“Doğma torpaq” filminin premyerası olub

Aprelin 18-də Nizami Kino Mərkəzində “Doğma torpaq” bədii filminin premyerası olub.

Filmin təqdimat mərasimində rəsmi şəxslər, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də digər qonaqlar iştirak ediblər.

Filmin istehsalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Kino Agentliyi və “Nərimanfilm” kinostudiyasına aiddir.

Təqdimat mərasimindən əvvəl filmin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat açıqlamasında filmin çəkiliş prosesinin 5 ildən çox davam etdiyini və layihəyə mindən çox insanın cəlb olunduğunu bildirib: “Çəkilişlər Azərbaycanın bütün bölgələrində, o cümlədən, işğaldan azad olunmuş ərazilərində aparılıb. Film 44 günlük Vətən müharibəsindən sonra Qarabağın azad olunan torpaqlarında, xüsusilə, Şuşada çəkilən ilk bədii ekran əsəridir”.

Nümayişdən əvvəl məlumat verilib ki, filmdə Azərbaycanın yaxın tarixinin üç önəmli mərhələsi işıqlandırılır. Bildirilib ki, bunlar indiki Ermənistan ərazisində – tarixi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızın öz doğma yurdlarından qovulması, I Qarabağ müharibəsi, xüsusən Xocalı soyqırımı və ordumuzun 44 günlük Vətən müharibəsində şanlı qələbəsidir.

Ekran əsərinin çəkilişləri Qobustan, Quba, Bərdə, Zaqatala, Qax rayonlarında, Bakı və Şuşa şəhərlərində aparılıb.

“Doğma torpaq” bədii filminin quruluşçu operatoru Konstantin Esadze, bəstəkarı Araz Hümbətli, səs rejissoru İvan Qusakov, prodüseri Nəriman Məmmədovdur. Filmdə əsas obrazları Rüstəm Cəbrayılov və Alina Vorontsova canlandırırlar. Xalq artistləri Hacı İsmayılov, Məbud Məhərrəmov, eləcə də aktyorlar Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Eldar Bağırbəyov, Əjdər Zeynalov, Yaroslav Trifonov, Əminə Abbasova və başqaları da filmdə rol alıblar.