Özünəməxsus dəst-xətinə görə seçilən, maraqlı kadr quruluşlarına görə filmlərin baxımlılığını təmin edən kinooperator, kinorejissor, Əməkdar incəsənət xadimi Valeri Kərimovun anadan olmasının 80 illiyidir. Kinostudiyaya gəldiyi ilk vaxtlardan potensialını təsdiqləyən kinematoqrafçı 1960-cı illərin əvvəllərindən etibarən müxtəlif filmlərdə assistent kimi işləyib (“Ulduz” (E.Qalakçiyevlə birgə), “Mən ki gözəl deyildim” (Z. Babayev, V. İvaşşenkovla birgə) və s.), görkəmli kino xadimlərinin sənət təcrübələrindən bəhrələnib. Məzmunlu yaradıcılığı ilə kinostudiyanın nüfuzunu artıran, istehsalat bazasını zənginləşdirən kino adamlarından biri kimi tanınıb.
Ümumiyyətlə, Kərimovları kinematoqrafçılar ailəsi adlandırırdılar. Valeri Kərimov 1945-ci ildə, iyun ayının 26-da Bakıda dünyaya göz açıb. Hələ kiçik yaşlarından fotoqrafiya sənətinə həvəs göstərib. Qardaşı Tofiqlə birlikdə fotoqrafiya ilə məşğul olub. Əmək fəaliyyətinə 16 yaşında “Bakıtuneltikinti” idarəsində fəhlə kimi başlayıb. Lakin fotoqrafiyaya və kinoya olan həvəsinə görə bir il sonra iş yerini dəyişib, kinostudiyaya gəlib. Bir müddət sonra qardaşı Tofiq də taleyini kinostudiya ilə bağlayıb. Burada 30 ildən artıq fotoqraf-rəssam kimi (“Onun bəlalı sevgisi”, “Qaladan tapılan mücrü”, “Şahid qız”, “Bəxt üzüyü”, “Qətldən yeddi gün sonra”, “Şirbalanın məhəbbəti” və s. filmlərdə) çalışıb, 40-dan artıq filmdə əməyi olub.
Valerinin həyat yoldaşı Tatyana xanım Leninqrad Kino Mühəndisləri İnstitutunu bitirib. Uzun illər kinostudiyada səs operatoru kimi çalışıb. Oğlu Teymur Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinoşünaslıq ixtisası üzrə təhsil alıb. Sonralar səs operatoru kimi “Həqiqət anı”, “Qraf Krestovski” çoxseriyalı televiziya bədii və digər filmlərdə çalışıb.
Valeri Kərimov kinostudiyaya gəldiyi vaxtlarda işgüzarlığına görə tez bir zamanda həmkarlarının rəğbətini qazanıb. Daha sonra Moskvaya gedib, 1969-1974-cü illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator fakültəsində təhsil alıb. Doğma kinostudiyaya qayıtdıqdan sonra müxtəlif janrlı filmdə operator kimi çalışıb, 40-dan artıq (sənədli, “Mozalan” və bədii filmlərdə) filmdə işləyib.
Valeri Kərimovun bədii kinoda ilk böyük işi “Çarvadarların izi ilə” (1974) bədii televiziya filmidir. Film yazıçı, dramaturq İlyas Əfəndiyevin “Körpüsalanlar” romanının motivləri əsasında kinorejissor Tofiq İsmayılov tərəfindən ekranlaşdırılıb. Filmdəki təbiət və çöl təsvirləri operatorun maraqlı prizmalarından təqdim edilib, Azərbaycanın təbiəti, zəhmət adamlarının və kənd sakinlərinin daxili dünyaları, hadisələrə olan fərdi münasibətləri mövzu ilə üzvi şəkildə əlaqələndirilib, bədii tutumlu kadrlar filmin baxımlılığına zəmin yaradıb.
Bu filmdən sonra o, “Ömrün səhifələri” kinoalmanaxında “Baladadaşın ilk məhəbbəti” (rejissor F.Əliyev) və “Nəğmə dərsi” (rejissor G.Əzimzadə) novellalarında işləyib. Vəziyyətin məzmununu, personajların hadisələrlə bağlı psixoloji durumunu ön plana çıxarmağa müvəffəq olan operatorun peşə biliciliyi rejissorların ona dönə-dönə müraciət etməsinə səbəb yaradıb, fərqli mövzularda işləməsinə, sənət təcrübəsinin artmasına təkan verib.
Kinorejissor Gülbəniz Əzimzadə ilə dörd filmində çalışan (“Nəğmə dərsi”, “Qaladan tapılan mücrü”, “Ötən ilin son gecəsi”, “Avqust gələndə”) operator hər bir filmin təsvirinin uğurlu həllinə nail olmuş, rejissor ideyasını fərdi yaradıcılıq üslubunda təsdiqləmişdir. Gülbəniz xanımın xatirələrinə fikirlərimizin təsdiqi kimi istinad edək: “Valeri ilə bir neçə filmdə işləmişəm. Onun peşəkarlığı, səliqə-sahmanı, işgüzarlığı diqqətimdən heç vaxt yayınmırdı. İş prosesində aramızda yaranan fikir birliyi, birgə işimizin rəvan getməsi bir çox epizodların maraqlı, baxımlı alınmasına səbəb olmuşdur. Elə buna görə də rejissorlar Valeri ilə məmnuniyyətlə işləyirdilər”.
1970-1980-ci illər Valeri Kərimovun filmoqrafiyasının zənginləşməsində uğurlu mərhələ sayıla bilər. Bu illər ərzində o, “Alma almaya bənzər”, “Arxadan vurulan zərbə”, “Bir ailəlik bağ evi”, “İlıq dənizdə buz parçası”, “Qızıl uçurum” (K.Məmmədovla birgə), “Qorxma, mən səninləyəm”, “Sizi dünyalar qədər sevirdim”, “Sürəyya”, “Yuxu” və digər filmlərə operator kimi quruluş verib. Filmlərin təsvir həllinin maraqlı, məzmunlu olmasını təmin edib. Hər bir mövzuya uyğun məkanları, natura və pavilyon çəkilişlərini bacarıqla lentə alıb, yeri gələndə Azərbaycanın füsunkar təbiətini, mənzərəli dağlarını, vadilərini böyük ustalıqla təcəssüm etdirib, həmçinin ekran personajlarının fərdi mövqelərini, duyğu və psixologiyalarını yaradıcı nöqteyi-nəzərindən dəqiqliklə şərh edib.
Yüksək sənətkarlıq keyfiyyətinə görə kinosevərlərin hörmətini qazanan Valeri Kərimov kinorejissor kimi də böyük uğurlara imza ata bilərdi. Təəssüf ki, ölüm aman vermədi. Daim yaradıcılıq axtarışında olan, kino sənətinin vacibliyini, həyat, cəmiyyət üçün önəmli tərəflərini mövzulara fərdi yanaşmasında, üslub və tərzində təlqin edən kino xadimi 1998-ci ilin 9 mart tarixində dünyasını dəyişib. Allah ona rəhmət eləsin. Böyük şövqlə, peşəkarlıqla ekranlaşdırdığı filmləri isə məzmunlu təsvir həllinə görə aktuallığını, baxımlılığını qoruyub saxlayıb.
Dövlət Film Fondu