İstedad və bacarığı sayəsində tamaşaçı qəlbinə yol tapan, teatr və kino obrazlarını yüksək peşəkarlıqla canlandıran Xalq artisti Tariyel Qasımov 86 yaşını qeyd edir. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından Tariyel müəllimi ürəkdən təbrik edirik. Ona möhkəm cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.
Gələcəyin məşhur aktyoru sənətə hələ kiçik yaşlarından həvəs göstərsə də, orta məktəbi bitirdikdən sonra peşə seçimini valideynlərinin istəyinə əsasən etmək məcburiyyətində qalıb. 1956-cı ildə sənədlərini Bədən Tərbiyəsi İnstitutuna verib, qəbul olunub. Burada təhsil aldığı müddətdə paralel olaraq görkəmli sənətkar Lütfi Məmmədbəyovun dram dərnəyinə gedib. İkinci kursda oxuyarkən Gənc Tamaşaçılar Teatrında hazırlanan tamaşada rol alıb. İlk teatr rolu ilə də sənətin sehrindən ayrıla, qəlbinin səsini susdura bilməyib. Atasının narazılığına baxmayaraq, 1960-cı ildə köçürülmə yolu ilə sənədlərini Teatr İnstitutuna verib. Kino və dram aktyorluğu fakültəsinə – görkəmli sənətkar Rza Təhmasibin kursuna qəbul olunub. Tariyel müəllimin həmin illərlə bağlı xatirələrindən: “Mən İncəsənət İnstituna qəbul olunduğuma görə atam anamla xəbər göndərmişdi ki, ona deyərsən ki, mənim o adlı oğlum yoxdur. Mən pis olmuşdum və kefsiz gəzirdim. Şahmar nə olduğunu soruşanda dediklərini ona danışdım. O, həmin günü məni evlərinə apardı. İnstitutu bitirənə qədər dörd il ərzində onlarda qaldım. Mərhum sənətkar Həsən Əbluc da tez-tez dərsdən sonra Şahmargilə gəlirdi. Bir gün Şahmarın anası Həsənə dedi ki, Həsən, ya sən köç gəl, bizdə yaşa, ya da evə belə gec saatlarda getmə. Evinizdə sənin üçün narahat olarlar. Həsən belə də etdi. Bir müddət köçüb Şahmargildə yaşadı. Şahmarın həmin vaxtlarda bizə dəstəyi böyük oldu”.
Göründüyü kimi Tariyel müəllimin sənətə gəlişi o qədər də asan olmayıb. Bütün çətinliklərə baxmayaraq, yaradıcılıq eşqi ilə yaşayan gənc sənət axtarışlarını davam etdirib, müəllimlərindən sənət sirlərini öyrənib. Üçüncü kursda oxuyarkən Dram Teatrına işə qəbul olunub. 1964-cü ildən (müəyyən fasilələrlə) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb. 2 il sonra Naxçıvan Dövlət Musiqili Dram Teatrına dəvət olunub. 1967-ci ildə İrəvanda yenidən açılan Azərbaycan Teatrının ilk aktyorlarından olub. 1968-ci ildə yenə də Bakıya qayıdıb, kinostudiyada rejissor assistenti kimi işləyib. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrına qayıdan aktyor 1997-ci ildən Qazax Dövlət Dram Teatrında bədii rəhbər və direktor vəzifəsində çalışıb. Bir müddət sonra yenə də Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.
Tariyel Qasımovun kinoda debüt rolu “Cazibə qüvvəsi” kinoalmanaxına daxil olan “Dağ meşəsindən keçərkən…” novellasında geoloq obrazıdır. Bundan sonra o, kinorejissor Rüfət Şabanovun quruluş verdiyi “Liftçi qız” novellasında baş rol olan Nəriman obrazını canlandırıb. Rolu inandırıcı təqdim edən aktyorun kamera qarşısındakı sərbəst, səmimi təqdimatı ona kinosevərlərin rəğbətini, kinorejissorların diqqətini qazandırıb. Tariyel müəllimin xatirələrinə bir daha istinad edək: “İnstitutu 1965-ci ildə bitirdim. Həmin vaxtı “Liftçi qız” filmi çəkilirdi. Məni də filmin sınaq çəkilişinə dəvət etmişdilər. Çəkilişə gedəndə dostum Həsən Əbluc mənə dedi ki, Tariyel, əgər səni bu filmdə çəksələr, rolunu mən səsləndirəcəyəm. Dedim, Həsən, kaş ki, bir yox, bir neçə filmə çəkilim, hamısını da sən səsləndir. Həsənin çox gözəl səsi var idi, hamı da bəyənirdi. Sözügedən filmə çəkildim. Rolumu səsləndirmə vaxtı gəlib çatanda Həsəni də götürüb getdim studiyaya. Xuraman Qasımovanın oynadığı obrazı (Lalə) Əminə Yusifqızı səsləndirdi. Filmin rejissoru Rüfət Şabanov dedi ki, Tariyel, indi dur, sənin səsini yazaq. Dedim, Rüfət müəllim, siz məni Nəriman rolunun sınaq çəkilişinə çağıranda Həsən mənə xeyir-dua verdi və dedi ki, rolu mən səsləndirəcəyəm. Rüfət müəllim: “Lap yaxşı, onda səni Həsən səsləndirsin”, – dedi. Onu da qeyd edim ki, həmin vaxtlar dublyajda maaş yüksək olduğu üçün aktyorların çoxu dublyajla məşğul olurdu.
Rüfət müəllim insan kimi çox gözəl, səmimi insan idi. Sözügedən filmdə baş rol üçün çox adamı sınaq çəkilişinə dəvət etsə də, məni seçdi. Nəriman roluna 17-18 yaşlı bir gəncin çəkilməsi tələb olunurdu. Həmin vaxtlarda mənim 26 yaşım var idi. Bununla belə Rüfət müəllim: “Bu rola məhz səni çəkəcəyəm”, – dedi. Dedi də, çəkdi də.
Çəkiliş meydançasında o, aktyorlara həmişə sərbəstlik verirdi. Məşq vaxtı da hər şeyi bizə dərindən başa salırdı. Rüfət müəllimin mehriban, səmimi xüsusiyyətinə görə çəkilişlər olduqca rahat keçirdi. Buna görə də, film uğurlu alındı və yüksək səviyyədə qəbul olundu”.
Tariyel Qasımov bu filmdən sonra “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 40-dan çox filmdə maraqlı, dolğun obrazlar canlandırdı. Aktyorun fərdi dəst-xəttinə uyğun oynadığı maraqlı ekran personajlarından Xudayarın qardaşı (“Axırıncı aşırım”), Firdovsi (“Həyat, sən kiminsən?”), Əliş (“Bizim küçənin oğlanları”), porutçik (“Qatır Məmməd”), hürufi (“Nəsimi”), polkovnik Musa Nəsibov (“Doğma sahillər”), bolşevik (“İşarəni dənizdən gözləyin”), Qılbaş (“Dədə Qorqud”) və digərləri filmlərin məzmununun açılmasına, tərəf-müqabillərinin xarakter və düşüncələrinin aydınlaşmasına imkan yaradan obrazlardır.
Kino rejissorlarının fikir və məqsədini obrazların təfsirində dolğun əks etdirən aktyor “Azərbaycanfilm” kinostudiyasından başqa “Türkmənfilm”, “Tacikfilm”, “Özbəkfilm”, “Mosfilm”, “DEFA” (Almaniya) kinostudiyalarında istehsal olunan bir sıra filmlərə çəkilib. “Rüstəm və Söhrab” (1969–1971, “Tacikfilm”), “Qızıl rəngi” (1975, “Türkmənfilm”), “Çilidə gecə” (1982, “Mosfilm”), “Əlvida, yaşıl yay” (1983, “Özbəkfilm”), “Həyatın mənası” (1983, “Özbəkfilm”), “Alovlu yollarla” (1981–1983, “Özbəkfilm”), “Sahib” (1983, “Özbəkfilm”), “Sonya raport verir” (1983, DEFA-Almaniya) filmərində maraqlı rollar canlandırıb.
Bədii filmlərlə yanaşı, “Mozalan” satirik kinosüjetlərində rol alan aktyor, müxtəlif mövzulu televiziya tamaşalarında yaddaqalımlı, xarakterik obrazlar canlandırıb.
Tariyel Qasımovun sənətdəki xidmətləri Dövlət tərəfindən yüksək qiymətləndirilib. 1979-cu ildə Əməkdar, 1991-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2018-ci ildə III dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Dövlət Film Fondu