Xuraman Hacıyeva – 80

Xalq artisti Xuraman Hacıyevanın anadan olmasının 80 illiyidir.

Aktrisanın adı çəkiləndə ilk növbədə göz önünə görkəmli kinorejissor Tofiq Tağızadənin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin operettası əsasında quruluş verdiyi “Arşın mal alan” (1965) kinokomediyasındakı Asya obrazı gəlir.

Gözəlliyi, zərifliyi ilə rolun fərdi xüsusiyyətlərini, xanım-xatın keyfiyyətlərini dolğun çatdıran Xuraman Hacıyeva bu filmdən sonra kinorejissor Zeynəb Kazımovanın çəkdiyi “O geri çəkilməlidir” qısametrajlı sənədli-bədii filmində gənc qız roluna çəkildi (1966). Azərbaycan Səhiyyə Nazirliyinin sifarişi ilə ekranlaşdırılan elmi-kütləvi filmdə dövrünün aktual mövzusu qabardılıb, əhalinin sağlamlığı üçün görülən profilaktik tədbirlərdən, vərəm xəstəliyinə qarşı aparılan mübarizədən söhbət açılıb. Filmin süjet xətti iki gəncin bir-birinə olan sevgisi üzərində qurulub.

Filmdə gənc qızın vərəm xəstəliyinə tutulmasından, buna baxmayaraq, sevgilisi (Namiq Məmmədov) tərəfindən tərk edilməməsindən bəhs edilir. Kinonun əsas hədəfi olan ali dəyərlərin təntənəsi filmin leytmotivini təşkil edir. Sevgi xəstəliyə qalib gəlir, həyatın növbəti zərbəsini nəcib duyğuların qabarıq əksi zərərsizləşdirir. İnsanlığın qurtuluşu istiqamətində nümunəvi xüsusiyyətlər vacib amil kimi xarakterizə edilir.

Bu filmlərdən sonra Xuraman Hacıyeva “Lətifə” faciəvi komediyasında Xəlilova, “İşgüzar adamlar” “Mozalan” süjetində Xalidə, “Hökm”də Zərifə və digər filmərdə çəkildi. Paralel olaraq dublyaj studiyasında yerli və xarici filmlərin səsləndirilməsində yaxından iştirak etdi. Aktrisanın məlahətli səsində izlədiyimiz yaddaqalımlı ekran personajlarından Solmaz (“Bakıda küləklər əsir”, Xalidə Quliyeva), Laura (“Birisigün, gecəyarısı…”, Tatyana Bondarenko), Sevinc (“Baladadaşın ilk məhəbbəti”, Ruhəngiz Musəvi) və digər obrazlar onun çoxşaxəli yaradıcılıq imkanlarına malik aktrisa kimi tanınmasına, məşhurlaşmasına imkan yaratdı.

Xuraman Hacıyevanın kinoda az çəkilməsi təəssüf doğurur. Sənətinə olan böyük məhəbbəti tərcümeyi-halına qısa da olsa nəzər salmağımıza səbəb yaradır.

Xuraman Hacıyeva 1945-ci il martın 7-də Ucar rayonunun Müsüslü kəndində doğulub. Atası hüquqşünas, anası isə evdar qadın olub. O, teatra, kinoya hələ kiçik yaşlarından vurulub. Orta məktəbdə oxuyarkən dram dərnəklərində iştirak edib. Tədricən taleyini bu sahə ilə bağlamaq qərarına gəlib. Bunu ailəsində bildirəndə isə valideynləri aktyorluq sənətini seçməsinə qəti etiraz ediblər.

Valideynlərinin narazılıqlarına baxmayaraq, o, 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsinə daxil olub. İkinci kursda oxuyanda “Arşın mal alan” bədii filmində Asya roluna çəkilib. Bu rol aktrisanı məşhurlaşdırsa da, ali təhsilinin yarımçıq qalmasına səbəb olub. Deyilənə görə, filmin çəkilişlərində iştirak etməsi dərsə olan davamiyyətini zəiflədib. Bu da institutdan xaric edilməsi  ilə nəticələnib.

Ali təhsili yarımçıq qalan aktrisa 1966-cı ildə Gəncəyə gedib, Dövlət Dram  Teatrında fəaliyyət göstərməyə başlayıb. Orada həmçinin Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirib. 1972-ci ildə yenidən Bakıya qayıdıb, Gənc Tamaşaçılar Teatrının truppasına daxil olub. Bir müddət burada çalışdıqdan sonra Naxçıvan DMDT-də aktrisa kimi çalışıb (1998-2001). Daha sonra yenidən GTT-yə qayıdıb. Tearda yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda əsas və ikinci planlı rollarda çıxış edib.

Səhnə fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilərək 1979-cu ildə respublikanın Əməkdar, 1999-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

Əməkdar artist Loğman Kərimovun sənət dostu haqqındakı xatirələri yerinə düşür: “Mən Gənc Tamaşaçılar Teatrına gələndə burada böyük sənət yaradan aktyorları, aktrisaları gördüm. Onların içərisində Xuraman Hacıyeva da vardı. O,   həmişə səliqəli geyinən, gülərüzlü bir xanım kimi yadımda qalıb. Onda daim işləmək həvəsi vardı. Teatrın repertuarındakı əksər tamaşalarda oynayırdı. Həm dram, həm də komediya janrlı tamaşalarda peşəkarlıq nümayiş etdirirdi. Səhnəyə çıxanda tamaşaçıların ona necə heyranlıqla baxdıqlarını görürdüm. Həmin vaxtlarda tamaşa bitəndən sonra tamaşaçılar aktyorları, aktrisaları küçədə gözləyirdilər. Onlarla söhbət etmək, fikirlərini bölüşmək istəyirdilər. Xuraman Hacıyeva da izləyicilərinin sevgisi ilə əhatələnən aktrisalarımızdan idi. Təəssüf edirəm ki, tez rəhmətə getdi. Teatrda və kinoda yaşlı qadın obrazlarını yaratmaq ona qismət olmadı”.

Xuraman Hacıyeva televiziya tamaşalarında canlandırdığı rollarla da sənətin ali missiyasını, maarifləndirici xüsusiyyətini yaradıclığında vurğulayıb, uğuruna uğur qatıb. “Gənclik macərası” televiziya tamaşasındakı Şirinnaz obrazı aktrisanın yaddaqalımlı rollarındandır. Tamaşa yazıçı, tənqidçi Seyid Hüseyn Sadiqin “Şirinnaz” hekayəsinin motivləri əsasında tanınmış televiziya rejissoru, Əməkdar incəsənət xadimi Tariyel Vəliyevin quruluşunda sənətsevərlərə təqdim olunub.

XIX əsrin sonlarında Azərbaycanda baş verən hekayənin mərkəz xəttində iki gəncin nakam sevgisindən, Şirinnazın kədərli həyat tarixçəsindən bəhs edilir, başına gələn hadisələr fonunda qadın hüquqsuzluğu tənqid hədəfinə çevrilir, sosial bərabərsizlik, dövrünün haqsızlıqları cəmiyyətin mühakiməsinə verilir. Xalq artisti Tariyel Qasımovun tərəf-müqabili haqqında dediklərindən: “Mənim sənət uğurlarımın böyük hissəsi Xuraman Hacıyeva ilə bağlıdır. Birlikdə oynadığımız rollar tamaşaçılar tərəfindən həmişə sevilib. Davamlı olaraq onlardan məktublar almışıq. Demək olar ki, bütün tamaşalarda Xuraman mənim ya sevgilim, ya da həyat yoldaşım rolunda çıxış edirdi. Buna görə də izləyicilər onu mənim həyat yoldaşım kimi qəbul edirdilər. Məktublarda yazırdılar ki, həyat yoldaşınıza, Xuraman xanıma bizdən salam deyin.

O, çox təbii aktrisa idi. Bütün rolları tamaşaçılar tərəfindən real qəbul olunurdu. Bir dəfə Naxçıvana qastrol səfərinə getmişdik. Aktyorlarla küçədə gedirdik. O vaxtlar qadınlar orada çadra örtürdülər. Yanımızdan 4 nəfər çardalı qadın keçdi. Bu vaxt onlardan biri: “Ölmüşlər necə də bir-birinə yaraşırlar”, – dedi. Xuraman o dəqiqə anladı ki, bizi nəzərdə tuturlar. Tez onların ardınca qaçdı: “Ay xala, kimi deyirsiniz?” – deyə soruşdu. Qadın: “A bala, sizi deyirəm də, Tariyel müəllimlə səni”, – dedi. Xuraman: “Ay xala, o mənim həyat yoldaşım yox, aktyor yoldaşımdır. Onun öz həyat yoldaşı, mənim də öz həyat yoldaşım var”, – dedi. Biz tamaşaçıların bu kimi fikirlərini eşitməyə artıq alışmışdıq. Onlar bizə bir ailə kimi baxırdılar. Xuraman öz istiqanlılığı ilə ailə mühitini yaratdığına görə insanlar bizi  təkcə sənət dostu kimi qəbul etmək istəmirdilər.

O, xarakter etibarilə mehriban, rahat insan idi. Buna görə onun haqqında danışmaq da rahatdır və xoşdur. Həyatdan tez getməsinə təəssüf edirəm. O, hələ neçə-neçə gözəl obrazlar yarada bilərdi. Allah ona rəhmət eləsin”.

Dövlət Film Fondu