Kino rəssamı Rafis İsmayılov vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycanın Xalq rəssamı, Dövlət mükafatı laureatı, görkəmli kino rəssamı Rafis İsmayılov vəfat etmişdir.

Rafis İsmayılov 1939-cu ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Azərbaycan Milli Dram Teatrında, Opera və Balet Teatrında bəzi tamaşaların quruluşçu rəssamı olub, bir neçə kitabin da tərtibatçı — rəssamıdır.

“Oxuyur Müslüm Maqomayev”, “1001-ci qastrol”, “Qatır Məmməd”, “Mezozoy əhvalatı”, “Dantenin yubileyi”, “Evin kişisi”, “Qəribə adam”, “Qara gölün cəngavərləri”, “Özgə ömür”, “Ölsəm… bağışla”, “Fəryad”, “Təhminə”, “Küçələrə su səpmişəm”, “Cavad xan”, “Sübhün səfiri” və s. filmlərinin quruluşçu rəssamı olmuşdur.

Azərbaycan Dövlət mükafatına (1978), Əməkdar rəssam (1982), Xalq rəssamı (2000) fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!