Müxtəlif illərdə Azərbaycan Televiziyasında və “Azərbaycanfilm” kinostudiyasında kinooperator kimi fəaliyyət göstərən İsrafil Ağazadənin 70 yaşı tamam olur. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından İsrafil müəllimə möhkəm cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.
İsrafil Ağazadə 1955-ci il mart ayının 26-da Bakıda anadan olub. Kinoya hələ orta məktəbdə oxuduğu illərdə böyük maraq göstərib. Bu sevgisinə görə də illər sonra taleyini kino sənəti ilə bağlamağa qərar verib. İsrafil müəllimin kinoya olan məhəbbəti ilə bağlı müsahibəsindən: “Uşaqlıqdan kinonun xəstəsi idim. Tez-tez dərslərimdən qaçıb kinoteatrda filmləri izləməyə gedirdim. Bir dəfə atam məktəbə gəlib, müəllimlərdən mənim necə oxumağımla maraqlanıb. Onlar da mənim məktəbə getmədiyimi bildiriblər. Atam belə olduqda təəccüblənib: “Mən hər gün onu məktəbə yola salıram, necə yəni gəlməyib”, – deyib. Onlar da dərslərdən tez-tez qaçdığımı deyiblər. Belə olan halda atam məktəbin direktor müavininin yanına gedib: “Oğlumu sizə həvalə edirəm. O, isə sinifdə yoxdur. Siz hara baxırsınız?” – deyib. Müdir müavini isə cavab verib ki, mən bilirəm o, haradadır. Gedək, sizə göstərim. Beləcə, onlar mənim olduğum kinoteatra üz tutublar.
Həmin vaxt mən kinoteatrda film izləyirdim. Bir də gördüm filmin nümayişini saxladılar, işıqları yandırdılar. Bizim məktəbin müdir müavini və atam kinoteatrdakı sıraları gəzməyə və məni axtarmağa başladılar. Mən əvvəlcə gizlənmək istədim. Sonra başa düşdüm ki, bura qədər gəliblərsə məni tapacaqlar. Ayağa qalxdım və burada olduğumu bildirdim. Onda müdir müavini atama tərəf dönərək: “Sizə dedim axı, onun harada olduğunu bilirəm”, – dedi. Atamın xasiyyəti olduqca sərt olduğuna görə müdir müavini həmin gün məni evimizə getməyə qoymadı, onların evində qalacağımı atama bildirdi”.
Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə “Azərbaycanfilm” kinostudiyasında kinooperator assistenti kimi fəaliyyət göstərməyə başlayan İsrafil Ağazadə kino təhsilini artırmaq məqsədilə sənədlərini Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna verib. İnstitutun kinooperatorluq fakültəsinə daxil olaraq, burada məşhur kinooperator Aleksandr Qalperinin emalatxanasında sənət sirlərinə daha yaxından bələd olub (1980-1985). Ali təhsilini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında çalışıb. Paralel olaraq Azərbaycan Televiziyasında bir sıra filmlərin ərsəyə gəlməsində xidmətləri olub. “Cansıxıcı əhvalat” (1988, ikinci operator), “Lətifə” (1989, ikinci operator /A.Rzayevlə birgə/), “Girişmə, öldürər” (1991, quruluşçu operator), “Məhbus” (1995, quruluşçu operator), “Beşmərtəbəli evin altıncı mərtəbəsi” (1996, quruluşçu operator), “Lal çinar” (2005, quruluşçu operator), “Cavid ömrü” (2007, quruluşçu operator) və digər filmlərdə işləyib. Azərbaycan diplomatiyasının 90 illiyinə həsr olunan “Azərbaycan – odlar yurdu” (2009) tammetrajlı sənədli filminin ssenari müəllifi, rejissoru və prodüseri olub. Azərbaycanın qədim tarixini və mədəniyyətini əks etdirən bu film “ARRI Group” şirkəti tərəfindən xüsusi mükafata layiq görülüb.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olan İsrafil Ağazadə uzun illər pedaqoji fəaliyyət göstərib. Peşə təcrübəsini tələbələrinə tədris edərək gənclərin bilik və bacarıqlarının təkmilləşməsinə dəstək olub.
İsrafil müəllimə bir daha cansağlığı arzulayırıq, maraqlı, mənalı ömür yolunda sənət sevinclərinin davamlı olmasını diləyirik.
Dövlət Film Fondu