Aprelin 4-də Nizami Kino Mərkəzində böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ömür yoluna həsr edilən “Tağıyev: Çar” bədii filminin təqdimat mərasimi olub.
Təqdimat mərasimində layihənin rəhbəri və baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Nümayişdən əvvəl məlumat verilib ki, “Tağıyev: Çar” filmi böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin ikinci hissəsidir.
Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə hazırlanıb. Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.
Filmdə tarixi personajları Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva da daxil olmaqla, geniş peşəkar aktyor heyəti canlandırıb.