Aktrisa Almaz Əsgərovanın doğum günüdür

Almaz Əsgərova fərdi yaradıcılıq üslubuna, fakturasına, incə, zərif davranışına və ekran obrazlarını inandırıcı canlandırdığına görə tez bir zamanda məşhurlaşan, sevilən, seçilən aktrisalarımızdandır. O, daha çox xatirəmizdə “Nəsimi” filmindən Şəms kimi canlansa da, digər kiçikhəcmli personajları ilə də kamera qarşısında sərbəst davranmağı, müxtəlif dövr personajlarını həmsöhbətimizə çevirməyi bacardığını təsdiqlədi, kino sənəti üçün yad olmadığını hər bir ifasında vurğuladı.

Bu mənada kino istedadları, sevdiyi simaları məşhurlaşdırır, yaddaşlara yazır. Qısa və nakam ömrünə böyük uğur sığdıran Almaz Əsgərova da unudulmayan, hörmətlə xatırlanan aktrisalarımızdandır. Aktrisanın həyat tarixçəsi ilə tanış olaq.

Almaz Əsgərova 1949-cu il yanvarın 23-də də Bakıda anadan olub. Atası Balabəy Əsgərəlioğlu SSRİ-nin Əməkdar ixtiraçısı, neft sənayesi mütəxəssisi, iki çağırış Bakı Sovetinin deputatı olub. Bir çox maraqlı elmi işləri ilə tanınıb. Anası Rəhimə xanım riyaziyyatçı kimi fəaliyyət göstərib, uzun müddət maliyyəçi işləyib.

Ailədə böyüyən 3 qız övladının böyüyü olan Almaz hələ kiçik yaşlarından gözəl rəsmlər çəkib, bu sənətlə maraqlanıb. Əzim  Əzimzadə adına rəssamlıq məktəbinə qəbul olunub, lakin bir müddət sonra təhsilini yarımçıq qoyub. Az sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olub. Həmçinin Moskvada kinorejissorluq ixtisasına yiyələnib. Bakıya qayıtdıqdan sonra görkəmli rejissor Adil İsgəndərovun kinostudiyanın nəzdində yaratdığı aktyorluq kursunda təhsil alıb, sənət bilgisini daha da təkmilləşdirib.

Almaz Əsgərovanın görkəmli sənətkarların əhatəsində olması,  onlardan doğru sənət istiqaməti alması kinoda qısa müddət ərzində parlamasına, tamaşaçıların diqqətini cəlb etməsinə səbəb olub. Kinoda ilk addımlarını atan gənc aktrisanın sənət duyumunu, potensialını görən kinorejissorlar onu filmlərinə dəvət edib, yaradıcılıq imkanlarını təsdiqləməsinə imkan yaradıblar.

Görkəmli kinorejissor Muxtar Dadaşovun “Qanun naminə” kinodramında debüt rolunu oynayan aktrisa XX əsrin əvvəllərində Azərbaycanın dağ kəndlərinin birində baş verən gərgin hadisələrdən, ictimai-sosial problemlərdən, rayona təyin olunan gənc prokurorun orada bir sıra çətinliklərlə qarşılaşmasından danışılır. Ziddiyyətli hadisələrin qurbanına çevrilənlərdən biri də briqadir Salamatovdur. Şərlənərək həbs olunan briqadirin ailə şəraiti, haqsızlıqla qarşılaşması, ailəsi və ətrafındakılar tərəfindən sevilməsi faktı kiçik epizodlarda əksini tapır. Onun həyat yoldaşı rolunu canlandıran Almaz Əsgərovanın dolğun, inandırıcı təqdimatında isə mühitinin və ailəsinin ağır vəziyyəti  (fiziki və mənəvi cəhətdən) aydınlanır. Kiçikplanlı rolun təfsirində günahsız həyat yoldaşının (Salamatovun) həbs olunmasından narahat olan, gənc prokurordan imdad diləyən, lakin onun da ədalətli olmasına şübhə edən aciz, küskün qadının nigaran, yorğun baxışları rolun mövqeyini açıq şəkildə ortaya qoyur. Öz dövrü və mühiti haqqında dəqiq təəssürat yaratmağa, çoxuşaqlı ananın çarəsiz durumunu, kədərli həyat tərzini çatdırmağa müvəffəq olur.

Aktrisanın bu və ya digər rolları ekran hadisələrinin inkişafına təkan verir, tərəf-müqabillərinin niyyət və məqsədlərinin səmimi izahına şərait yaradır.

Kinonun təsir gücünü ekran hadisələrinin inandırıcılığı təmin edir.  Buna zəmin yaradan isə birinci növbədə aktyorlardır. Səmimi jest və davranışlarında, incə, mülayim rəftarında qadın zərafətini, nəcib xüsusiyyətini təlqin edən aktrisa bir-birinin ardınca məzmunlu ekran əsərlərində çəkilib, o cümlədən “Bir cənub şəhərində”, “Ulduzlar sönmür”, “Bizim küçənin oğlanları”, “Ürək… Ürək…”, “Tacikfilm”in istehsalı olan “Rüstəm və Söhrab” və digər filmlərdə yaddaqalımlı rollar yaradıb, istedad və bacarığını təsdiqləyib.

Almaz Əsgərovanı tamaşaçılara daha çox sevdirən və məşhurlaşdıran kinorejissor Həsən Seyidbəylinin quruluş verdiyi “Nəsimi” tarixi-bioqrafik filmindəki Şəms roludur. Onu da qeyd edək ki, aktyor seçimində heç vaxt yanılmayan rejissor aktrisanı bu rola sınaq çəkilişi etmədən çəkib.

Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı İmadəddin Nəsiminin həyatına həsr olunan filmdə Şəms obrazı ayrıca xətt üzrə inkişaf etdirilib. Şəms dövrünün qadınlarından fərqli olaraq, cəsarətlidir. O, Nəsimiyə olan sevgisini büruzə verməkdən, yeri gələndə isə hürufi tərəfdarlarını müdafiə etməkdən çəkinmir.

Şəms saray mühitində yaşamasına, atası – saray məmuru Şeyx Əzəmin ciddi qanunları təsirində böyüməsinə baxmayaraq, həyatın mənasını cah-calalda, şan-şöhrətdə deyil, mənəvi zənginlikdə, ictimai bərabərlikdə, haqq-ədalətin mövcudluğunda görür. Şəms humanist düşüncələrin, insanlara gözəllik bəxş edən ülviyyətin, azadlığın  müdafiəçisidir, təəssübkeşidir. Hətta bu yolda ölümə getməkdən belə qorxmur. Həyatını yüksək amalların, mənəvi gözəlliyin carçısı olan Nəsiminin müdafiəsi yolunda qurban verir.

Şəmsin şəxsiyyət tamlığını qətiyyətli fikirləri, qürurlu davranışı təsdiqləyir. Təmiz vicdanı, işıqlı düşüncələri naminə özünü qurban verməsi isə dövrünün haqsızlıqlarına qarşı olan üsyanıdır, qalibiyyətidir. Obrazın xarakter səviyyəsində təqdimatı filmin ideya məzmununa xidmət edir, baxımlılığını artırır.

Almaz Əsgərovanın bu və ya digər rollarının daxili mənini dərindən duyması, fərdi cəhətlərini özünəməxsus üslubda çatdırması personajları ekran hadisələrinin bir hissəsinə çevirməsinə, müasirləri, tərəf-müqabilləri haqqında məlumatlanmağımıza əsas yaradıb.

Aktrisa kinoda cəmi 9 filmdə çəkilməsinə, əsasən də kiçikplanlı rollara dəvət almasına baxmayaraq, yaradıcılıq qismətinə düşən rollarının düşüncə və mövqeyini dəqiq xarakterizə edib, yaddaşlara yazıb, sevdirib. Tərəf-müqabilləri ilə maraqlı yaradıcılıq tandemi yaratdığına, hadisələrin inandırıcılığını təmin etdiyinə, şəxsiyyətini və sənətini unutmamağımıza səbəb yaratdığına görə də xatirəsi daim əziz tutulub, ehtiramla anılıb.

Dövlət Film Fondu