Azərbaycan Dövlət Film Fondunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olundu

Mayın 30-da Azərbaycan Dövlət Film Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin birgə təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi.

Əvvəlcə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyevin Fondun kino zalında Sosial Xidmətlər Agentliyinin 1, 2, 3 saylı Uşaq evi və 1 saylı Ailə tipli kiçik qrup evi sosial xidmət müəssisələrinin uşaqları ilə görüşü oldu. Görüşün birinci hissəsində “Alma almaya bənzər” filmindən hazırlanmış fraqment nümayiş etdirildi. Sonra uşaqlarla müsabiqə təşkil olundu. Fərqlənən iştirakçılar sertifikatlara layiq görüldülər, müxtəlif hədiyyələrlə mükafatlandırıldılar. Azyaşlı tamaşaçılara Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunmuş “Baharın oğurlanması” və Seyid Əzim Şirvaninin təmsilləri əsasında çəkilmiş “Ayı və siçan”, “Aslan və iki öküz” animasiya filmləri nümayiş olundu.

Sonra Dövlət Film Fonduna ekskursiya çərçivəsində uşaqlara qurumun yaranması, tarixi və fəaliyyəti haqqında ümumi məlumat verildi. Azyaşlılar məşhur Azərbaycan filmlərinin lentə alındığı tarixi kino avadanlıqları, muzey və kino lentlərinin saxlanma boksları ilə tanış oldular.

Qonaqlar Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan görüş və ekskursiyadan xoş təəssüratlarla ayrıldılar.