Aprelin 15-də “YARAT” Müasir İncəsənət Mərkəzinin XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Bir zamanlar dəniz” adlı qrup sərgisinin açılışı baş tutdu.
Sərgi çərçivəsində Xalq artisti, kinorejissor Oqtay Mirqasımovun 1965-ci ildə ekranlaşdırdığı “Dəniz” sənədli filmi 60 ildən sonra yenidən tamaşaçılara təqdim olundu.
Sərginin kuratoru Zəhra Məmmədova bildirdi ki, sərgi Xəzər dənizi ilə onun ətrafında əsrlər boyu yaşayan insanlar arasında formalaşmış psixoloji, mədəni və arxetipik əlaqələri araşdırır.
Nümayişdən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ötən əsrin 60-cı illərində sənədli filmlərə yeni nəfəs gətirən nümunələrin meydana çıxdığını qeyd etdi: “Bu filmlərin özünəməxsus poetik dünyası var. “Dəniz” filmi də məhz bu dövrün məhsuludur. Ekran əsəri cəmi 17 dəqiqə davam edir və dialoqdan istifadə olunmur. Sadəcə musiqi və səslərlə müşayiət olunur. Musiqi isə əsasən dənizi təsvir edir və onun ovqatını ötürür”.
Sonda çıxış edən rejissor Oqtay Mirqasımov filmin nümayişinə görə təşkilatçılara təşəkkürünü bildirdi.
Qeyd edək ki, “Dəniz” filmi 2023-cü ildə Azərbaycan Dövlət Film Fondu tərəfindən rəqəmsallaşdırılaraq elektron bərpa olunmuşdur.