Kinooperator Vladimir Zbudskinin ailə üzvləri Azərbaycan Dövlət Film Fondunun qonağı oldular

Fevralın 27-də Azərbaycan sənədli kino salnaməsinin yaradılmasında böyük xidmətləri olan qocaman kinooperator, Azərbaycanın Əməkdar incəsənət xadimi Vladimir Zbudskinin nəvələri Timur və İnna Azərbaycan Dövlət Film Fondunun qonağı oldular.

Qonaqlar Vladimir Zbudskinin Film Fondunda olan mövcud arxiv materialları ilə tanış oldular, onun lentə aldığı filmlərin rəqəmsal nüsxələrini izlədilər. Görüşdə tanınmış kinooperatorun nəvələri onun şəxsi arxivini qorunub saxlanılması üçün Film Fonduna təhvil verdilər.

Qeyd edək ki, Vladimir Semyonoviç Zbudski 1936-cı ildən başlayaraq, Azərbaycan kinosunda uzun illər fəaliyyət göstərmişdir. O, “Azərbaycanfilm” kinostudiyasında lentə alınmış “Respublika stadionu”, “Səadət yolu ilə”, “150 il. Mirzə Fətəli Axundov”, “Dağlarda ada”, “Ömrün səhifələri” və s. sənədli filmlərin, bir çox xronika materiallarının operatoru olmuşdur.