Arif Səfərov – 80

“Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərin istehsalı prosesində mühüm xidməti olan insanlar sırasında uzun illər icraçı prodüser vəzifəsində çalışmış, Əməkdar mədəniyyət işçisi Arif Səfərov da var.

Ömrünün çox hissəsini “Azərbaycanfilm” kinostudiyasında keçirmiş, milli kinomuzun inkişafına həsr etmiş kinematoqrafçının 80 illik yubileyidir.

Arif Səfərov 1945-ci il yanvarın 29-da anadan olub. 1969-cu ildən dövrünün müasirləri kimi taleyini “Azərbaycanfilm” kinostudiyası ilə bağlayıb. Burada fəaliyyətə başladığı ilk günlərdən məşhur kinorejissorlarla çiyin-çiyinə çalışıb, bacarıq və çalışqanlığına görə həmkarlarının rəğbətini qazanıb. 1979-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib.

“Musiqi müəllimi”, “Asif, Vasif, Ağasif”, “Pəncərə”, “Etiraf”, “Yarasa”, “Ağ atlı oğlan”, “Özgə vaxt”, “Ləqəbi “İka”dır”, “Ailə”, “Odla qol-boyun”, “Girov”, “Qala” və digər filmlərin direktoru və icraçı prodüseri olub. Ümumilikdə, 30-dan artıq filmdə çalışıb. Təqaüdə çıxdıqdan sonra da kinostudiya ilə əlaqəsini kəsməyib, təcrübə və bacarığını əsirgəməyib, bir sıra ekran əsərlərinin istehsalı işində öz töhfəsini verib.

Arif müəllimə möhkəm cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Dövlət Film Fondu