Xalq artisti Hacı Murad Yagizarov vəfat etdi

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, görkəmli kinoaktyor Hacı Murad Yagizarov vəfat etmişdir.

Hacı Murad Yagizarov 1939-cu ildə Bakıda anadan olub. Orta məktəbi 1957-ci ildə bitirib. Hələ məktəbdə oxuyarkən dram dərnəklərinə gedib, müxtəlif tamaşalarda çıxış edib. Sənətə olan sevgisinə görə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb (1958-1962).

Murad Yagizarovu kinorejissor Tofiq Tağızadənin kəşfi adlanmaq olar. Onun quruluş verdiyi “Uzaq sahillərdə” (1958) filmində debüt rolunu (partizan) ifa edib. Bunun ardınca isə kinorejissor Həbib İsmayılovun quruluş verdiyi “Ögey ana” filmində çoban Ayaz roluna çəkilib. Peşəkar kinematoqrafçılarla çiyin-çiyinə çalışması onun kinoya marağını daha da artırıb.

1962-ci ildə ali sənət məktəbini bitirdikdən sonra Səməd Vurğun adına Rus Dram Teatrında aktyorluq fəaliyyətinə başlayan gənc aktyor 1960-70-ci illərdə teatrın səhnəsində oynanılan bir sıra məşhur tamaşalarda (“Sən niyə yaşayırsan?”, “Həyat necə də qısadır”, “Öz yolunla”, “Şeyx Sənan”, “Arzu tramvayı” və s.) rol alıb. Əsas yaradıcılıq prinsipini teatr fəaliyyəti təşkil edən aktyor Azərbaycan və xarici dramaturqların əsərləri əsasında hazırlanan 200-dən çox rola səhnə həyatı verib.

Hacı Murad Yagizarov Azərbaycan kino tarixində xüsusi yer tutan “Böyük dayaq”, “Arşın mal alan”, “İnsan məskən salır”, “Bir cənub şəhərində”, “O qızı tapın”, “Ən vacib müsahibə”, “Səmt küləyi”, “Babək”, “Bizi bağışlayın”, “Nizami”, “Bağ mövsümü”, “İçəri şəhər” filmlərində yaddaqalan obrazlar yaradıb.

Allah rəhmət eləsin!