Arxivdə mövcud olmayan film kino lentində Film Fonduna təhvil verildi

Tanınmış animasiya filmləri rejissoru Ağanağı Axundovun şəxsi arxivindən Azərbaycan Dövlət Film Fonduna nadir kinomateriallar daxil olmuşdur.

A.Axundovun rejissoru olduğu “Fitnə”, “Aslan və iki öküz”, “Pıspısa xanım və Siçan bəy” (rej. M.Pənahi ilə birgə), “Sən belə cımbılısan” animasiya filmləri Film Fonduna kino lentində təhvil verilib. Təhvil verilən materiallar arasında rejissorun yaradıcılığını əks etdirən arxiv materialları da var.

Qeyd olunan şəxsi arxiv Dövlət Film Fonduna rejissorun oğlu Yaqub Axundov tərəfindən təhvil verilib.

Azərbaycan animasiyası tarixində ilk filmlərdən biri olan “Aslan və iki öküz” filmi 1970-ci ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub. Seyid Əzim Şirvaninin təmsili əsasında çəkilmiş filmin üzərində Ağanağı Axundov, Nazim Məmmədov, Maqsud İbrahimbəyov, Aleksandr Milov, Bəhmən Əliyev, Oqtay Zülfüqarov, Kamal Seyidov və İbrahim Səfərov çalışıblar.

Film bugünədək Azərbaycan Dövlət Film Fondunun arxivində kino lentində mövcud deyildi və onun nadir nüsxəsinin tapılması milli animasiya tariximizin qorunub saxlanılması baxımından vacib hadisədir.