Film Fondunda “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirildi

İyunun 18-də Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə Azərbaycan Dövlət Film Fondunda cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi təsis edilmişdir və hər il ölkədə qeyd olunur.

Sonra çıxış edən Əməkdar incəsənət xadimi Ayaz Salayev rejissoru olduğu, Qərbi azərbaycanlıların öz tarixi torpaqlarından didərgin salınması tarixindən və onların hüquqlarının pozulmasından bəhs edən “Torpaq” filminin yaranma tarixçəsindən danışdı.

Tədbirin sonunda kinorejissor Ayaz Salayevin 2022-ci ildə “Salnaməfilm” studiyasında çəkilmiş “Torpaq” filmi nümayiş olundu.