Mayın 2-də Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sənaninin 125 illik yubileyi münasibətilə xatirə gecəsi keçirildi. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı oldu.
Xatirə gecəsini giriş sözü ilə tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq, M.Sənaninin “Qız qalası” filmindən başlayaraq 40 illik müddətdə milli kino sənətimizi maraqlı rollarla zənginləşdirdiyini qeyd etdi. Sonra çıxış edən professorlar İlham Rəhimli və Məryəm Əlizadə, Xalq artisti Əbdül Mahmudov, Əməkdar incəsənət xadimi Rimma Məmmədova, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov görkəmli sənətkar haqqında xatirələrini bölüşdülər.
Sonda aktyorun ailə üzvləri adından qızı Gülər Sənani çıxış edərək, tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirdi.
Tədbir boyu M.Sənaninin həyat və yaradıcılığını özündə əks etdirən nadir kinoxronika və aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirildi.