Davud İmanov – 80

Ekran əsərlərinin baxımlılıq həddini rejissorların dünyagörüşü, mövzuya həssas yanaşması müəyyənləşdirir. 1979-cu ildən taleyini incəsənətə bağlayan Davud İmanov da ekranlaşdırdığı filmlərdə daha çox sosial mövzulara müraciət etmiş, müasirlərinin həyatını, yaşayış tərzini gündəmə gətirməyə müvəffəq olmuşdur. 30-a yaxın filmdə çalışan rejissorun anadan olmasının 80 illiyi ərəfəsində xatirəsini dərin ehtiranla anırıq, Allahdan rəhmət diləyirik.

Davud İmanovun uşaqlığı o qədər də fərəhli keçməmişdir. 37-ci ilin ağır mühiti, qadası-qovğası bu ailəyə də təsirsiz ötüşməmiş, valideynləri Qazaxıstana sürgün olunmuşdur. Ailə yalnız Stalinin ölümündən sonra vətənə qayıda bilmiş, Sumqayıtda məskunlaşmışdır. Davud İmanovun həyat yoldaşı Firuzə xanımın bələdçiliyi mövzuya yaxın olmağımıza imkan yaradır: “Davudun ailəsi İranın Sərab vilayətindədir. XIX əsrin sonu, XX əsrin əvvələrində Bakıda neft bumu yaranmışdı. Abşeronda qazılan, fontan vuran neft quyularının sayı günü-gündən artırdı. Neft mədənlərində işləmək üçün dünyanın hər yerindən Bakıya axışırdılar. Həmin illərdə Davudun ailəsi də Bakıya çörək dalınca gəlmişdi. Atası Hüseyn kişi gənc yaşlarından xarici neft sənayeçiləri olan Nobel qardaşlarının neft mədənlərində işə düzəlmişdi. Tədricən işləyə-işləyə 30-cu illərdə neft üzrə ali  təhsil almışdı. Mühəndis peşəsinə yiyələndikdən sonra neft mədənlərində sahə rəisi işləmişdi. Bir müddət sonra əminəvəsi olan Nərgiz xanımla evlənmişdi. Bu izdivacından da 4 oğlan usağı dünyaya gəlmişdi. Davud uşaqların üçüncüsü idi.

Qayınatam Kommunist Partiyasının üzvü idi. Bolşevik hökumətinin tərəfdarlarından idi. Buna baxmayaraq, repressiya dövründə neft mədənlərində aparılan “təmizləmə” siyasətinə görə onu da Qazaxıstana sürgün etmişdilər. Qayınanama demişdilər ki, əgər həyat yoldaşından imtina etsə, uşaqları ilə birlikdə sürgünə göndərilməyəcək. Nərgiz xanım isə buna razılaşmamış, uşaqları ilə birlikdə həyat yoldaşının yanına sürgün edilmişdir. Onlar yalnız 1957-ci ildə  Azərbaycana qayıda bilmişdilər.

Davud 1945-ci ilin 20 may tarixində, Qazaxıstanın Akmola vilayətində (indiki Kökşetau şəhəri) doğulmuşdu. O, mənə danışırdı: “Olduğumuz yerdə  beynəlmiləl mühit vardı. Ora müxtəlif respublikalardan sürgün olunmuş insanlar yerləşdirilmişdi. Hamı ancaq rus dilində danışa bilərdi. Kiminsə öz dilində danışmağa ixtiyarı yox idi. Amma anam rus dilində danışmağı heç sevmirdi. Həmişə Azərbaycan dilində danışırdı.

Yadımdadır, 8 yaşım olardı. Bir dəfə tanışlarımızdan biri Rəşid  Behbudovun səsi yazılmış valı bizə gətirmişdi. Onun mahnılarını heyranlıqla  dinləmişdim. Həmin an içimə qəribə bir hiss çökmüşdü. Məndə Azərbaycanı görmək hissi baş qaldırmışdı.

Biz Azərbaycana qayıtdıqdan sonra Sumqayıtda qalmağa qərar verdik. Orada zavod-fabrik daha çox idi. Atam, qardaşlarım işsiz qalmamaları üçün oranı seçmişdilər”.

Davud orta təhsilini Sumqayıtda, 2 nömrəli məktəbdə başa vurmuşdu. O, hələ məktəb illərindən incəsənətə meyilli olmuşdu. Danışırdı ki, dərsdən tez-tez çıxıb kinoteatra gedərmiş. Sonralar özü də Sumqayıtda həvəskarlar klubunda tamaşalara quruluş verər, həm də aktyor kimi tamaşalarda iştirak edərmiş. Hətta atası bir neçə dəfə bu sənəti seçdiyi üçün onu məzəmmət etmiş, “bu nə sənətdir seçmisən, ondansa maşın ustası olardın, yaxşı pul qazanardın”, – demişdi.

Davud kinorejissor olmaq istəyirdi. Buna görə də Moskvaya, Kinematoqrafiya İnstitutuna getməyi qarşısına məqsəd qoymuşdu.

Biz 1977-ci ildə ailə qurduq. O, Moskvada təhsil almaq sevgisindən heç cürə əl çəkmirdi. 3-4 il ardıcıl olaraq instituta sənədlərini verdi. Qabiliyyət imtahanlarından uğurla keçsə də, digər fənnlərdən keçə bilmədi. Həmin illərdə  instituta kinostudiyadan göndərişlə gedənlər qəbul olunurdular. Davud isə özü müstəqil olaraq sənədlərini verirdi, qəbul olma şansı da az olurdu.

1978-ci ildə Davud yenə də Kinematoqrafiya İnstitutuna sənədlərini verdi, bu dəfə də keçmədi. Həmin ilin oktyabr ayında evə teleqram gəldi. İnstitutdan bildirirdilər ki, kursa qəbul olan qazax tələbə vərəm xəstəsi olduğu üçün orada oxumasına icazə verməmişdilər. Onun yerinə Davudu institutda təhsil almağa  çağırırdılar”.

Beləliklə, Davud İmanovun arzusu nəhayət ki, 1979-cu ildə reallaşmışdı.  Ümumittifaq Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olmuş, 1984-cü ildə buranı fərqlənmə diplomu ilə bitirmişdir. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına qayıtdıqdan sonra rejissorluq fəaliyyəti boyu (1984-1994) 30-a yaxın (sənədli, bədii, “Mozalan” süjetləri) film ekranlaşdırmış, əsasən də müasirlərinin ictimai davranışını, ailədəki, cəmiyyətdəki rolunu təhlil obyektinə çevirmişdir.

Hər bir film mütləq şəkildə müəyyən mesajını ötürür. Davud İmanovun ekranlaşdırdığı “Özünü onun yerinə qoy”, “Dənizçi ürəyi” (hər ikisinin ssenari müəllifi Cavanşir Məlikov), “Ağ kətandakı adam” (ssenari müəllifi Şamil Nəcəfzadə), “Yol ayrıcında” (ssenari müəllifi Aydın Dadaşov), “Seans” (ssenari müəllifi Leyla Səfərova), “Sumqayıtın əks-sədası” (ikihissəli film, ssenari müəllifləri Eyruz Məmmədov, Nadejda İsmayılova, Davud İmanov) və digər sənədli filmlər də müxtəlif insan talelərindən, həyata münasibətlərindən, sosial, ictimai, siyasi, mədəni proseslərdən bəhs edir.

Onu da qeyd edək ki, Azərbaycanda rəhbər təşkilatlara ünvanlanan  zəhmətkeş məktubları ilə işin təşkil olunması məsələsinə toxunulan “Özünü onun yerinə qoy” filmi 1983-cü ildə Kişinyovda gənc kinematoqrafçıların III Ümumittifaq kinofestivalında nümayiş etdirilmiş, mövzunun maraqlı həllinə görə Diplom və Moldaviya Jurnalistlər İttifaqının mükafatına layiq görülmüşdür.

D.İmanovun 1986-cı ildə ekranlaşdırdığı “Dənizçi ürəyi” sənədli filmi də mövzu aktuallığına görə baxımlılığını qoruyub saxlayır. Kinooçerkdə hərbi balıqçılıq donanmasında balıq ovunun manqa üsulu ilə ovlanmasını ilk dəfə tətbiq edən, balıq sənayesi əlaçısı, SSRİ Dövlət mükafatı laureatı Zaur Sadıqzadənin həyat yolundan danışılır. Dənizçinin çətin, məsuliyyətli işi, günlərlə ailəsindən kənarda qalması, günlərlə açıq dənizdə çətinliklərin öhdəsindən bacarıqla gəlməsi və digər dənizçi peşəsinə aid olan vacib şərtlər filmin süjet xəttini təşkil edir.

Quraşdırma çəkilişlərdən, animasiya üslubundan, fotoarxiv materiallarından istifadə edilmiş “Senas” sənədli filmində isə müharibə qurbanlarının istismarı, sosial amansızlıq, müharibələrin, qarşıdurmaların fəsadları cəmiyyətin ümumi faciəsi olaraq göstərilib. Rejissorun bu kimi problemlərin aradan qaldırılması istiqamətindəki nigarançılığı film boyu dəhşət, kədər yağan, nəmli, ümidsiz baxışların bucağından, səssizliyin müşayətində nümayiş etdirilir.

“Afroditanın qolları” qısametrajlı (1987), “Zirzəmi” (1990) tammetrajlı filmlərində də dövrünün gənclərinin ətrafına, dost-tanışlarına münasibəti, ictimai mövqeyi,  durğunluq ərəfəsindəki (1980-ci illərin sonu, 1990-cı illərin əvvəlləri) sıxıcı, passiv həyat tərzi, mühitin monotonluğu təhlil obyektinə çevrilmişdir. Əsasən də cəmiyyətdə özünü tapmağa çalışan gənclərin düşüncə səviyyəsinin həddi, ətrafındakılara və özlərinə nə dərəcədə əhəmiyyəti ola biləcəyi fikri ekranlara gətirilmişdir.

Əməkdar artisti Əliqulu Səmədovunhəmkarı ilə bağlı xatirələri yerinə düşür: “Davud İmanovu 1970-ci illərdən, Kinematoqrafiya İnstitutunda oxuduğum vaxtlardan tanıyırdım. O, məndən yaşca böyük idi. Amma söhbət əsnasında və ünsiyyət zamanı yaş fərqini heç vaxt hiss etdirmirdi. Sadə, təvazökar, mədəni, ziyalı insan idi. Rus və Azərbaycan dillərində qüsursuz  danışırdı. İşinə həmişə məsuliyyətlə yanaşırdı. Həmişə də səliqəli geyinirdi.

Filmlərin az çəkildiyi ərəfədə həmişə deyirdi ki, darıxmayın, bir az da səbir edin, işlərimiz yaxşı olacaq. Təəssüflər olsun ki, ötən əsrin 80-ci illərinin sonlarında baş verən hadisələr həm Davudun, həm də bizim həyatımıza, ümumiyyətlə, Azərbaycan kinosunun, incəsənətinin inkişafına mənfi təsirini göstərdi. Bir müddət sonra Davuda “Afroditanın qolları” qısametrajlı filminin çəkilişini  həvalə etdilər. Bu o demək idi ki, növbəti illərdə tammetrajlı filmlərini çəkə bilərdi. Həmin filmə Davud məni də dəvət etdi. Çəkiliş meydançasına həmişə hazırlıqlı gəlirdi. Sakit və təmkinli olurdu. Aktyorlara hər şeyi dəqiq izah edirdi.

Yadımdadır, filmdə peşəkar yanğınsöndürənlərlə birlikdə yanğın söndürməli idim. Sonra pəncərədən baxan qıza baxmalıydım və bildirməli idim ki, bax, gördün yanğını necə  söndürdüm? Yanğını söndürməyi mənə yanğınsöndürənlər öyrətməli idilər. Elə oldu ki, özüm də bilmədən odu lazım olan vaxtdan da tez söndürdüm. Hamı məni alqışladı. Davud mənə yaxınlaşdı: “Bilirdim ki, rolun öhdəsindən gələcəksən, amma belə də yox da… Sən onlardan da tez söndürdün, afərin sənə”, -dedi.

Sonra o, “Zirzəmi” filmini çəkəndə yenə də məni filmə dəvət etdi. Digər bir  filmə çəkildiyim üçün bu dəfə onunla işləyə bilmədim. Amma bu filmin sinxron səslərini yazmaq mənə qismət oldu”.

Xalq artisti Səfa Mirzəhəsənovladavam edirik: “Davud İmanovla 1989-cu ildə, “Zirzəmi” filminin çəkilişlərinin hazırlıq ərəfəsində tanış oldum. Foto və video çəkilişlərindən uğurla keçdim, filmə çəkilməyə başladım. Davud bu filmə qədər bir neçə sənədli film çəkmişdi. Çəkiliş meydançasında diqqətcil olması nəzərimizdən yayınmırdı. Aktyorlara müxtəlif tapşırıqlar verirdi, onlarla isti, yaradıcı, dostluq münasibətində olurdu. Bir dəfə də olsun onun kiminsə üstünə qışqırdığını görmədim. Buna görə də çəkilişlər rahat keçirdi. Hər birimizin Davuda qarşı xüsusi hörməti vardı. O, təkcə yaxşı rejissor yox, həm də yaxşı insan idi.

Filmin çəkilişlərindən sonra biz tez-tez görüşürdük. Yaxın keçmişi, çəkiliş vaxtlarındakı maraqlı anları xatırlayıb gülürdük. Onun həyatdan tez getməyi mənə pis təsir etdi. Ondan bizə birgə işlədiyimiz filmi və xoş xatirələri qaldı”.

Əliqulu Səmədov: “90-cı illərdə kinomuzda yaranan tənəzzülə görə Davud kinostudiyadan uzaqlaşdı. “Mir” Teleradio Kompaniyasında işləməyə getdi. Bir gün eşitdik ki, dünyasını dəyişib. Çox kədərləndik. Biz həmkarları onun xatirəsini həmişə əziz tuturuq”.

Əməkdar incəsənət xadimi, kinorejissor Nizami Abbas:“Mən onunla Kinematoqrafiya İnstitutunda oxuduğum vaxtlarda tanış olmuşdum. Sözün əsl mənasında dayağımız idi. Nə çətinliyimiz olurdusa birinci ona deyridik, o da  köməkliyini əsirgəmirdi, dəstək olurdu. Tələbələr arasında xüsusi hörməti vardı. Ümumiyyətlə, institutda hamısı ona rəğbət bəsləyirdi. Sonuncu kursa keçəndə elə oldu ki, bizi bir otaqda yerləşdirdilər. Onun necə yaxşı dost, yoldaş olduğunu həmin vaxtlar bir daha gördüm.

Sonra mən kinostudiyaya gələndə onunla birlikdə “Afroditanın qolları” filmində işlədim. Azad düşüncəli insan idi. Çəkiliş meydançasında sərbəst mühit yaradırdı. Bütün təkliflərə hörmətlə yanaşırdı. Yüksək rəhbərlik qabiliyyəti vardı. Təəssüf edirəm ki, dünyadan vaxtsız getdi, ölümü hamımızı kədərləndirdi”.

1995-ci ildən kinostudiyadan uzaqlaşan D.İmanov həmin vaxtdan ömrünün sonuna qədər (20.09.2002) “Mir” Teleradio Kompaniyasının Azərbaycan bölməsinə rəhbərlik etmiş, bir neçə beynəlxalq festivallarda münsiflər heyətində təmsil olunmuşdur.

Davud İmanov kinonu həyatının mayakına çevirmişdi. Biliyi, bacarığı qədərində aça bildiyi cığırları peşəsinin nuru ilə işıqlandırmışdı. Həyat sevincini kinodan alırdı, kinodan ilhamlanırdı. Təəssüflər olsun ki, ötən əsrin 90-cı illərinin imkansızlığı onun kimi neçə-neçə kinematoqrafçının məsləyindən uzaqlaşmasına, həyatının, sənət seçiminin haçalanmasına səbəb oldu. Kim bilir, bəlkə də peşəsi ilə yaşlansaydı o, yaradıcılıq arzusuyla bağlandığı dünya ilə ömrünün 57-ci payızında yox, daha böyük rəqəmlərlə vidalaşar, ömür payını uzada bilərdi. Kim bilir…

Bizə isə müasirlərinin yaşam tərzinə, mühit və vəziyyətinə biganə qalmayan, dövrünün müəyyən hadisələrini salnaməyə çevirən rejissorun xatirəsini ehtiramla yad etmək, unutmamaq, “kinomuzun kinosevər Davud İmanovu vardı” demək qalır. Allah ona rəhmət eləsin.

Dövlət Film Fondu