Ramiz Novruz – 70

Artıq 2 ildir ki, onu nə yeni filmlərdə, nə də tamaşalarda görürük. Məzmunlu ekran personajları isə xatirəsini hörmətlə anmağımıza, sənətini minnətdarlıq hissi ilə yada salmağımıza dönə-dönə səbəb yaradır. Söhbət Xalq artisti, teatr, kino aktyoru Ramiz Novruzdan gedir…

Onu ilk dəfə “Nizami” filmində Dərbənd hakimi əmir Daranın naibi rolunda gördük. Üzü niqablı, həcmi kiçik personajın şəxsiyyəti barədə ətraflı məlumat əldə edə bilməsək də, məzmunun axıcılığına rəvac verən personaj vəziyyətin ab-havasını çatdırmağı bacardı. Nizaminin qəzəli müqabilində Dərbənd əmirinin göndərdiyi kənizi şairə tərəf itələməklə (hörmətsizcəsinə), dövrünün qadına olan saymaz münasibətini, mühitdəki mövqeyini dərindən qavramasını, kamera ilə dəqiq rəftar etmə bacarığını məharətlə açıqladı. Bu mənada aktyorun növbəti filmdə (“Sizi dünyalar qədər sevirdim”, rejissor R.İsmayılov) baş rola dəvət alması heç də təəccüblü və təsadüfi olmadı. İki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun ekran personajını özünəməxsus təqdimatda yaddaşlara yazan aktyor, bu filmdən sonra “Alman klinikasına şəxsi səfər” detektiv dramında Baba Əliyev, “Qrinviç meridianından… kənarda” filmində polis rəisi, “Cavad xan” tarixi bioqrafik filmində Sisianov, “Məhkumlar” kinodramında mayor, “Sarı gəlin” müharibə dramında Rasim, “Cavid ömrü” filmində Mircəfər Bağırov və digər yaddaqalan obrazlar canlandırdı. Azərbaycan kinosunun yaddaqalan simalarından olan Ramiz Novruz maraqlı kino obrazları ilə yanaşı, bir sıra televiziya tamaşalarında (“Fatehlərin divanı”nda Attila, “Topal Teymur”da divanbəyi, “Salur Qazanın evi talandığı boy”da Aruz qoca və s.) məzmunlu rollar oynamaqla da geniş tamaşaçı rəğbəti qazandı, sənət uğuruna uğur qatdı.

1981-ci ildən etibarən yaradıcılıq taleyini Akademik Milli Dram Teatrı ilə bağlayan, burada hazırlanan tamaşalarda irihəcimli, mürəkkəb xarakterli rollar oynayan aktyor paralel olaraq filmlərə çəkildi, televiziya tamaşalarında yaddaqalımlı obrazlar ərsəyə gətirdi, teleseriallarda məzmunlu rollar canlandırdı. Bu isə bir ömrü hədər verməmək, sənətə təsadüfi gəlməmək, fövqündə durmaq, rollarını yüksək səviyyədə təqdim etmək deməkdir.

1955-ci ilin bir yaz günündə, 25 may tarixində Biləsuvar rayonunun Səmədabad kəndində dünyaya göz açan Ramiz Novruz taleyini 1974-cü ildən incəsənətə bağlayıb, ömrünün sonunədək (21.02.2023) məsləyinə sadiq qalıb.

M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, burada görkəmli pedaqoq Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alıb, 1978-ci ildə institutu bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Teatrda hazırlanan tamaşalarda müxtəlif xarakterli rollar oynayıb. Paralel olaraq filmlərə çəkilib, Akademik Dram Teatrında baş və aparıcı rolların ifaçısı kimi tanınıb. Ədəbi fəaliyyəti də diqqət cəlb edən aktyorun əsərlərindən ikisi tamaşaya qoyulub.

Əməkdar incəsənət xadimi, teatr rejissoruBəhram Osmanovundüşüncələrindən: “Ramiz Novruzu Akademik Milli Dram Teatrında rejissor işlədiyim vaxtda tanıdım. Orada hazırladığım bir neçə tamaşada iştirak etdi.  

20 Yanvar hadisələri baş verəndə həmvətənlərimiz kimi biz də bu faciədən çox təsirlənmişdik. Qərara gəlmişdik ki, pyes yazaq. Ramiz Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almışdı. Oranı 3-cü kursdan tərk edib İncəsənət İnstitutuna gəlmişdi. Kifayət qədər filoloji biliyə malik idi. Bədii əsərlərin təhlilinə mühüm yer verirdi. Beləliklə də “At ilinin birinci ayı” adlı pyesi  tamamladı. Biz Akademik Dram Teatrına müraciət etdik, lakin qəbul olunmadı. Belə olduqda mən tamaşanı Gəncə Dövlət Dram Teatrında hazırladım. Tamaşa  maraqla qarşılandı. Sonra yenə bizim müştərək işlərimiz oldu. Avropa dramaturgiyası və Azərbaycan ədiblərinin əsərləri əsasında hazırladığım bir neçə tamaşada o, aktyor kimi iştirak etdi.

Ramizin “Hələ “sevirəm” deməmişdilər” əsəri Ağdam şəhərinin zəbt  olunmasından bəhs edir. Əsər bədii şura tərəfindən qəbul olundu. Qərar çıxdı ki, əsəri tamaşaya hazırlayaq. Qısa bir müddət ərzində, teatrın imkansız vaxtlarında   tamaşanı hazırladıq, təhvil verdik. Bu bizim tamaşaçılara bədii ərməğanımız idi. 8 ildən çox bu tamaşa teatrın repertuarında mühüm yer tutdu. Hər birimiz bundan qürur duyurduq. Azərbaycanın bir çox bölgələrində və Akademik Dram Teatrında bu tamaşanı göstərdik.

O, işə böyük həvəslə başlayırdı, məsuliyyətlə də yanaşırdı. Təəssüf ki, biz bu tamaşadan sonra onunla müəllif və rejissor-aktyor kimi daha birlikdə işləmədik. Onu həmişə hörmətlə xatırlayıram. Allah ona rəhmət eləsin”.

Onu da qeyd edək ki, Ramiz Novruz teatr fəaliyyəti dövründə həm də tərcümə ilə məşğul olmuş, Eduardo de Filipponun “Silindr” əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmişdir. Əsəri rejissor kimi səhnələşdirmiş, özü də Attillio rolunu ifa etmişdir.

Qəlbi daim yaradıcılıq eşqi ilə döyünən aktyor sənətdəki xidmətlərinə görə 1993-cü ildə respublikanın Əməkdar, 1998-ci Xalq artisti fəxri adlarına layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilmişdir.

Dövlət Film Fondu