Respublikanın Xalq artisti, Stalin (1946) və Azərbaycan Dövlət (1972) mükafatları laureatı Leyla Bədirbəylinin 105 illik yubileyidir.
Azərbaycan kinosunda ana, nənə, nəcib və mehriban cəhətlərinə görə seçilən qadın rollarının mahir ifaçısı Leyla xanımın sənətə gəlməsi təkcə onun yox, Azərbaycan rəqs, teatr və kino sənətinin uğuru, nailiyyəti idi. Bu mənada aktrisanın varlığını xatırlamaq kifayət edir ki, incəsənətimizin inkişafındakı xidmətləri yada düşsün, rolları minnətdarlıq hissi ilə xatırlansın.
Kinosevərlərin dərin sevgisini qazanan Leyla Bədirbəyli Azərbaycanın görkəmli sənətkarlarındandır. Onun teatr və kinoda özünəməxsus üslubda canlandırdığı dolğun ekran obrazları müxtəlif dövr müasirləri, onların məişətdəki rolu, fərdi xüsusiyyəti, ətrafdakılarla olan münasibəti haqqında ətraflı məlumatlanmağımıza əsas verib. Rolların təfsirində o, humanistliyi, qayğıkeşliyi, ailə dəyərlərinin üstünlüyünü, qadın zərafətinin, mehribanlığının labüdlüyünü həyat mövqeyindən çıxış edərək vurğulayıb. Ekran personajlarının müsbət fərdi cəhətləri, cazibədar görünüşü, təbii gözəlliyi, həyat hadisələrini dəqiq təhlil etmə və həssas yanaşma bacarığı şəxsi münasibətinin göstərici olaraq realizə edilib.
Leyla Bədirbəylinin sənət seçimi təsadüfi yox, illərin istəyi, arzusu idi. Anası Bikə xanımın Əli Bayramov klubuna – qadınların dərnəyinə tez-tez getməsi qızının taleyini də incəsənətə bağlamasına səbəb olub. Leyla xanım peşəkar səhnəyə 16 yaşında çıxıb. 1937- 1942-ci illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olub. 1942-1975-ci illərdə Azərbaycan Akademik Dövlət Dram Teatrında fəaliyyət göstərib. Teatrın repertuarında olan tamaşalarda baş və aparıcı rollarda oynayıb.
Kinoda debüt rolunu “Dəcəl dəstə” (1937) filmində ifa edib, Anna Pavlovna obrazını canlandırıb. Daha sonra görkəmli kinorejissorlardan Rza Təhmasib, Hüseyn Seyidzadə, Şamil Mahmudbəyov, Tofiq Tağızadə, Əjdər İbrahimov, Tofiq İsmayılov və başqalarının ekranlaşdırdıqları filmlərdə Leyla xanımın yaradıcılığından məqamında və zamanında istifadə etməklə Azərbaycan qadınının tipik cəhətlərini yaratması üçün böyük həvəslə onu filmlərinə dəvət ediblər. Aktrisa özü də ona verilən şansdan bacarıqla yararlanıb, ekran obrazlarının təfsirində müxtəlif dövr müasirlərinin xüsusiyyət və psixologiyasını maraqlı, orijinal jestlərlə təqdim edib.
1942-ci ildə görkəmli sənətkar Adil İsgəndərovun dəvəti ilə Milli Dram Teatrına işə götürülən Leyla xanım teatrın səhnəsində daha çox dramatik rollar oynayıb. İl-ildən püxtələşən yaradıcılıq potensialını bir müddət sonra kinoya sərf edib. İlk kino obrazından aktrisanı sevən böyük tamaşaçı auditoriyası onu gözəllik, insanlıq mücəssəməsi kimi qəbul edərək yaradıcılığının ardıcıllığını səbirsizliklə gözləyib. Bu mənada milyonların sevgisi ilə əhatələnən aktrisanı xoşbəxt sənətkar adlandırmaq olar. Leyla xanım demək olar ki, kinoda gəncləşdi, kino rolları ilə sevildi, kino ilə yaşadı, kinoda yaşlandı. Ekran obrazlarına yansıyan istedadı tədricən daha da parladı, püxtələşdi, hər görünüşündə sənətsevərlərə böyük sevinc, sevgi bəxş etdi.
Aktrisanın 1945-ci ildə görkəmli sənətkar Rza Təhmasibin quruluş verdiyi “Arşın mal alan” filmində canlandırdığı Gülçöhrə obrazı ona dünya şöhrəti qazandırdı. Bu rola görə o, 1946-cı ildə Stalin mükafatına (bir neçə sənət yoldaşı ilə birgə) layiq görüldü.
Ümumiyyətlə, Leyla Bədirbəylinin kino rolları əsasən müsbət cəhətli personajlardır. Bunu aktrisanın şəxsi cəhətləri ilə də əlaqələndirmək olar. Yüksək peşəkarlıqla təqdim etdiyi müdrik, qayğıkeş, mehriban ana və nənə rolları tamaşaçıların hər bir zaman ehtiyac duyduğu personajlardır. Aktrisanın səmimi təbəssümünün, mimika cizgilərinin, aydın diksiya və intonasiyasının dolğunluq gətirdiyi rolların uğuru onun həyat təsəvvürlərinin təzahürüdür. Bu mənada müxtəlif janrlı, fərqli xarakterli irili-xırdalı rolların yadda qalımlı, uğurlu alınmasını o, şansa yox, istedadına, sənət sevgisinə hesablamışdı.
“Qanlı zəmi” filmində kəndli qadın rolu aktrisanın mülayim, mehriban xüsusiyyətlə canlandırdığı personajdır. Kiçik bir epizodda görünən nurani qarının utancaq, qonaqpərvər cəhətləri xoş təsir bağışlayır, təbəssüm və sevgi ilə qəbul olunur. Aktrisanın rolun yaşına, həyat durumuna uyğunlaşdırdığı səs tembri, intonasiyası, mehriban baxışı, səmimi sözləri ekran əsərinin bədii tempinə, filmin keyfiyyətinə təkan verir, ideya məzmununu gücləndirir, personajlar arasındakı münasibəti (Nəbi və kəndli qoca) yumşaldır, filmin dramatik gərginliyini azaldır, müəlliflərin fikirini çatdırır. Beləliklə də kiçik planlı rol ifaçısı peşə biliciliyi sayəsində tamaşaçı auditoriyasını genişləndirir, filmin baxımlılığını artırır.
Ümumiyyətlə, aktrisanın maraqlı, nazlı-qəmzəli improvizələri fərqli yaş və psixologiyaya aid rollarının işvəsini, ifadə tərzini zənginləşdirir, personajın xarakterini dəqiq müəyyənləşdirir, jestlər hədəfli ifadə obyekti kimi rolun uğruna hesablanırdı. Məsələn, “Qəzəlxan” filmində aktrisanın oynadığı makinaçı Qönçə gərgin hadisələrlə bol olan epizodlardan müəyyən qədər kənarlaşmağa səbəb yaradan obraz təsiri bağışlayır. İlk baxışda ciddi xarakterli görünən Qönçənin əslində məzəli xüsusiyyətləri, hadisələrə özünəməxsus baməzə yanaşması var. Ətrafında baş verən hadisələri diqqətlə izləyən, soyuqqanlı Qönçə ironik və çılğın xüsusiyyətlərini davranışları vasitəsilə göstərərək kiçik planlı rolun xarakter müxtəlifliyi zəminində yadda qalmasına nail olur. Bu mənada personajın həyat mövqeyini, hiss və duyğularını incələyən, cilalayan istedad sahibinin hər bir ekran görünüşü sevinc gətirir, düşündürür, filmlərin məzmun tamlığını sübut edir.
Aktrisanın kino yaradıcılığında psixoloji rollar da az deyil. “Çarvadarların izi ilə” filmində Məfruzə, “Gilas ağacı” kinodramında Müşafər nənə rolları sadə xarakterli və psixoloji təsirlidir.
“Çarvadarların izi ilə” filmində sıldırım qayalardan, dar cığırlardan keçərək qohumluq bağlarını qırmayan, gediş-gəlişlərini davam etdirən insanların torpağa, elə bağlılığı, adət-ənənələrə hörməti əks olunub. Doğmaları ilə görüşmək üçün görmə qabiliyyətini itirən, yaşlı Məfruzə nənəyə yolun təhlükəli olması maneə yarada bilmir. Ailə bağlarının möhkəmliyinə, mehribanlığına çalışan qadının təmkin və məntiqli monoloqları, dialoqları ilə tamaşaçını düşünməyə, nəticə çıxartmağa vadar edir.
“Gilas ağacı” filmində Qulam kişi və həyat yoldaşı Müşəfər nənənin müharibə illərində yaşadıqları niskilli həyat hekayəsindən bəhs edilir. Həmin illərdə aclıqdan əziyyət çəkən yaşlı qadın həyətlərində bitən gilasları qəndə, çaya dəyişir. Qulam kişi isə kəndin uşaqlarına ağacdan gilas dərməyə icazə vermişdi. Uşaqlar məhsulun satılmasından narahatdırlar. Axı gilas ağacı onları bir neçə gün aclıqdan xilas edəcəkdi. Qulam kişi ilə Müşafər nənə bir qədər azuqə əldə etsələr də, kənd sakinlərinin və uşaqların sevgisindən məhrum olurlar. Beləcə, müharibənin gətirdiyi maddi və mənəvi bəla qoca və qarını tərəddüd və vicdan əzabı içərisində yaşamağa məhkum edir.
Kinodramda Leyla xanımın yaratdığı Müşafər nənə obrazı filmin dramatizmini artırır, hadisələrin kədər yükünü çəkir, köməksiz, imkansız yaşlıların timsalında müharibəyə nifrət yağdırır. Aktrisanın özünəməxsus yaradıcılıq üslubu, təfəkkür tərzi, ifa zənginliyi dramatik rolun öhdəsindən bacarıqla gəlməsinə, personajın kimliyinin tanıdılmasına imkan yaradır.
Leyla xanım müsahibələrinin birində: “Hər şeydə gözəllik görənlər əbədilik qazanırlar”, – deyib. Uşaqlıq və gənclik dövrü çətinlik, müharibə, daha sonra quruculuq illərinə təsadüf edən Leyla Bədirbəyli özü də həyatın gözəlliyini, insanların xüsusiyyətlərində, nəcibliyində, müsbət cəhətlərində görüb. Özü də ömrü boyu sadiq qaldığı məsləyində insanpərvərliyi, əməlisalehliyi tərənnüm edib.
Leyla Bədirbəylinin zəngin həyat təcrübəsi, biliyi, bacarığı onu istedadlı aktrisa kimi milyonlara sevdirdi. Rollarının təfsirində daxili gözəlliyini, zərif xüsusiyyətini sənətinə yansıtdığına görə də şəxsiyyət tamlığını dönə-dönə təsdiqlədi, qəlblərdə, düşüncələrdə kök saldı.
Dövlət Film Fondu