Filmlər rejissor təfəkkürünün məhsulu olsa da, ekranda baş verən hadisələrin bədii təsvirlər (görüntülər, obrazlar və s.) vasitəsi ilə çatdırılması, əsasən tipik xarakterlərin mövzuya uyğun şəraitdə inandırıcı, təsirli göstərilməsi bilavasitə təsvir rejissorlarının peşəkarlığı ilə bağlıdır. Personajların xarakter mahiyyətini, mövqelərini dəqiqləşdirmək, düşdükləri vəziyyətin səbəb və nəticələrini, epizodların təsvir həllini çatdırmaq, hər hansı fikir, həyat meyli ilə davranışları gerçəkliyə müvafiq şəkildə göstərmək müxtəlif planlı çəkilişlər sayəsində müəyyənləşir. Bu mənada təsvir rejissoru peşəsinə yiyələnmək, məsləyini yüksək sənətkarlıq səviyyəsində təqdim etmək kino texnikasının spesifikasına bələd olmaqla yanaşı, estetik dünyagörüş, dərin hissiyyat, hadisələri bədii təsvir vasitələri ilə təsdiqləmək imkanı, həssas müşahidəçilik qabiliyyəti, dərin həyat bilgisi, insan psixologiyasını və fərdiyyətçiliyini tədqiq, təsvir etmək bacarığı tələb edir. Tanınmış kinorejissor Əməkdar incəsənət xadimi, Avropa Kino Akademiyasının üzvü Hüseyn Mehdiyevin istər təsvir rejissoru, istərsə də, rejissor kimi quruluş verdiyi filmlərdə də fərdi təbiətli xarakterləri görmək, onların şəraitə uyğun və yaxud vəziyyəti yaradan cəhətlərini süjetin təfsilatı fonunda emosional və inandırıcı şəkildə izləmək mümkündür.
Onu da qeyd edək ki, Azərbaycan kinosunun inkişafı istiqamətində bir sıra mühüm işlərə imza atan Hüseyn Mehdiyev 1993-ci ildən 2001-ci ilə qədər kinematoqrafiya sahəsini idarə edən “Azərkinovideo” İstehsalat Birliyində baş direktor müavini vəzifəsində çalışmış, onun təşəbbüsü ilə kinomuz üçün vacib olan iki qurum: Dövlət Film Fondu və Kinorejissorlar Gildiyası yaradılmışdır.
30-a yaxın müxtəlif janrlı filmdə işləyən, 1999-cu ildən 2024-cü ilə kimi Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri kimi fəaliyyət göstərən H.Mehdiyev həmçinin Beynəlxalq Audiovizual Festival (2001-2008) və Azərbaycan Kino Akademiyasının “Qızıl Pəri” peşə mükafatı (2015-ci ildən) layihələrinin müəllifi və rəhbəri olmuşdur. 80 illiyini qeyd edən (19.03.1945) hörmətli kino xadimini kinematoqrafçılar və kinosevərlər adından yubiley yaşı münasibətilə təbrik edirik, Azərbaycan kinosundakı səmərəli fəaliyyətində uğurlar diləyirik.
H.Mehdiyev 1962-1967-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. İnstitutu bitirdikdən sonra ölkənin qəzet və jurnallarında (“Qobustan”, “Ulduz”) fotojurnalist kimi çalışıb (1967-1972), “Fotopoeziya” və “Musiqi etüdləri” adlı fotokitabları nəşr olunub. Fotoqrafiya və kinematoqrafiya sənətinə olan marağına görə ali kino təhsili almaq qərarına gəlib. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirib (1977). Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında təsvir rejissoru kimi fəaliyyətə başlayıb. 1984-cü ildən həmçinin rejissor kimi fəaliyyətini davam etdirib. H.Mehdiyevin həm rejissor, həm də təsvir rejissoru kimi quruluş verdiyi filmlər beynəlxalq kinofestivallarda (Berlin, Madrid, Sankt-Peterburq, Moskva, Ankara, Vankuver, Daşkənd, Qahirə və s.) iştirak edib.
Yaradıcılıq bioqrafiyasına bir sıra “Mozalan” (“Daha bir fənd”, “Diaqnoz”, “Brakonyer, yoxsa balıqçı” və s.), sənədli (“Böyük anda sadiqik” /S.Vəliyev, T.Sultanovla birgə/, “Mirzə Fətəli Axundov” və s.), bədii filmlər (“Arvadım mənim, uşaqlarım mənim” kinoalmanaxındakı “Toy” novellasında, “Bıy!..”, “Diplom işi”, “İşgüzar səfər”, “Babamızın babasının babası”, “Şəhərli biçinçilər”, “Qəm pəncərəsi” və s.) daxil olan təsvir rejissoru mizan, məkan, təsvir predmetləri, işıq-kölgə effektləri ilə işləmək bacarığına, müxtəlif rakurslu çəkilişlərlə hadisələrin məzmununu dəqiq çatdırma qabiliyyətinə görə həmkarlarının və tamaşaçıların rəğbətini qazanmışdır. Həmçinin “Dostuma məktub” (E.Quliyevlə birgə), “Səhnədə keçən həyat”, “Udi xalqı” və digər sənədli, “Qoca palıdın nağılı” (F.Əliyevlə birgə), “Şəhərli biçinçilər” (Ə.Mahmudovla birgə), “Süd dişinin ağrısı”, “Şahid qız”, “Özgə vaxt”, “Məkanın melodiyası” bədii filmlərinə rejissor kimi quruluş vermişdir.
Təsvir rejissorunun peşəkar quruluşunda məşhurluq qazanan, ümumittifaq respublikaların kinoteatrlarında, ekranlarında uğurla nümayiş etdirilən “Dissonans” (1978, rej T.Bəkirzadə) sənədli (idman) filmi 1979-cu ildə Leninqradda VII Ümumittifaq İdman Filmləri Kinofestivalında qızıl medala layiq görülmüşdür. Həmin ildə Aşqabadda keçirilən XII Ümumittifaq kinofestivalda sənədli filmə Parlaq, dinamik kinoreportaja görə münsiflər heyətinin diplomu verilmişdir. Həmçinin 1980-ci ildə filmə Moskvada idman jurnalistlərinin Ümumdünya Assosiasiyasının mükafatı, 1982-ci ildə Budapeştdə Qısametrajlı Filmlərin Beynəlxalq Kinofestivalında bürünc medal verilmişdir.
“Təkcə adanı özünlə apara bilməzsən” (1980, rej. G.Əzimzadə) bədii (uşaq) filmi 1980-ci ildə Kiyevdə XI Respublika “Gənclik-80” kinofestivalında Ətraf mühitlə bağlı aktual mövzunun təcəssümünə görə münsiflər heyətinin diplom və mükafatını qazanmışdır. 1981-ci ildə İrəvanda IX Ümumittifaq televiziya filmlərinin festivalında Uşaqlar üçün ən yaxşı filmə, insanla təbiətin vəhdəti kimi mürəkkəb fəlsəfi mövzunun istedadla açılmasına, yüksək təsvir ustalığına görə baş mükafat və diplom verilmişdir. Kino fəaliyyətində göstərdiyi xidmətlərə görə 2000-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Kinematoqrafiya sənətinə peşəkar yanaşan, məsləyini daim estetik prinsiplər əsasında inkişaf etdirən, bu günə qədər də Azərbaycan kino sənətinin keşiyində duran, müəllif hüquqlarının qorunması istiqamətində təəssübkeş mövqedə olan istedadlı kino xadimimizə bir daha cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.
Dövlət Film Fondu