Kinematoqrafiyanın inkişafında və sevilməsində kino bəstəkarlarının rolu böyükdür. Tanınmış bəstəkar, Xalq artisti, millət vəkili Polad Bülbüloğlunun müxtəlif janrlı filmlərə yazdığı musiqi əsərləri də onların ekran taleyinin uğurlu həllinə, hadisələrin emosional şərhinə, bədii tutumun dolğunluğuna, ümumilikdə mövzunun açılmasına imkan yaradıb, sevdirib, yaşadıb. Ustad sənətkar bu il taleyinə yazılan ömür payının 80-ci (04.02.1945) ilini qeyd edir. Kinomuzun inkişafında verdiyi töhfələrə, əsrarəngiz kino mahnıları və musiqilərinə görə Polad müəllimə dərin minnətdarlığımızı bildirir, kinosevərlər və Dövlət Film Fondunun əməkdaşları adından yeni-yeni sənət sevincləri arzulayırıq.
P.Bülbüloğlu kinoda ilk dəfə Əməkdar incəsənət xadimi, kinorejissor Əlisəttar Atakişiyevin quruluş verdiyi “İstintaq davam edir” (1966) macəra-detektiv janrlı filmə musiqi yazıb. Hadisələri incəliklə müşayiət edən melodiyalar, musiqi parçaları kriminal vəziyyətin gərginliyini tamlıqla xarakterizə edib, ədəbi materialın məzmununu, personajların xarakterlərinin şərhinə nail olub. Həmçinin filmdə səslənən “Bakı” mahnısı bəstəkarın ədəbi materiala dəqiq yanaşmasını, mövzunun mahiyyətinin qabardılmasını, dərindən duyma və çatdırma bacarığını bir daha təsdiqləyib.
Bu filmdən sonra bəstəkar 20-ə yaxın filmə, o cümlədən “Uşaqlığın son gecəsi”, “Ən vacib müsahibə”, “Mən mahnı qoşuram”, “Ürək… Ürək…”, “Səmt küləyi”, “Babək”, “Qorxma, mən səninləyəm!”, “Var olun, qızlar…”, “Sevinc buxtası”, “Yol əhvalatı”, “Qorxma, mən səninləyəm! 1919”, “Dolu”, “Yarımçıq xatirələr” və digər ekran əsərinə musiqi yazıb. Həmçinin bir sıra dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və digər əsərlərin, həmçinin mahnıların (“Ürək nəğməsi”, “Şən Azərbaycan” və s.) müəllifidir. Filmlərdən fərdi repertuarlara köçən ritmik, poetik mahnıları (“Gözlə məni”, “Mavi gözündə”, “Toydan sonra düzələr”, “Gəl, ey səhər” və s.) günümüzdə də dillər əzbəridir.
Bəstəkarın kino musiqilərində mövzulara fərdi münasibəti, hadisələrə estetik yanaşması, süjet xəttini mühüm prinsiplər əsasında müşayiət etmə qabiliyyəti ilk dinləmədən bəlli olur, hər hansı bir mövzu fonunda yüksək insani keyfiyyətlər təbliğ olunur. Ekran qəhrəmlarının xarakterləri, həmçinin dramaturgiyanın mahiyyəti dəqiqliklə çatdırılır.
Ekran əsərlərinə yazdığı musiqiləri, həssas melodiyaları vasitəsilə mövzulara dəqiq münasibətini bildirən bəstəkarın əsas məqsədi ədəbi əsərlərin ideyasını mətnlə həmahəng şəkildə uzlaşdırmaq, vəziyyətin yaranma səbəbinin bəyan olmasına kömək etmək, şərhini aydın və emosional üsubda tamaşaçıya çatdırmaq olduğu asanlıqla hiss olunur. Mətnlə uzlaşan musiqilərin quruluşu və məzmunu dərin mahiyyətə varılaraq düşüncələrə təsir edir, personajların vəziyyətdən yaranan hiss və davranışları məntiqli formada diktə edilir. Ədəbi əsərlərin bədii keyfiyyəti, ictimai mahiyyəti, ümumilikdə ekran kompozisiyası aydın şərh olunduğuna görə tamaşaçının ürəyinə yol tapır, təsvir və duyğunun vəhdəti düşüncələri doğru səmtə yönəldir, zövqləri (yüksək səviyyədə) formalaşdırır.
Ümumiyyətlə, Polad Bülbüloğlunun kino musiqiləri böyüklü, kiçikli hamının qəlbinə yol tapır desək, yanılmarıq. Məsələn, “Mən mahnı qoşuram” filminə yazdığı mahnıları yada salaq. Böyük sevgi ilə təqdim olunan uşaq mahnıları iştirakçıların hadisələrə və bir-birilərinə olan münasibətini dəqiqləşdirir, fərdiyyətçiliyini, xarakterlərinin keyfiyyətini dəqiqləşdirir. Həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulan melodiyalar tamaşaçını bir çox məqamlarda duyğulandırmaqla yanaşı, düşündürür, insan övladının nəcib hisslərin, kamilliyin daşıyıcısı olması fikrini əsas amil kimi şərtləndirir.
Bəstəkarın sosial mövzulu filmlərlə yanaşı, tarixi-inqilabi, tarixi-bioqrafik filmlərə yazdığı musiqilər də qarışıq və çətin dövrlərin hadisələrini, həmçinin, obrazların fərdiyyətini, xarakterlərin mürəkkəbliyini təhlil edir, rejissorlarla olan anlaşıqlı, uğurlu yaradıcılıq həmrəyliyini göstərir. Məsələn, Polad müəllimin məşhur “Babək” tarixi-bioqrafik kinodramına bəstələdiyi möhtəşəm musiqiləri müxtəlif təzadlı, bəzi məqamlarda təhlükəli, bəzi anlarda təntənəli, bəzən isə xalqın sevincli anlarını, dövrünün ədalətsizliyinə qarşı üsyan edən ağır, hüznlü günlərini, döyüş səhnələrini olduqca ifadəli, obrazlı şəkildə xarakterizə edir. Rejissorla (Eldar Quliyev) bəstəkarın orta əsrdə Azərbaycanda baş verən qanlı tarixin salnaməsini tamaşaçıya dolğunluqla çatdırmaq məqsədi eyni səmtə yönəlir, fikir və yaradıcılıq bir amala xidmət edir, epizodları müşayiət edən musiqilər gərgin hadisələrin emosionallığını artırır, təəssüratları dərinləşdirir, ekran kompozisiyası yüksək sənətkarlıqla vizual həllini tapır.
Polad Bülbüloğlunun daxilinin əksi olan, duyğularını təcəssüm etdirən, böyük həssaslıq və məsuliyyətlə filmlərə yazdığı melodiyaları, musiqiləri haqqında böyük sevgi hissi ilə daha geniş şəkildə danışmaq mümkündür. Ən mühümü odur ki, bəstəkar yaradıcılığında yer ayırdığı kino musiqiləri vasitəsilə həyatsevər, vətənpərvər xüsusiyyətlərini, ətrafına olan diqqət və münasibətini könlünün gözəlliyini, düşüncələrinin zənginliyini bəstələrinə yansıdıb, ekran hadisələrinin və prototiplərin yaxından tanıdılmasına imkan yaradıb. Polad Bülbüloğluna bir daha cansağlığı, yaradıcılıq nailiyyətləri, tükənməz tamaşaçı sevgisi arzulayırıq.
Dövlət Film Fondu