Azərbaycan Dövlət Film Fondunda Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək, tarixin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumat verdi, bu faciənin ümumilikdə, insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırdı. Sonra tədbir iştirakçıları faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq təbliğat kampaniyası çərçivəsində çəkilmiş “Sonsuz dəhliz” sənədli filmi nümayiş olundu. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçardas Lapaytisin faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Ekran əsərində Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair hissələrə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.