Bəşir Səfəroğlu – 100

Kinematoqraf bitkin, bariz, orijinal nümunələri sevir, yaddaşlara yazır. Elə aktyorlar var ki, filmlərə az çəkilməsinə baxmayaraq, özünəməxsusluğuna görə tamaşaçıların sevgisini qazanır, filmlərin aparıcı qüvvəsinə çevrilir. Xalq artisti, görkəmli sənətkar Bəşir Səfəroğlu da kinoda az çəkilməsinə rəğmən ekran personajlarını izləyicilərin yaddaşına həkk etdirməyi, rollarının ifadə və jestlərinə əsasən izləyicilərin sevimlisinə çevrilməyi bacardı. Aktyorun fərdi istedadını, rollarının xüsusiyyət fərdiliyini səciyyələndirən məşhur rollarından Gülümsərov (“Ulduz”) və sərxoş Əhməd (“Əhməd haradadır?”) rollarını xatırlamaq bəs edir ki,  rolun daxili xüsusiyyətlərini mənimsəmək bacarığını, sənətkarlıq keyfiyyətini görəsən.

B.Səfəroğlu kinoda debüt rolunu “Qəribə əhvalat” (1960) filmində (Cəmil) oynayıb. Filmdə sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncə şəhərinə yola düşən Kefçilovun (aktyor L.Abdullayev; onu da qeyd edək ki, aktyorun səhnədə ilk tərəf-müqabili də L.Abdullayev olmuşdur) məsuliyyətsizliyindən, qeyri-normal cəhətlərinə görə gülməli vəzityyətə düşməsindən söhbət açılır. Cəmil digərlərindən fərqli olaraq Kefçilovun mənfi xüsusiyyətlərinə rəğmən onu özündən  uzaqlaşdırmır, keçmiş dostu haqqında pis düşünmələrinə icazə vermir. Cəmilin həyat yoldaşı ilə qısa telefon danışığı onun da yaxın keçmişdə məsuliyyətsiz davranışı haqqında az da olsa məlumat ötürür. Kefçilovun başına gələn macəralar fonunda Cəmil başda olmaqla yaxşı insanlarla əhatələnməyin vacibliyi, doğru yola istiqamətlənməyin şərt olması diktə edilir.

Musiqili Komediya Teatrının yaracılarından biri kimi tanınan Bəşir Səfəroğlunun bu filmdən sonra “Əhməd haradadır?” (1963) kinokomediyasına dəvət alması heç də təsadüfi deyildir. Teatr aktyorlarının potensialına yaxından bələd olan Adil İsgəndərov ona epizod (sərxoş) rol həvalə etməklə cəmiyyətdəki xoşagəlməz nüansları və məqamları kiçik bir epizodda realist ifada, incə yumorla çatdıracağına əmin idi. Aktyor ictimai ziddiyyətlərin səbəbkarlarından olan personajın görünüş və cəhətlərini yüksək səviyyədə təqdim etməklə rejissorun etimadını doğrultdu, kinosevərlərin bir daha rəğbətini qazandı.

Kinorejissor Ağarza Quliyevin quruluş verdiyi “Ulduz” kinokomediyasında Gülümsərov obrazının təfsirində də səhv fikirləri, xudbin cəhəti ilə cəmiyyətdəki proseslərə mənfi təsir edən, ətrafındakılar üçün müəyyən həyat problemləri yaradan personajın anlaşılmaz, gülüş doğuran qərarları qınaq obyektinə çevrilir. Mübaliğəli gülüş yaradan obrazın özündənrazılığı, şöhrətpərəstliyi, işindəki səriştəsizliyi aktyorun qabarıq təqdimatında məzmun tamlığına yol açır, komediyanın vacib tərəflərini əks etdirir.

“Xoca Nəsrəddinin 12 məzarı” kinokomediyasındakı Xoca Nəsrəddin obrazı aktyorun komediya sahəsindəki peşəkarlığını, ekran hadisəsinin  gülüş doğuran tərəfini, mahiyyətini açıb göstərmə ustalığını bir daha sübut etdi.

Mahir komediya ustasının kinoda az çəkilməsinin əsas səbəbi isə fəaliyyətinin mühüm hissəsinin Musiqili Komediya Teatrı ilə bağlı olmasıdır. Sənətkarın teatrın səhnəsində hazırlanan müxtəlif mövzulu tamaşalardakı maraqlı və məzmunlu rolları haqqında görkəmli teatr rejissoru Rauf  Kazımovski “Bəşir Səfəroğlu” (1969) bədii-sənədli-bioqrafik televiziya filmini çəkmişdir. Filmdə komediya ustasının sənət istiqamətini müəyyənləşdirən, insan davranışlarındakı uyğunsuzluqları, çatışmazlıqları şərh edən rolları və yaradıcılıq planları əksini tapmışdır. Sənətinə olan münasibəti, teatrın inkişafı yolundakı xidmətləri lentlərin yaddaşına həkk edilmişdir. Yaradıcılığı fonunda insanlara gülüş bəxş edən Bəşir Səfəroğlu imzası bu mənada sənətsevərlər üçün həmişə doğmadır, xatirəsi əzizdir.

Dövlət Film Fondu