Tanınmış kinoşünas, Əməkdar incəsənət xadimi Ayaz Salayevin adı çəkiləndə Azərbaycan teleməkanında ilk dəfə dünya kinosu haqqında yüksək səviyyədə informasiya çatdıran, veriliş hazırlayan ziyalı kino xadimi yada düşür. Nəzərə alanda ki, ötən əsrin 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində dünya kino inciləri haqqında çox az məlumatlar eşidə və yaxud məşhur ekran əsərlərinə nadir hallarda baxa bilirdik, o zaman Ayaz müəllimin tez bir zamanda məşhurlaşmasının səbəbi aydınlanır.
1979-cu ildən etibarən tamaşaçılara “Retro” kino verilişinin aparıcısı, kinoşünas, daha sonralar kinorejissor kimi yaxşı tanış olan Ayaz Salayev avqust ayının 1-də 65 yaşını qeyd edir. Fürsətdən istifadə edib Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından Ayaz müəllimi ürəkdən təbrik edirik. Ona möhkəm cansağlığı, işlərində yeni nailiyyətlər arzulayırıq.
Ayaz Salayev 1960-cı ildə Bakıda ziyalı ailəsində anadan olub. Kinoya hələ kiçik yaşlarından həvəs göstərib. Yaddaşının iti olduğundan hər zaman razılıq edən kinoşünas uşaq yaşlarından vurulduğu filmlərin təsiri altında kinonun sehrli cazibəsindən ayrılmadığını etiraf edir. “Kino həyatıma çox tez girdi. Uşaqlıqda televiziyada baxdığım ilk filmlər, evimizlə üzbəüz olan “Xəzər” kinoteatrında izlədiyim ekran əsərləri məni heyran edirdi. Dörd yaşım olanda kinoteatrda baxdığım “Parisin sirləri”, “Heraklın şücaətləri” və digər filmlər mənə çox böyük təsir etmişdi”, – deyən A.Salayev kino sənətinin peşəkarı olmaq niyyəti ilə həyatını bütünlüklə bu sənətin təhlil və tədris prosesinə həsr etdi.
1982-ci ildə Moskvanın Kinematoqrafiya İnstitutunun kinoşünaslıq fakültəsini, 1988-ci ildə aspiranturanı bitirən nümunəvi tələbə institutda aspirantlar içindən seçilərək pedaqoji fəaliyyətə cəlb edilib. 1986-88-ci illər Kinematoqrafiya İnstitutunda müasir dünya kinosu fənnindən dərs deyib.
Moskvadan qayıtdıqdan sonra kinorejissor Eldar Quliyevin dəvəti ilə “Debüt” studiyasının nəzdində ilk sənədli filmini çəkib. “Mən kinoşünaslığı rejissorluq sənəti üçün bir tramplin kimi görürdüm”, – deyən tanınmış kinoşünas rejissorluq sənətinə gəlməyə imkan yaratdığına görə Eldar Quliyevə minnətdar olduğunu söyləyir.
Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın acınacaqlı taleyi fonunda keçmişə nəzər salan, dövrün ictimai-siyasi motivlərini yaşlı qadının şərhində təqdim edən “Ata” filmi emosional şərhinə görə tamaşaçılar tərəfindən maraqla qarşlandı. 1991-ci ildə Bakıda Azərbaycan filmlərinin I festival-müsabiqəsində ən yaxşı debütə görə mükafata layiq görüldü. 1992-ci ildə kinorejissor Arif Babayev adına Respublika “Bilik” Maarifçilik Cəmiyyətinin diplomunu qazandı.
1983-cü ildən “Azərbaycanfilm” kinostudiyasında redaktor vəzifəsində çalışan kino bilicisi paralel olaraq, televiziya üçün 200-dən artıq dünya kinosuna həsr olunmuş müəllif verilişi hazırlayıb. 1988-ci ildə Azərbaycan Elmlər Akademiyasında elmi işçi, “Azərkinovideo” İB-də məsləhətçi, 1994-2003-cü illərdə Dövlət Film Fondunda bədii rəhbər, direktor müavini (2024-cü ildən) vəzifələrində çalışıb. Müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib. “İnternyus-Azərbaycan”da rejissor kimi fəaliyyət göstərdiyi müddətdə bir neçə sənədli film və sosial məzmunlu çarx çəkib. 27 dekabr 2024-cü ildən Azərbaycan Professional Kinorejissorlar Gildiyasının İdarə Heyətinin sədri kimi fəaliyyət göstərir.
A.Salayevin ssenariləri əsasında çəkilən “Ordubad”, “Təkulduz”, “Fərqlənmə” sənədli filmləri müxtəlif mövzuları araşdırır. “Sübhdən başlanan həyat”, “Qarabağın həsrət salnaməsi” (2016-2017), “Torpaq” filmləri rejissorun vətənpərvər mövqeyini, ictimai-siyasi hadisələrə münasibətini ortaya qoyur.
1995-ci ildə quruluş verdiyi “Yarasa” bədii filmi Azərbaycan kinosunu dünyaya çıxaran, milli kinomuza yeni nəfəs gətirən film kimi tarixə düşdü. Fransada Avropa filmlərinin beynəlxalq festivalında baş mükafata layiq görüldü, 25 ölkənin beynəlxalq festivallarında nümayiş olunaraq bir çox mükafatlar aldı.
Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayəti olan “Ağ-qara gecələr” kinodramı rejissorun ikinci tammetrajlı bədii filmidir.
Kino adamı üçün ən böyük mükafat izləyiciləri ilə daim ünsiyyətdə, yaradıcılıq müzakirələrində olmaq, onları duymaq, sevgiləri ilə əhatələnməkdir. Yaradıcılığında insan mənəviyyatının kamilləşməsi prinsipini əsas tutan, xarici faktorların daxili ziddiyyətlərin yaranmasındakı rolunu müəyyənləşdirən, mədəni-mənəvi mühiti formalaşdıran dəyərləri psixoloji tərz və üslubunda qabardan ziyalı rejissorumuza yubiley ərəfəsində bir daha geniş yaradıcılıq imkanları, tükənməz tamaşaçı rəğbəti arzulayırıq.
Dövlət Film Fondu