Hüseyn Seyidzadə – 115

Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Hüseyn Seyidzadənin anadan olmasının 115 illiyidir. Azərbaycan kinosunda ən çox maneələrlə rastlaşan, lakin ona qarşı olunan bütün haqsızlıqlara böyük istedadı, yaradıcılıq nailiyyətləri ilə cavab verən, şəxsiyyətinin ucalığını, sənətinin ölməzliyini dəfələrlə sübut edən unudulmaz kino xadimimizin əziz xatirəsini dərin ehtiramla yad edirik.

Hüseyn Seyidzadə 1910-cu il oktyabrın 15-də İrəvan şəhərində kəndli ailəsində anadan olmuşdur. 1918-ci ildə ailəsi Bakıya köçmüşdür. 15 yaşında o, trikotaj fabrikində fəhlə kimi çalışmış, 1928-ci ildə Bakı İşçi Teatrında aktyor kimi fəaliyyət göstərmiş, əsasən kütləvi səhnələrdə çıxış etmişdir. 1929-cu ildə Leninqrada (indiki Sankt-Peterburq) göndərilmiş, orada Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçmişdir. 1930-cu ildə böyük yaradıcılıq eşqi ilə “Azərfilm” kinostudiyasına gələn rejissor, ömrünün sonunadək orada çalışmışdır.

Studiyaya gəldiyi ilk vaxtlarda istehsal olunan “İlk komsomol buruğu” bədii  filmində neftçi, “Əlsiz adamlar” bədii təbliğat-təşviqat filmində fəhlə rollarında çəkilən gənc kinematoqrafçı 1931-ci ildə Moskvaya Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almağa göndərilmişdir. Ali kino məktəbində gələcəyin tanınmış kinematoqrafçılarından, Azərbaycanın bədii, sənədli kino salnaməsinə töhfələr verən Niyazi Bədəlov, Əlisəttar Atakişiyev və Əsgər İsmayılovla birlikdə kinonun sirlərinə dərindən bələd olmuş, peşə bilgisini genişləndirmişdir.

1936-cı ildə institutu bitirib Bakıya qayıdan H.Seyidzadə kinostudiyada  istehsal olunan “Bakılılar”, “Bir ailə” filmlərində rejissor assistenti, daha sonra dublyaj rejissoru kimi çalışmışdır. 1940-cı ildə Niyazi Bədəlovla birgə “Ayna” bədii filmini çəkməyə başlamış, lakin müəyyən səbəblərdən filmin çəkilişləri dayandırılmışdır. Rejissor 1942-ci ildə həmin filmin materialları əsasında “Sovqat” qısametrajlı bədii filminə quruluş vermişdir.

Daim kino bilgisini dərinləşdirməyi, əsasən də tammetrajlı bədii filmlər çəkməyi planlaşdıran H.Seyidzadə bir müddət “Lenfilm”, “Mosfilm” və M.Qorki adına kinostudiyalarda təcrübə keçmiş, burada istehsal olunan bir sıra filmlərdə rejissor assistenti, ikinci rejissor kimi işləmişdir. Bakıya qayıtdıqdan sonra 1945-ci ildə “Əbədi odlar ölkəsi” tammetrajlı sənədli filmini çəkmişdir.

1953-cü ildə kinostudiya rəhbərliyi “Doğma xalqıma” bədii-sənədli filminin çəkilişlərini kinorejissor Yan Fridlə birlikdə H.Seyidzadəyə həvalə edir. Filmin yaradıcı heyəti Azərbaycanın ilk rəngli bədii-sənədli filmini böyük həvəslə ekranlaşdırır və 1954-cü ildə film müvəfəqiyyətlə ekranlara buraxılır.

Bundan başqa Azərbaycanın ilk rəngli bədii fimini ekranlaşdırmaq da H.Seyidzadənin yaradıcılıq qismətinə düşür. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” operettasını çəkmək H.Seyidzadəyə  həvalə edilir. Rejissor əsərə xüsusi diqqətlə yanaşmış, əsəri yüksək peşəkarlıqla, maraqlı, koloritli quruluşda ərsəyə gətirmişdir. XX əsrin əvvəllərindəki Bakı mənzərəsini, insanların münasibətlərini, ailə-məişət problemlərini dövrə aid realist planlarda (natura, dekorasiya) təqdim etmişdir. Qəliz cəhətləri, qeyri-normal düşüncələri, davranışları ilə gülüş doğuran personajların məzəli xüsusiyyətlərini aktyor ifalarında peşəkar mizanları ilə çatdırmağa nail olmuşdur.

H.Seyidzadə 1960-cı ildə Azərbaycanın ilk genişekranlı filmi olan, əfsanəvi qəhrəman Koroğlunun və döyüş yoldaşlarının igidliklərindən bəhs edən “Koroğlu” tarixi bioqrafik filmini ekranlaşdırmışdır. Kino dastanında igid sərkərdənin üstün şəxsi keyfiyyətlərindən, dövrünün bir çox amansız qanunlarından, xalqın feodal zülmü altında əzilməsindən, Koroğlunun və dostlarının xalqın azadlığı uğrunda apardığı mübarizədən bəhs edilir.

Müxtəlif dövr və mövzulara müraciət edən sənətkar 1965-ci ildə quruluş verdiyi “Yenilməz batalyon” filmində XX əsrin əvvəllərində Azərbaycanın ucqar ərazilərinin birində baş verən inqilabi hadisələri ekranlara gətirmişdir. Çar hökuməti tərəfindən Zaqatalaya sürgün edilmiş “Potyomkin” zirehli gəmisinin üsyankar matrosları ilə yerli inqilabçıların Rusiya imperiyasına qarşı birgə mübarizəsinin vizual hekayəsini təqdim etmişdir.

Rejissorun 1969-cu ildə çəkdiyi “Dəli Kür” kinodramı ötən əsrin əvvəllərində Azərbaycanda baş verən hadisələrdən, qabaqcıl ziyalıların formalaşmasından, ilk mütərəqqi pedaqoqların azərbaycanlı övladlarını çətinliklə təhsilə cəlb etmələrindən və bu yolda qarşılaşdıqları böyük maneələrdən danışır. Paralel olaraq ailə-məişət zəminində cərəyan edən vəziyyətlər fonunda ictimai davranış qaydaları təəccüb doğurur, mürəkkəb cəhətli insanların mühit və cəmiyyət üçün təhlükəli münasibətləri, qeyri-normal cəhətləri böyük məyusluq hissi yaradır.

Kino kollektiv sənət növü olduğu üçün rejissordan yaradıcı heyətlə ustalıqla işləmək, onların potensial imkanlarını üzə çıxarmaq məharəti tələb edir. H.Seyidzadə də çəkdiyi filmərdə böyük aktyor məktəbi yetişdirmiş, hər bir filmi ilə tamaşaçıların, film iştirakçılarının qəlbində, yaddaşında dərin iz salmışdır.

Təəssüflər olsun ki, belə bir tanınmış kino ustasının bir neçə il bədii film çəkmək imkanı olmadı. Həmin ərəfədə o, “Mozalan” satirik bədii kinosüjetlərində epizod rollara çəkildi.

H.Seyidzadənin sonuncu quruluş verdiyi ekran əsəri “Qayınana” kinokomediyasıdır. Ə.İbrahimov və M.Maleyevanın ssenarisi əsasında ekranlaşdırılan filmdə ailə-məişət problemi çərçivəsində mühüm insani faktorlar qabardılır, mehriban münasibətlərin, qarşılıqlı anlaşmanın bütün münaqişələrin həlli yolunda vacib amil olduğu vurğulanır.

Ailə tamlığının qorunması üçün əlbir olan personajların (Ayazın dostlarının) yaratdığı vəziyyət komediyası incə yumorla, maraqlı nüanslarla çatdırılır. Ailədaxili ünsiyyət və davranışın qaçılmaz olması fikri şərtləndirilir. Səmimi ifalar, məzmunlu fikirlər düşüncələrdə iz salır, kinokomediyanın mahiyyəti ekran ömrünü uğurla yaşamasına imkan yaradır.

Filmləri nəsillərin tərbiyəsində əhəmiyyətli rol oynayan, Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri olan Hüseyn Seyidzadə təəssüflər olsun ki, milyonların rəğbətini qazanan filmlərini böyük sıxıntılar,  maneələr içərisində ərsəyə gətirdi. Bununla belə, ona verilən şanslardan məharətlə istifadə etdi, daxili dünyasının gözəlliyini, düşüncə zənginliyini filmlərində əks etdirdi.

Birinci növbədə onu narahat edən, düşündürən, cəmiyyətin mənəvi dirçəlişində əhəmiyyətli rol oynayan mövzulara toxundu. Vacib məsələlərin həlli yolunu özünəməxsus quruluşlarında təhlil obyektinə çevirdi. İnsanlığı yaşadan, ucaldan amilləri qabartdı, humanist əməllərin, gözəl ənənələrin yaşayacağı fikrini filmlərinin leytmotivinə çevirdi.

Görkəmli sənətkarın filmləri mövzusuna görə bu gün də aktualdır, müasirdir.  Bəzi məntiqli nüanslarına görə də “həyatımızda mayak roluna çevrilən işıqlı cığırdır” desək, yanılmarıq. Odur ki, rejissorun filmlərini hər dəfə izlədikdə: “Allah sənə rəhmət eləsin, böyük sənətkar” – deyir, yaradıcılığını minnətdarlıq hissi ilə alqışlayırıq.

Dövlət Film Fondu