Milli rəqslərimizə, xalq havalarına bir sıra filmlərimizdə rast gəlirik. Həmin rəqs havalarına xas olan səciyyəvi cəhətlər xüsusilə diqqət çəkir, sevilir. Azərbaycan rəqs sənətinin inkişafında xüsusi rolu olan görkəmli rəqqas, baletmeyster, Xalq artisti Əlibaba Abdullayev də 10-dan artıq filmə maraqlı rəqs quruluşları vermiş, xalq rəqslərinin kompozisiyasını təşkil etmişdir. Maraqlı rəqs quruluşlarında milli elementlərin qorunub saxlanılmasını təmin etməklə yanaşı, filmlərin koloritini, baxımlılığını artırmışdır. Rəqs sənətinin korifeylərindən olan görkəmli rəqqasın anadan olmasının 110 illiyi ərəfəsində əziz xatirəsini dərin ehtiramla yad edirik, ruhuna uca Allahdan rəhmət diləyirik.
Rəqs sənətini həyatının mənasına çevirən, gələcəkdə məşhur baletmeyster kimi tanınacaq Əlibaba Abdullayev 1915-ci il martın 23-də Bakıda dünyaya gəlib. 1936-cı ildən Azərbaycan Dövlət Filarmoniyasının rəqs ansamblının üzvü, 1941-ci ildən mahnı və rəqs qrupunun rəhbəri, 1960-1973-cü illərdə isə baş baletmeysteri olub. Azərbaycan xalq rəqslərinin (“Vağzalı”, “Nəlbəki”, “Yallı” və s.), həmçinin SSRİ və xarici ölkə xalqları rəqslərinin quruluşlarını hazırlayıb. Azərbaycan bəstəkarlarının əsərləri əsasında xoreoqrafik proqramlar tərtib edib. Ümumittifaq, həmçinin tələbə və gənclərin VI Ümumdünya festivalında (1957, Moskva) qızıl medala layiq görülüb.
Əlibaba Abdullayev sənətini püxtələşdirməyin yollarını daim axtarar, bunun üçün öz üzərində çalışar, sənətinə aid xeyli sayda ədəbiyyat oxuyar, kağız üzərində rəqslərin quruluşlarının cizgilərini verib, müxtəlif eskizlər hazırlayardı. Əvvəlcə rəqslərin məzmununu, musiqisinin bədən dili ilə harmoniyasını qurar, daha sonra ümumi quruluşlarını yaradardı. Onun xalq musiqisinə sevgisini rəqslərindəki vətənpərvərlik, şücaət rəmzlərini əks etdirən forma və mizanlardan da görmək mümkündür. “Neftçilər”, “Şəki zorxanası”, “Naxçıvan yallısı”, “Vağzalı”, “Nəlbəki”, “Qaval”, “Nağaraçılar”, “Ay gözəl”, “Bəy”, “Bahar” və digər quruluş verdiyi rəqslər buna bariz misaldır.
Hələ gənc yaşlarından rəqs sənətinin ustadı kimi tanınan Əlibaba Abdullayev rəssamlarla da sıx əlaqə saxlayar, onlardan sənət bilgisi əldə edər, məsləhətlər alarmış. Tanınmış rəssamlardan B.Əfqanlı, R.Topçubaşova, K.Kazımzadə, E.Fətəliyev və başqa sənətkarlar Əlibaba Abdullayevin ən yaxın sənət dostları olmuşdur.
Əlibaba müəllimin Azərbaycan kinosunda bir çox rəqs havalarına quruluş verməsi təsadüfi deyildir. Onun milli adət-ənənələrimizi gözəl bilməsi, filmlərimizdəki hadisələrin məzmununu dərindən duyması rəqslərin hadisələrə və vəziyyətə müvafiq şəkildə quruluş verməsinə imkan yaradırdı. “Səbuhi” (1941), “Arşın mal alan” (1945), “O olmasın, bu olsun” (1956), “Dəli Kür” (1969) , “Ulduz” (1964), “Əmək və qızılgül” (1962), “Əhməd haradadır?” (1963), “Ulduzlar sönmür” (1971), “Sehrli xalat” (1964) və digər bədii, “Qobustan”, “Salam, Əlcəzair!”, “Afrika görüşləri”, “Məktuba cavab” sənədli, “Abşeron ritmləri” film-konserti, “Doğma xalqımıza” bədii-sənədli və digər filmlərə verdiyi fərdi və kollektiv rəqs quruluşları ekran əsərlərinin bədii kompozisiyasının tamlığına, dolğunluğuna, baxımlılığına səbəb olmuşdur. Filmlərdə qurulan rəqs elementləri hadisələrin əhval-ruhiyyəsinə, personajların xarakterinə uyğunlaşdırılmış, ekran əsərlərinin bədii dəyərini, keyfiyyətini artırmışdır.
Onu da qeyd edək ki, sənətinə böyük sevgi ilə yanaşan Əlibaba müəllimin həm də gözəl səsi vardı. O, səhnədə həm rəqs edər, həm də xalq və bəstəkar mahnılarını ifa edərdi. Azərbaycan Televiziyasının radio arxivində Əlibaba Abdullayevin lent yazıları qorunub saxlanılır. “Muleyli”, “Bir dənəsən”, “Dilbərim”, “Sarı gəlin” mahnıları onun ifasında məlahətlə səslənmişdir.
Respublikanın Xalq artisti Leyla Bədirbəyli uzun illər birlikdə çalışdığı sənət dostu haqqında xatirələrində yazmışdır: “Mən kinoya, teatra bağlandım, filarmoniyanın səhnəsindən başqa səhnəyə keçdim. Məni kino cəlb etdi, teatr özünə bağladı. Lakin bu illər mənim gənclik həvəsim, Əlibaba müəllimlə oynadığım rəqslərim sonralar da mənə çox fayda verdi. Əlibabanın isə bu yolda addımları çox uğurlu oldu”.
Dövlət Filarmoniyasının xoreoqrafı olan Əlibaba Abdullayev Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri əsasında bir sıra rəqs kompozisiyaları yaratmışdır. Filmlərlə yanaşı, teatr səhnəsində hazırlanan tamaşalara da bir-birindən maraqlı rəqs quruluşları vermişdir.
1938-cı ildə Moskvada keçirilən I Azərbaycan İncəsənət Dekadasında iştirak edən, İkinci Dünya müharibəsi illərində rəqs qrupunun rəhbəri olan, Mozdokda 416-cı atıcı diviziyasının hərbi qulluqçuları ilə görüşdə iştirak edən Əlibaba Abdullayevin sənəti dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin rəhbərliyi altında və dəstəyi ilə püxtələşmiş, kamilləşmiş, yaradıcılıq zirvəsinə çatmışdır.
1957-ci ildə Tələbə və Gənclərin Moskvada keçirilən VI Ümumdünya festivalında qızıl medal, SSRİ medalları ilə, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif edilən peşəkar rəqqas ümumilikdə 200-dən artıq rəqsə quruluş vermişdir. 10-dan artıq filmdəki rəqs səhnələrini maraqlı mizanlarla tamaşaçı auditoriyasına sevdirdiyinə görə sənət uğuruna uğur qatmışdır. Azərbaycan rəqs sənətinin inkişafındakı xidmətlərinə görə 1943-cü ildə Əməkdar artist, 1959-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
Əlibaba Abdullayev milli kinomuzda verdiyi orijinal rəqs quruluşlarına görə unudulmayan, kinosevərlərin yaddaşında xatirəsi əbədiləşən, minnətdarlıq hissi ilə xatırlanan sənətkarlarımızdandır.
Dövlət Film Fondu