Fəxrəddin Manafov – 70

Xalq artisti Fəxrəddin Manafovun 70 illik yubileyidir. Dövlət Film Fondunun əməkdaşları və çoxsaylı kinosevər adından istedadlı aktyorumuzu ürəkdən təbrik edir, cansağlığı, yaradıcılıq nailiyyətləri arzulayırıq.

Onu bütünlüklə romantik aktyor məktəbinin davamçısı adlandıra bilərik. Buna filmlərdə canlandırdığı irili-xırdalı rolları və dublyaj fəaliyyətində ahəngdar, məxməri səsi ilə nəfəs, can verdiyi təqdimatı əsas verir.

A.M.Şərifzadə adına Aktyor evində kinomexanik işləyərkən 16 yaşlı gəncin bəlkə də ağlına  gəlməzdi ki, nə vaxtsa böyük tamaşaçı auditoriyasının sevimlisinə çevriləcək. Həmçinin canlandırdığı ekran personajlarının bir çoxunun adını yeni doğulan körpələr, ekranlardan onu tanıyacaq, rəğbət bəsləyəcək nəsillər daşıyacaq. Bu mənada görkəmli kinorejissorlar Rasim Ocaqov və Rüstəm İbrahimbəyovun sevimli aktyoru olan Fəxrəddin Manafovu sözün əsl mənasında xoşbəxt sənət adamı adlandırmaq olar.

Kinonun sevdiyi və kinonu sevdirən sima kimi qəbul edilən Fəxrəddin Manafovun bəxti onda gətirib ki, ali təhsilini başa vurduqdan sonra (1980) Aktyorlar evində məşhur teatr rejissoru Vaqif İbrahimoğlu ilə tanış olub. Onun quruluşunda “Ac həriflər” tamaşasında səhnəyə çıxıb. Teatrda hazırlanan “Şəhriyar” tamaşasında ifa etdiyi Məhəmmədhüseyn Şəhriyar rolu ona uğur qazandırıb. Tez bir zamanda tanınmasına, filmlərə dəvət almasına səbəb yaradıb.

Kinoda debüt rolunu “Azərbaycanfilm” kinostudiyasında istehsal edilmiş  “Arzunu yarat” eksperimental animasiya filmində ifa edən F. Manafov daha sonra bir-birinin ardınca irihəcmli rollara imza atıb.

“Üzeyir ömrü” bioqrafik kinodramında Hüseyn Ərəblinski (aktyor Mikayıl Kərimov) obrazını səsləndirmişdir. “Evləri köndələn yar” (1982) televiziya tamaşasında oynadığı Şamil rolu potensial imkanlarını üzə çıxaran, sevdirən personajlardan biri kimi bu gün də baxılır, sevilir. Ənvər (“İşgüzar səfər”), Marat (“Park”), Teymur (“Şeytan göz qabağında”), Yusif (“Ölsəm… bağışla”), Zaur (“Təhminə”), Kərim Əsgəroğlu (“Otel otağı”), narkobaron Sadıqov (“Dronqo”), Rza (“Əlvida, cənub şəhəri”), İbrahim xan (“Hökmdarın taleyi”), Abbasqulu ağa Bakıxanov (“Sübhün səfiri”), Ziyad xan (“Mahmud və Məryəm”) kimi rolları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Fəxrəddin Manafov kinoda göstərdiyi xidmətlərə görə, 1987-ci ildə Əməkdar, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 2006-cı ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2025-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Sevilən aktyorumuz Fəxrəddin Manafovu bir daha doğum günü münasibətilə təbrik edir, ona cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Dövlət Film Fondu