Teyyub Axundov – 105

Azərbaycan kinosunda özünəməxsus dəst-xəttinə, yaradıcılıq üslubuna görə sayılıb-seçilən görkəmli kinooperator Teyyub Axundovun 105 illik yubileyidir.

İmzası olan filmlərin təsvir həllini uğurla təmin edən Teyyub Axundov 50-ə yaxın filmə (sənədli, bədii, “Mozalan”) peşəkarlıqla (operator kimi) quruluş verib, ekran əsərlərinin baxılmasına, sevilməsinə  səbəb olub. Müdrik sənətkarın həyata baxışı, insanları duyma, anlama qabiliyyəti çəkdiyi filmlərin kadrlarında əksini tapıb, işinə həssaslıqla yanaşması isə kino estetikasının gerçəkliyini, tamlığını təmin edib.

Hələ kiçik yaşlarından fotoqrafiya və kinoya böyük həvəs göstərən Teyyub Axundov 14 yaşından  etibarən kinostudiyada (“Almaz” filminin operator assistenti kimi) əmək fəaliyyətinə başlayıb. İkinci Dünya müharibəsi başlayanda isə bir çox azərbaycanlı oğul və qızlarımız kimi o da ön cəbhədə döyüşə gedib. Müharibədə əlinə fotoaparat keçib. Bu isə ona ön cəbhədə gördüyü dəhşətli mənzərələri fotoaparatın lentinə köçürməsinə imkan yaradıb. Həm döyüşçü, həm də fotoqraf kimi müharibənin salnaməsini yaradıb. Müharibədə iştirakı ona həyat və sənət təcrübəsi qazandırıb, həyata baxışını (yaxşı mənada) dəyişib.

1946-cı ildə ordudan tərxis olunaraq vətənə qayıdan Teyyub Axundov həmin ildə kinostudiyanın bir neçə işçisi ilə birlikdə Moskvaya, Kinematoqrafiya İnstitutuna ali kino təhsili almağa göndərilib. Düzgün istiqamətləndirilmiş sənət təlimatı onun vətəninə, xalqına, cəmiyyətə lazımlı vətəndaş kimi yetişməsinə, örnək timsallı ömür yaşamasına səbəb olub. Belə ki, o, ali kino məktəbində məşhur Rusiya kinooperatorları Anatoli Qolovnya və Mark Magidsondan sənətin sirlərini öyrəndi. Peşə bilgisini yaradıcılığında tətbiq etməklə Azərbaycan kinosunda operatorluq sənətinin peşəkar məktəbini yaradanlardan birinə çevrildi.

Teyyub müəllim filmlərin kadrlarını dəqiq effektiv planlarda məsuliyyətlə işləyəndə bəlkə də məşhurlaşacağını fikirləşməyib, sadəcə olaraq, həyatda gördüyü, müşahidə etdiyi vacib nüansları qabartmağa, göstərməyə çalışıb. Eyni zamanda yaradıcılıq mühitinin məhsuldar və qaynar olması iş təcrübəsinin artmasına, zənginləşməsinə səbəb yaradıb.

Yaradıcılığı böhranlı, ağrılı illərə təsadüf edən operator ona tapşırılan hər bir işə diqqətlə yanaşıb, məsləyinə olan sevgisi, məsuliyyəti sayəsində filmlərin ümumi kompozisiyasının tamlığını təmin edib. Elə buna görə də peşəkar kinorejissorlar onunla işləməkdən zövq alıb, janr və mövzusuna görə seçilən, milyonların rəğbətini qazanan filmlərdə işləməsinə imkan yaradıb. Operator kimi 11 sənədli, rejissor kimi 12 sənədli, operator kimi 17 bədii film, 8 “Mozalan” kinosüjeti çəkib.

Rəngin kinoda mövcud olduğu bir vaxtda ağ-qara çəkilən filmlərdəki işıq effektindən dəqiq istifadə etmə bacarığı, müxtəlif rakurslu çəkilişlərin hədəfli görüntüləri operatorun yaradıcılıq prinsipini bəyan edib. Cəbhəyə getməmişdən əvvəl kinostudiyada işıqçı kimi çalışan operatorun bu sahədəki iş təcrübəsi sonralar ona operatorluq sənətində işıq effektindən ustalıqla işləməsinə imkan yaradıb. “Dağlarda döyüş” hərbi-vətənpərvərlik, “Şərikli çörək” dramatik-lirik-psixoloji, “Tütək səsi” dramatik-lirik -psixoloji, “Mahnı belə yaranır” (operator Cavanşir Məmmədovla birgə) tarixi-bioqrafik, “Onu bağışlamaq olarmı?” lirik-psixoloji, “Qatır Məmməd” (operator Şərif Şərifovla birgə) tarixi-inqilabi, “Görüş” (operator Cavanşir Məmmədovla birgə) komediya-məhəbbət, “Sehrli xalat” fantastik-macəra və digər janrlı filmləri xatırlamaq  kifayət edir ki, operatorun işıq effektindən bacarıqla istifadə etdiyi məzmunlu kino planlarını xatırlayaq.

Yuxarıda adları çəkilən filmlərdə Teyyub müəllim kameranın obyektivi ilə mövzunun ahənginə uyğun ritm yaratmağı bacardığını, iri planlı portret çəkilişləri ilə aktyor ifasını qabartdığını sübut edir. Ümumi planları (natura və yaxud pavilyon  çəkilişlərini) mövzunun mahiyyətinə çevirdiyini, fikir tamlığı yaratdığını, ideya bütövlüyünü çatdırdığını təsdiqləyir. Bu mənada operatorun iş təcrübəsi həmin illərdə kinostudiyaya gələn gənc kinematoqrafçılar üçün nümunəvi sənət məktəbi idi.

Teyyub Axundovun işıq effektini, kadrın planını dəqiq qurma bacarığı ekran əsərlərinin kompozisiyasının tamlığını təmin edib, filmlərin emosionallığını, baxımlılığını artırıb. Məsələn, “Tütək səsi” filmində istər ümumi, iri, istərsə də fon və natura (taxıl yığımı, Cəbrayılın torpağı şumlaması kadrları) çəkilişlərinin məzmunla uzlaşması kadrların dinamikliyini artırıb, məzmun dərinliyini təmin edib. Beləcə, bir ömür sənətin fövqündə duran görkəmli operator ekran qəhrəmanlarının hiss və həyəcanlarını dəqiq, dolğun planlarda təqdim etməklə, ekran personajlarının daxili iztirablarını, məqsəd və məramlarını həssaslıqla göstərib, ümumilikdə sənətini həyatının mənasına çevirib. Bu mənada tanınmış kino xadiminin sənəti ölməz, şəxsiyyəti unudulmaz, xatirəsi əzizdir.

Dövlət Film Fondu