Çox az rejissor var ki, məşhurlaşdırdığı aktyorlar qədər sevilir, kamera arxasında olmasına baxmayaraq, tanınır, şöhrətlənir. Görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadə də istər Azərbaycan kino salnaməsinə verdiyi töhfələrə – quruluş verdiyi filmlərə, istərsə də aktyorluq fəaliyyətinə görə rəğbət qazanan, sevilən kinematoqrafçılarımızdandır. Qəlbi daim sənət eşqi ilə çırpınan, imza atdığı hər işində peşəkarlıq nümayiş etdirən, yaradıcı heyətə sənət məktəbi keçən Tofiq Tağızadənin ekranlaşdırdığı filmlər cəmiyyətin maariflənməsi, əxlaqi dəyərlərin yüksəldilməsi, mühüm amillərin təbliği istiqamətində əhəmiyyətlidir, vacibdir. Ekran əsərləri gənc nəsil rejissorlar üçün örnək olan ustad sənətkarın quruluş verdiyi məzmunlu filmlər nəsillərin sevərək izlədiyi dəyərli ekran nümunələridir. İstedad və bacarığı, çalışqanlığı, sənətə olan hədsiz sevgisi ilə yaddaşlarda iz salan ustad sənətkarın kino fəaliyyətinə qısa nəzər salır, əziz xatirəsini dərin ehtiramla yad edirik.
Tofiq Mehdiqulu oğlu Tağızadə 1919-cu il fevralın 7-də Bakıda müəllim ailəsində anadan olub. Valideynlərinin sənətə böyük həvəsi olduğundan ailə tez-tez teatra gedərmiş. Hərdən özləri ilə birlikdə balaca Tofiqi də apararmışlar. Deyilənlərə görə, Tofiq Tağızadənin anası Əli Bayramov adına qadınlar klubundakı dərnəyin fəal üzvü olub. Orada hazırlanan tamaşalarda yalnız qadınlar iştirak edərmiş. Kişiləri içəri buraxmazmışlar. Anası da hərdən kişi rollarını ifa edərmiş. Beləliklə, ilk dəfə sənəti balaca Tofiqə anası sevdirib, istedadının doğru səmtlənməsinə imkan yaradıb.
Tofiq Tağızadə hələ kiçik yaşlarından kinoya daha çox maraq göstərərmiş. Dahi rejissor, aktyor Çarli Çaplinin filmlərinə saatlarla baxarmış. Orta məktəbi bitirdikdən sonra o, valideynlərinin məsləhəti ilə energetika texnikumuna daxil olub, həmçinin musiqi məktəbində təhsil alıb. 1938-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun energetika fakültəsinə daxil olub, burada təhsilini davam etdirib.
Faşist Almaniyasının SSRİ-yə hücumu milyonlarla gənc kimi Tofiq Tağızadənin də arzusunu ürəyində qoyub. O, 1941-ci ildə, 3-cü kursda oxuyarkən könüllü olaraq cəbhəyə gedib. 1942-ci ilin axırlarında Rostov yaxınlığında döyüşlərin birində yaralanaraq hospitala düşüb. Ordudan tərxis olunduqdan sonra Bakıya qayıdıb. Bir müddət Respublika Komsomolunun Mərkəzi Komitəsində pioner düşərgələri və məktəblər şöbəsinin müdiri vəzifəsində çalışıb.
1946-cı ildə nəhayət ki, ən böyük arzusuna qovuşan kino aşiqi Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna daxil olub. İnstitutun caz-bandında trubada ifa edib, çaldığı melodiyalarla müəllim və tələbə heyətinin diqqətini çəkib, institutun fəalı kimi sayılıb, seçilib. İnstitutu bitirdikdən sonra “Mosfilm” kinostudiyasında işləyib. Bir müddət sonra Bakıya qayıdıb, ömrünün sonuna kimi Azərbaycan kinosunun keşiyində durub.
1955-ci ildə ilk tammetrajlı bədii filmini – “Görüş” kinokomediyasını ekranlaşdırıb. Bundan sonra bir-birinin ardınca müxtəlif janrlı ekran əsərlərinə, o cümlədən, “Uzaq sahillərdə”, “Əsl dost”, “Matteo Falkone”, “Əmək və qızılgül”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Qızıl qaz”, “Dədə Qorqud”, “Evin kişisi”, “Babamızın babasının babası”, “Bağ mövsümü”, “O dünyadan salam”, “Köpək” və digər filmlərə quruluş verib.
Tofiq Tağızadə yaradıcılığının maraqlı nümunələrindən biri də kinorejissorlar Ağarza Quliyev və Ramiz Əsgərovla birgə quruluş verdiyi “Mən ki gözəl deyildim” filmidir. Ekran əsərində İkinci Dünya müharibəsi illərində insanları bir-birlərinə bağlayan mənəvi dəyərlərdən, ümumi işin xeyrinə gecə-gündüz işləməyə hazır olmalarından bəhs olunur. Film 1969-cu ildə Kiyevdə keçirilən Zaqafqaziya və Ukrayna respublikalarının III zona kinofestivalında mükafatlandırılıb, qadın rolunun ən yaxşı ifasına görə aktrisa Xuraman Qasımovaya diplom verilib.
Rejissorun 1962-ci ildə ekranlaşdırdığı, görkəmli rəqqas, SSRİ Xalq artisti Mahmud Esambayevin həyat və yaradıcılığına həsr etdiyi “Əmək və qızılgül” filmi geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Tofiq Tağızadə və yaradıcı qrupun bir neçə üzvü 1964-cü ildə Çeçen-İnquş MSSR Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.
80-ci illərin sonunda ölkədə bir sıra özəl studiyalar yarandı. Tofiq Tağızadə də özünün “TMT” kinoşirkətini yaratdı. Bu kinoşirkətdə “Qayğı” cəmiyyətinin maliyyə dəstəyi ilə “O dünyadan salam” filmini ekranlaşdırdı. Tanınmış yazıçı Cəlil Məmmədquluzadənin “Ölülər” pyesinin motivləri əsasında çəkdiyi, görkəmli ədibin anadan olmasının 125 illiyinə ithaf etdiyi “O dünyadan salam” filmi 1992-ci ildə Aşqabadda keçirilən I Beynəlxalq milli kinematoqrafçıların “Gümüşü Aypara” regional kinofestivalında uğurla nümayiş etdirildi, sosial problemin komik həllinə görə münsiflər heyətinin mükafatını aldı.
Mövzu və məzmun etibarilə dəyərli ekran əsərlərinin müəllifi kimi tanınan rejissor, həm də aktyor kimi 10-a yaxın filmdə, epizodik rolda çəkilib. “Matteo Falkone”, “Anlamaq istəyirəm”, “Onun böyük ürəyi”, “Qəribə adam”, “Qaladan tapılan mücrü”, “Zirzəmi”, “Bəxt üzüyü” və başqa filmlərdə fərqli obrazlar canlandırıb.
Respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən Tofiq Tağızadə Azərbaycan SSR Ali Sovetinin deputatı olub, uzun illər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi işləyib, kino işinin təşkilində və milli kino kadrlarının hazırlanmasında gərgin əmək sərf edib. Tofiq Tağızadə “Oktyabr inqilabı” (1971), “Şərəf nişanı” (1959) ordenləri, “Qafqazın müdafiəsi uğrunda” (1946), “Böyük Vətən müharibəsində rəşadətli əməyə görə” (1946) medalları ilə təltif edilib.
“Mənim istirahətim də, həyatımın mənası da çəkdiyim ekran əsərləridir. Öz əlinlə, öz alın tərinlə yaratdığın filmə ekranda baxmağı heç bir şeylə müqayisə etmək mümkün deyil…” deyən, ömrü boyu sənətinin keşiyində duran, yorulmadan çalışan Tofiq Tağızadə 1998-ci il avqust ayının 27-də 79 yaşında dünyasını dəyişdi. Sevə-sevə, böyük yaradıcılıq eşqi ilə yaratdığı filmləri, mənəvi dəyərləri təbliğ edən mühüm fikirləri, nəsihətləri nəsillərə yadigar qaldı. İnsanlığı, ali dəyərləri yaradıcılığında aşılayan rejissor, yüksək sənətkarlıq keyfiyyətinə, əzmkarlığına görə unudulmadı, əziz xatirəsi daim hörmət və ehtiramla anıldı.
Dövlət Film Fondu