Aktrisa Rimma Məmmədovanın doğum günüdür

Rimma Məmmədova. Bu ad çoxlarımıza “Bizim küçə” filmindən Gözəlova  Sara rolunun ifaçısı kimi yaxşı tanışdır. İkinci Dünya müharibəsi dövründə itkin düşən, vətənindən uzaqlarda yaşamağa məcbur olan azərbaycanlı qızın həyatından bəhs edən filmdə ağır günlərin sarsıntıları aktrisanın təqdimatında dolğun, inandırıcı canlandırılmışdır. Vəziyyətdən yaranan gərginliklərə baxmayaraq, Saranın mənəvi gözəlliyini, insanlığını qoruyub saxlama əzmi nümunəvi xarakter göstəricisi kimi diqqət çəkir, obraz nəsillərin sevimlisinə çevrilir.

Ekran personajının yaddaqalımlı olmasında kinorejissor Əlisəttar Atakişiyevin doğru mizanlarının əhəmiyyəti danılmazdır. Aktrisanın kinoya həvəsi, peşə məsuliyyəti, kamera qarşısında sərbəst, təmkinli davranışı da personajın yaddaqalımlı olmasına, filmin baxımlılığının artmasına səbəb yaradıb.

Onu da əlavə edək ki, bu filmə qədər “Mollanın sərgüzəşti” (rejissor H. Sasanpur) və “Koroğlu” (rejissor H. Seyidzadə) filmlərində kiçikplanlı rolda çəkilən aktrisa üçün baş rolda çıxış etmək heç də çətin olmamış, tərəf-müqabilləri ilə səmimi, dolğun tərəfdaşlıq etməyə müvəffəq olmuşdur. Rimma xanımın kinoya gəlməsi haqqındakı fikirlərindən: “Mən ilk dəfə “Mollanın sərgüzəşti” filmində rəqqasə rolunda çəkilmişəm. O zaman Bakı Xoreoqrafiya Məktəbində təhsil alırdım. Sonuncu kursda oxuyanda elə oldu ki, bir gün Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bir neçə adam gəldi. “Mollanın sərgüzəşti” filminə çəkmək üçün qız axtardıqlarını bildirdilər. Bu iranlı rejissor Sasanpurun filmi idi. O, həmin vaxtlar Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alırdı. Bu filmi diplom işi üçün çəkirdi.

Mənim həmin vaxtlar çəkiliş meydançası haqqında heç bir təcrübəm yox idi. Bununla belə, məni bəyəndilər və kiçik bir epizodda rəqqasə roluna çəkdilər. Mən bu filmdə mərhum sənətkar Möhsün Sənani ilə tərəf-müqabili idim. Onu da deyim ki, Möhsün müəllim Molla Fətəli obrazını elə inandırıcı oynayırdı, kamera qarşısında elə tez başqalaşıb, tez rola girirdi ki, təəccüblənməyə bilmirdim.  Obrazın ruhunu, xüsusiyyətini dərhal mənimsəyirdi. Bununla belə, özümü toplayırdım ki, mənə aid olan səhnə tez çəkilsin, lent hədər getməsin. Çünki həmin vaxtlar filmlər lentlərə çəkilirdi. Çox dubla çəkilmək imkanımız yox idi. Elə oldu ki, ifam rejissorun xoşuna gəldi. Filmdə rəqs etdiyim səhnə bir dubla çəkildi.

Bu filmdən sonra kinorejissor Hüseyn Seyidzadə məni “Koroğlu” filminə çəkdi. O, məni aktrisa kimi çox bəyənmişdi. Buna görə də bir neçə epizodda çəkmişdi. Lakin bədii şura filmə baxdıqdan sonra: “Bir filmdə üç aktrisa baş rolda ola bilməz”, – deyib mənə aid olan səhnələrin çox hissəsini filmdən çıxardı.

Həyatımda dönüş yaradan, məşhurlaşdıran filmdə çəkilməyimin əsas səbəbkarı kinorejissor Əşrəf Mamayevdir. Məni Sara roluna sınaq çəkilişlərinə o, dəvət etmişdi. “Bizim küçə” filmində rejissor assistenti işləyirdi. Adil İsgəndərov isə filmdə çəkilməyimi təsdiqləmişdi.

Yaradıcı mühit peşəkar olduğuna görə biz heç bir çətinlik hiss etmirdik. Demək olar ki, hər gün çəkilişdə olurduq. Film ekranlara çıxanda tamaşaçılar məni bəyənmişdilər. Bu rol məni çox məşhurlaşdırmışdı”.

1961-ci ildə ekranlara çıxan “Bizim küçə” kinodramı aktrisaya böyük şöhrət  gətirdi. Lirik-psixoloji dramda vətənindən uzaqlarda yaşayan, çətinliklərlə qarşlaşan gənc qızın qürurlu, mərd, təəssübkeş xüsusiyyəti, mənəvi üstünlüyü həyatının nicatı, insanlığın qalibiyyəti kimi əsas götürülür, filmin leytmotivini təşkil edir. Təsadüf nəticəsində inqilabçılara qoşulan Sara cəsur yoldaşlarının köməyi ilə vətəninə qayıtmağa, anasına qovuşmağa nail olur. Buna qədər isə o, həyatın bir çox çətinlikləri ilə qarşılaşır. Aktrisanın xatirələrindən: “Bizim küçə” filmində böyük bir kollektiv işləyirdi. Biz üç ay Qara dənizin sahilində qaldıq. Kollektivdə mənə qarşı böyük hörmət var idi. Həmişə deyirdilər ki, ən yaxşı otağı Rimma xanıma verin. Çətinliklərlə qarşılaşsaq da, nikbin, şən olurduq”.

Aktyorluq qabiliyyətini təkmilləşdirmək üçün Rimma Məmmədova 1962-1967-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. Paralel olaraq, 1965-ci ildə “Daha iki nəfər” filmində çəkilib. Həmçinin, 1960-1967-ci illərdə Azərbaycan Opera və Balet Teatrının balet artisti kimi fəaliyyət göstərib. 1972-1974-cü illərdə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun aspirantura şöbəsində çalışıb. 1978-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin direktoru vəzifəsinə təyin edilib.

Kinoda az çəkilməyinin səbəbini aktrisa belə izah edib: “Bizim küçə” filmindən sonra kinorejissor Həsən Seyidbəyli məni “Telefonçu qız” filmində Mehriban roluna dəvət etdi. Mən qəti etirazımı bildirdim. Çünki pedaqoq olmaq istəyirdim. Mənim ancaq bu sahəyə marağım vardı. Daha sonra Həbib İsmayılov “Böyük dayaq” filmində Maya roluna məni çəkəcəyini bildirdi. Mən isə yenə də çəkilməkdən imtina etdim və kinodan birdəfəlik uzaqlaşdım”.

Sənət sirlərini tələbələrinə böyük məhəbbətlə tədris edən Rimma Məmmədova 1967-1987-ci illərdə İncəsənət İnstitutunda pedaqoji fəaliyyət göstərib. 2000-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında səhnə hərəkətlərinin əsasları və rəqs fənnləri üzrə dərs deyib. 2012-ci ildə akademiyanın Solo oxuma və opera hazırlığı kafedrasının dosenti olub. “Səhnə hərəkətinin əsasları” (2010) və rəqs sənəti haqqında proqram (2005) və metodiki tövsiyələri yazıb. Sənətdəki xidmətlərinə görə 2007-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Göründüyü kimi, bir çoxlarının ayrıla bilmədiyi kinonun cazəbəsi Rimma xanımı özünə çəkə bilmədi. Daxili dünyasının zənginliyi, zərif duyğularının incəliyi onu sənətin gözəlliyini daha geniş təbliğ etməyə, tələbələrinə öyrətməyə istiqamətləndirdi. Nəcib və məsuliyyətli işində Rimma Məmmədovaya uğurlar, cansağlığı arzulayırıq.

Dövlət Film Fondu