Əməkdar mədəniyyət işçisi Arif Səfərovun 80 illik yubileyi qeyd olundu

Yanvarın 31-də Azərbaycan Dövlət Film Fondunda Əməkdar mədəniyyət işçisi, kinoprodüser Arif Səfərovun 80 illiyi münasibətilə yubiley gecəsi keçirildi.

Gecəni giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin göndərdiyi ünvanı tədbir iştirakçılarına səsləndirərək yubilyara təqdim etdi. Həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqının və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təbrikləri oxundu.

C.Quliyev çıxışında Arif Səfərovun əmək fəaliyyətinin “Azərbaycanfilm” kinostudiyasında 1969-cu ildən başlandığını bildirdi, bu illər ərzində onun bir çox görkəmli rejissorla çalışdığını qeyd etdi. Sonra çıxış edən Əməkdar incəsənət xadimləri Ənvər Əbluc, Elçin Musaoğlu, Müşfiq Hətəmov, Əməkdar mədəniyyət işçiləri Azər Quliyev, Yusif Şeyxov, Nadir Əliyev, Əməkdar artist Cavanşir Hadıyev, prodüser Tofiq Musayev, Nizami Kino Mərkəzinin direktoru Əli-Səttar Quliyev, YAP Yasamal rayonu Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva yubilyara təbriklərini çatdırdılar.

Əməkdar mədəniyyət işçisi, kinoprodüser Arif Səfərov yekun olaraq, tədbirin təşkilinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Film Fonduna təşəkkürünü bildirdi.