Real, dolğun, bitkin insan xarakterlərini əks etdirən ekran əsərləri mütləq şəkildə uzunömürlü olur, tamaşalar isə anşlaqla keçir. Fərdi təbiətli xarakterlər səhnəni, ekranı zinətləndirir, məzmunlu yaradıcılıqlar sənətin əhəmiyyətini təsdiqləyir. Görkəmli aktrisa Şəfiqə Məmmədova da kinoda və teatr səhnəsində səciyyəvi, orijinal cizgilər yaratmağa, tipik xarakterli obrazlar təqdim etməyə müvəffəq olmuşdur. Aktrisa sənətdəki peşəkarlığına, ədəbi əsərlərin məzmununa uyğunlaşdırdığı tərz və üslubuna, tamaşaçıları füsunkar, cazibədar yaradıcılığına heyran qoyduğuna, onların həyata baxışlarını yaxşı mənada dəyişdirdiyinə, maarifləndirdiyinə və nəhayətdə sənəti yüksək səviyyədə təbliğ etdiyinə görə Azərbaycan (1980, “Şəhərin yay günləri” tamaşasındakı Dilarə roluna görə) və SSRİ Dövlət mükafatlarına (1981, “İstintaq” filminə görə), 1974-cü ildə respublikanın Əməkdar, 1982-ci ildə isə Xalq artisti fəxri adlarına, “Qızıl Dərviş” mükafatına layiq görülmüş, “Şöhrət”, “Şərəf”, 1-ci dərəcəli “Əmək” və “İstiqlal” ordenləri, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.
Sənətinin fövqündə daim akademik mühit yaradan, peşəkar ifasında ədəbi əsərlərin süjetini mənaca dərinləşdirən, təqdim etdiyi hər bir personajın həyat mövqeyini böyük səmimiyyətlə şərhetmə qabiliyyətinə malik olan, geniş tamaşaçı auditoriyasının dərin məhəbbətini qazanan istedadlı aktrisamızın 80 yaşı tamam olur. Hörmətli Şəfiqə xanıma Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından cansağlığı, sağlam ömür arzulayırıq.
1945-ci il martın 30-da Dağıstanın Dərbənd şəhərində dünyaya göz açan gələcəyin məşhur aktrisası ziyalı ailəsində böyüyüb. Atası Haşım kişi mühəndis-texnoloq, anası isə tərbiyəçi işləyib. Hələ uşaqlıqdan şeirin, musiqinin vurğunu olan Ş.Məmmədova orta məktəbdə oxuyarkən aktrisa olmağı arzulayarmış, məktəbdə tez-tez təşkil olunan ədəbi-bədii gecələrdə çıxış edərmiş. Lakin məlum olduğu kimi həmin illərdə bir çox ailələrdə qız uşaqlarının aktrisa olmasına heç də yaxşı baxmırdılar. Bu mənada orta məktəbi bitirdikdən sonra Şəfiqə xanımın Bakıya gəlməsini, M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun musiqili komediya aktyoru fakültəsinə qəbul olunmasını cəsarətli addımının ilkin mərhələsi kimi qəbul edə bilərik.
Ahəngdar, məlahətli səsə, coşqun, eyni zamanda nəcib səhnə plastikasına malik olan aktrisa kurs tamaşalarındakı maraqlı çıxışlarına görə görkəmli sənətkar Tofiq Kazımovun diqqətini cəlb edib. Onun dəvəti ilə 1968-ci ildə Musiqili Komediya Teatrının səhnəsindən Akademik Dram Teatrına gəlib. Burada hazırlanan tamaşalarda Azərbaycan, dünya dramaturqlarının klassik və müasir əsərlərində maraqlı, məzmunlu obrazlar yaradıb. “Hamlet”də Gertruda, “Canlı meyit”də Maşa, “Xəyyam”da Sevda, “Dəli yığıncağı”nda Pırpız Sona, “Bağlardan gələn səs”də Gülcan, “Aydın”da Gültəkin, “Nakam qız”da Sona, “Ana torpaq”da Cenşengülün arvadı, “Fırtına”da Ariel, “Məkr və məhəbbət”də ledi Milford, “Məhv olmuş gündəliklər”də Anjel, “Bəşərin komediyası və ya Don Juan”da Teodora, “Meşşanlar”da Yelena Nikolayevna, “İnsan”da Nataşa, “Adamın adamı”nda Nazlı və digər koloritli rolları teatr repertuarının zənginləşməsinə, yenilənməsinə imkan yaradıb.
Özünəməxsus tərz və üslubuna görə geniş tamaşaçı auditoriyasının və sənətşünasların böyük rəğbətini qazanan aktrisanın teatr rollarına intuitiv yanaşması, tipik xarakterlər təqdimetmə bacarığı, mənalı fikirlər təcəssüm etdirmə qabiliyyəti onun hələ institutda təhsil alarkən kinoya gəlməsinə, filmlərə çəkilməsinə imkan yaradıb.
Görkəmli kinorejissor Şamil Mahmudbəyovun 1966-cı ildə quruluş verdiyi “Qaraca qız” novellasında Şəfiqə xanımı Pəricahan roluna çəkməsi, onun potensial imkanlarının genişliyini qısametrajlı film çərçivəsində göstərməyə müvəffəq olması aktrisanın kinoda daha genişplanlı rollarda çıxış etməsinə imkan yaratdı. İlk kino rolundan etibarən hər bir ekran personajı fonunda tamaşaçını həyəcanlandıran, düşündürən, hadisələrin məzmun çalarlarını qabardan, bəzən mürəkkəb, bəzən prinsipial, bəzən lirik, bəzən coşqun xarakterlər toplusu yaradan aktrisa ekrandakı hər bir görünüşü ilə vacib mesaj ötürücüsünə çevrilir. İzləyicini heyrətləndirməklə, nəzərləri ekrana yönəltməklə xarakterlər fonunda müxtəlif dövr və mühitin atmosferini yaradır, münasibətləri, məqsədləri aydınlaşdırırdı.
1967-ci ildə institutu müvəffəqiyyətlə bitirən Şəfiqə xanım Akademik Teatrda fəaliyyətini davam etdirməklə yanaşı, “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərə dəvət alır, Cəbişin arvadı (“Bizim Cəbiş müəllim“), Səriyyə (“Çarvadarların izi ilə”), Burla xatun (“Dədə Qorqud”), Rüxsarə (“Xoşbəxtlik qayğıları”), Fəridə (“Ad günü”), Gülya (“İstintaq”) obrazlarını böyük ustalıqla yaradır. İstər tarixi dramlarda, istərsə də sosial mövzulu filmlərdə realizm duyğusundan mayalanan, müəyyənləşən, bitkinləşən, öz fikri, mövqeyi, bənzərsizliyi, fərdiyyətçiliyi ilə seçilən personajlar xeyirxah məqsədlərin daşıyıcısına, insaniyyətin qalibiyyətinə, ümumilikdə kino sənətimizin inkişafına səbəb yaradan sütuna, dayağa çevrilir.
Yaradıcılığı fonunda ətrafındakılarda həyat eşqi yaradan təkraredilməz rollar ifaçısı haqqında uzun və ardıcıl şəkildə danışmaq mümkündür və ekran personajlarının daxili aləminin tanıdılmasına fokuslanan kino fəaliyyəti dərin tədqiqat obyektidir.
Bu da danılmazdır ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərən Şəfiqə Məmmədova məhəbbət, realizm, lirizm, məntiq dolu sənətini uzun illərdir ki, tələbələrinə böyük sevgi ilə tədris edir. Nəzərə alsaq ki, onun ekran personajları öz-özlüyündə bir məktəbdir, o zaman peşə təcrübəsindən bəhrələnən tələbələrini sənət istiqamətini müəyyənləşdirən ikiqat şanslılar, sənət bilicisinin uğurlu davamçıları adlandırmaq olar. Bu mənada Azərbaycan teatr və kino sənətinə qızıl hərflərlə imza atan sevimli aktrisamıza yubiley yaşının tamamında peşə sevincinin davamlılığını və sağlam ömür sürməsini diləyirik.
Dövlət Film Fondu