Ötkəm İsgəndərov – 70

Əməkdar artist Ötkəm İsgəndərov yubiley yaşını qeyd edir. Dövlət Film Fondunun əməkdaşları və kinosevərlər adından Ötkəm müəllimə cansağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Ötkəm Ağasəf oğlu İsgəndərov 1955-ci il oktyabrın 5-də Neftçala şəhərində anadan olub. 1975-1979-cu illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakültəsində təhsil alıb. 1975-ci ildən filmlərə çəkilib, 40-dan artıq filmdə (aktyor və film səsləndirən) işləyib. Həmçinin “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışıb. Kinoda debüt işi “Tütək səsi” filmində yaratdığı Tapdıq obrazı olub və ona geniş tamaşaçı rəğbəti qazandırıb, sənət uğuru gətirib. Bundan sonra o, “Firəngiz”, “Bircəciyim”, “Bizi bağışlayın”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Tənha narın nağılı” və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb.

Aktyorun uğurlu rollarından biri də kinorejissor Oqtay Mir-Qasımın 1985-ci ildə çəkdiyi “Cin mikrorayonda” macəra filmində yaratdığı Rüstəm obrazıdır.  Nəşriyyat korrektoru Rüstəm Ağayev obrazının təfsirində aktyor müsbət keyfiyyətlərə, yüksək mənəvi dəyərlərə malik olmağın vacibliyini vurğulayıb. Bu kimi humanist mövqeli təvazökar insanların düzgünlüyünə, səmimiliyinə görə ən çətin məqamlardan üzüağ çıxdıqlarını özünəməxsus jest və ifadələrlə çatdırıb.

Kinorejissor Tofiq İsmayılovun quruluş verdiyi “Əzablı yollar” nağıl filmində isə canlandırdığı Məlikməmməd obrazı ilə böyüklü-kiçikli geniş tamaşaçı auditoriyasının diqqətini çəkməyi bacarıb. İstedadlı aktyor həmçinin xarici kinostudiyaların istehsalı olan filmlərdə maraqlı rollar yaradıb. “Naqqal” (1978, Rusiya), “Batterflayın qayıdışı” (1982, Ukrayna), “Səhnədə Lurixdir” (1983, Estoniya), “Arzular” (2005, İran), “Yanlış anlama” (2017, Türkiyə) və digər filmlərdə çəkilib.

Ötkəm İsgəndərov 1991-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti fənnindən dərs deyib. Eyni zamanda aktyor sənəti fakültəsinin dekanı vəzifəsində çalışıb. Sənətdə göstərdiyi xidmətlərə görə Əməkdar artist fəxri adına layiq görülüb (2005).

Dövlət Film Fondu