini öyrənib. Tələbəlik illərində bir müddət Azərbaycan radiosunda diktor kimi çalışıb, radio tamaşalarında çıxış edib. 1952-ci ildə institutu bitirərək Gənc Tamaşaçılar Teatrına aktyor kimi işə qəbul olunub. Teatrın səhnəsində yazıçı Mir Cəlalın “Bir gəncin manifesti” əsərində Yəhya, S.Vurğunun “Fərhad və Şirin” pyesində Şuriyə, bir çox nağıl tamaşalarında qəhrəman obrazları yaradıb. Elə həmin ildə də görkəmli rejissor və aktyor Adil İsgəndərovun dəvəti ilə Azərbaycan Dövlət Akademik Dram Teatrına gəlib. Bu teatrda onlarla xarakterik və yaddaqalan obraz yaradıb: “Vaqif”də (S.Vurğun) Vidadi, “Pəri cadu”da (Ə.Haqverdiyev) Əcinnə, “Qəribə adam”da (N.Hikmət) Əli, “Məkr və məhəbbət”də (F.Şiller) Müller və s.
Sadıq Hüseynov “Azərbaycanfilm” kinostudiyasında ümumilikdə 100-ə yaxın bədii film və “Mozalan” kinojurnalının süjetlərində çəkilib, eyni zamanda yerli və xarici ekran əsərlərinin səsləndirilməsində iştirak edib. Kinostudiyaya görkəmli kinorejissor Ağarza Quliyevin dəvəti ilə gəlib. Ağarza müəllim 1956-cı ildə çəkdiyi “Qara daşlar” filmində mühəndis obrazını səsləndirmək üçün ahəngdar səsə malik olan aktyoru dublyaj studiyasına dəvət edib. Bundan sonra kinorejissorlar aktyorun ifadəli səsindən öz filmlərində məharətlə istifadə ediblər. Onun “Aygün” filmində müəllim, “Matteo Falkone”də serjant, “İstintaq davam edir”də milis nəfəri, “Onun böyük ürəyi” filmində Rəcəb, “Telefonçu qız”da Zakirin atası, “Yeddi oğul istərəm”də axund Şirəli və başqa obrazları səsləndirməsi personajlara, sözün əsl mənasında, ikinci həyat verib. Aktyorun səsləndirdiyi epizodik rolların belə mövqeləri aydın tələffüzün, qüsursuz, bəzən də amiranə diksiyanın fonunda dəqiq çatdırılıb.
Bəzi hallarda o, bir filmdə çəkilib, həmçinin digər obrazı səsləndirib. Məsələn, kinorejissor Eldar Quliyevin çəkdiyi “Bir cənub şəhərində” filmində aktyor ruhi xəstə Babaş (epizod) rolunu oynayıb, həmin filmdəki Mustafa (milis işçisi) obrazını isə səsləndirib. Çılğın Babaş həyatın oyuncağına çevrilən xəstə, Mustafa isə ailə-məişət problemləri qarşısında aciz qalan obrazlardır. Bu obrazların fərqli və oxşar cəhətləri çoxdur. Babaş ətrafında baş verənləri başa düşmədiyinə, Mustafa isə, tam əksinə, yaxşı başa düşdüyünə görə susur. O, həyat yoldaşının deyingənliyindən bezən, buna görə də qonşular yanında ciddi simasını qoruya bilməyən, vaxtının çoxunu qəzet oxumaqla keçirən, baş verən xoşagəlməz hadisələri görməzliyə vuran personajdır. Lakin Mustafanın (aktyor S.Həsənzadə) mədəni mühitə, əmin-amanlığa olan ehtiyacını, ailəsinin və ətrafının görmək istəmədiyi daxili müdrikliyini səsindən duymaq mümkündür. Mənalı və obrazlı səs susqun, təmkinli rolu dolğun, xarakterik şəkildə təqdim edir.
İstedadlı aktyor sənətdə göstərdiyi xidmətlərə görə 1974-cü ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb. Bu illərdə kinoya daha çox dəvət alan aktyor teatr fəaliyyətini 1976-cı ilə qədər davam etdirib. Çünki 50-ci illərin sonundan etibarən kinoda çoxşaxəli yaradıcılıq nümayiş etdirən Sadıq müəllim həmin ildə “Azərbaycanfilm” kinostudiyasının direktoru Adil İsgəndərov və kinostudiyada yeni açılmış kino aktyoru teatrının bədii rəhbəri Leyla Bədirbəyli tərəfindən bu teatra dəvət edilib. Orada hazırlanan əsərlərdə rol alıb, hətta Sabit Rəhmanın “Xoşbəxtlər” tamaşasına da quruluş verib. Sonradan kinoaktyor kurslarının birinə rəhbərlik edib.
Sadıq Hüseynov kinostudiyadan 1987-ci ildə ayrılsa da, sonralar dəvət aldığı filmlərə məmnuniyyətlə çəkilib, səsinə və yaşına uyğun personajlara uğurlu ekran taleyi bəxş edib. Bununla bərabər televiziya və radio ilə sıx əməkdaşlıq edib. Televiziyada R.Kazımovski, R.Həsənoğlu, M.Bədirzadə, Ə.Kazımovski, T.Vəliyev və digər istedadlı rejissorların quruluşlarında hazırlanan tamaşalarda rol alan aktyor “Hekayə axşamı”, “Klassik irsimizdən”, “Lirika dəftərindən” və balacalar üçün hazırlanan “Sizə kimdən deyim”, “Sehrli güzgü” verilişlərində çıxış edib.
“Sehrli güzgü” verilişində yaratdığı Savalan baba obrazı onu uşaqlı-böyüklü çoxsaylı tamaşaçıya sevdirdi. 70-ci illərin ortalarında Azərbaycan radiosunda yayımlanan “Biləyən” verilişində yaratdığı Savalan baba obrazı uzun illər dinləyicilərin sevimlisinə çevrildi. 1988-ci ildə Azərbaycan televiziyasının uşaq verilişləri baş redaksiyasına dəvət olunan aktyor “Sizə kimdən deyim” verilişində yenidən Savalan baba obrazı ilə tamaşaçıların görüşünə gəldi. Onun mavi ekrandan uşaqlara səmimiyyətlə ünvanladığı “gözümün işığı”, “evimin yaraşığı” kəlmələri övladlarına müdrik kəlamı, ibrətamiz nəsihəti ilə sığal çəkən valideyn himayədarlığını, qayğıkeşliyini təcəssüm etdirirdi.
Sadıq Hüseynovun səmimi ifasında təqdim olunan Savalan baba obrazı əsl el ağsaqqalı idi. O, sənətinə və insanlara olan sevgisini məsləyində aydın göstərirdi. Taleyin qəribə təsadüfünə bax ki, sənətkar məhəbbətlə bağlandığı, ətrafındakıları sevgisi ilə əhatə etdiyi dünyasını da 2003-cü ilin 1 iyun tarixində, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə dəyişdi.
Biz tamaşaçılar onu böyük istedada mailk aktyor kimi xatırlayırıq. Çoxlarının qəlbində, yaddaşında isə o, səmimi insan, ustad sənətkar kimi qalıb.
Dövlət Film Fondu