Əli Qafarov – 90

İstedadlı yazıçı, kinodramaturq, ssenarist Əli Qafarovun 90 illik yubileyidir.

Əli Hüseyn oğlu Qafarov 1935-ci il oktyabrın 16-da Ukraynanın  Dnepropetrovsk vilayətinin Sinelnikovo şəhərində anadan olub. Qafarovlar ailəsi Lənkərana köçəndən sonra Ə.Qafarov şəhər orta məktəbini burada bitirib. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olub. İkinci kursu bitirəndən sonra, 1956-cı ildə Moskvaya, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsində təhsil almağa göndərilib. Az müddət sonra kurs yoldaşları ilə birgə gizli gənclər dərnəyinin təşkilində ittiham olunaraq cəzalandırılıb. 1956-cı ildən 1960-cı ilə kimi Sibir düşərgələrində olub. Cəzasını çəkəndən sonra “Hidroenerjilayihə”də, Anqar ekspedisiyasında, SSRİ Elektrik Stansiyaları Tikintisi Nazirliyinin təşkilatında topoqrafik və qazma dəstələrində fəhlə işləyib (1960-1962). Az sonra respublika və ümumittifaq dövri nəşrlərində Ə.Qafarovun “Sibir” hekayələri işıq üzü görmüş, ədəbi ictimaiyyətin diqqətini özünə cəlb etmişdir. Vətənə qayıtdıqdan sonra jurnalist kimi çalışmış, 1962-1967-ci illərdə  “Bakinski raboçi” qəzetində ədəbi işçi vəzifəsində işləmişdir.

Həyat təcrübəsi, yaşadığı çətinliklər mütləq şəkildə düşüncələrində dərin iz buraxmış, kinodramaturq olmaq arzusu bir an da olsa onu rahat buraxmamışdır. Buna görə də o, 60-cı illərin sonunda Moskvada Ali rejissorluq və ssenaristlər kurslarına, məşhur kinodramaturq Aleksey Kaplerin emalatxanasına daxil olmuşdur.

Ötən əsrin 70-ci illəri Əli Qafarovun istedadının çiçəkləndiyi dövr sayılır. Bu ərəfədə o,  C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında məhsuldar işləmiş, bir neçə bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli film (“Mahnıya həsr olunmuş həyat”, “Milli müdafiə arxasında”, “Sevinc sarayı”, “Dirçəldilmiş torpaq”, “Fəhlə Gülbala”, “Odla təmasda”, “Neft Akademiyası”, “Xəzər Atlantidası”, “Mayılovlar ailəsi”) üçün ssenarilər yazmışdır.

Kinorejissor Tofiq Tağızadənin çəkdiyi “Qızıl qaz” kinodramında ictimai-mənəvi problemlərə toxunulur. Balıqçılıq qəsəbəsində yaşayan insanların həyatının bir neçə günü haqqında danışılır. Xəzərin sahilinə yaxın yerləşən Sarı adasının əsrarəngiz təbiətindən, buradakı sakinlərin məşğuliyyətindən, məişətindən, adət-ənənələrindən, təzadlı münasibətlərindən  bəhs edilir.

“Çarvadarların izi ilə” filmində isə ulu babalarının açdıqları cığırlarla, saldıqları izlərlə gedərək yol çəkən insanlardan, inşaatçılardan bəhs edilir.

Kinodramaturq Ə.Qafarovun ssenariləri əsasında ərsəyə gələn sənədli filmlərin mövzuları da maraqlıdır. 1969-cu ildə kinorejissor S.Bədəlovun çəkdiyi “Mahnıya həsr olunmuş həyat” filmi SSRİ Xalq artisti Şövkət Məmmədovaya həsr olunmuşdur.

Kinorejissor T.Bəkirzadə öz qüvvəsini kinoportret janrında sınayaraq məşhur neftçi Gülbala Əliyev haqqında “Fəhlə Gülbala Əliyev” filmini ərsəyə gətirmişdir. Filmin mərkəzində tanınmış neftçi, ömrünün 80 ilini Azərbaycan torpağından qara qızıl çıxarmağa həsr etmiş, Sosialist Əməyi Qəhrəmanı G.Əliyevin həyat tarixçəsi durur. Onu da qeyd edək ki, film 1971-ci ildə Qorki şəhərində keçirilən, fəhlə sinfinə həsr olunan kinofestivalda diploma layiq görülmüşdür.

Ə.Qafarov və Ə.Muğanlının birgə yazdıqları ssenari əsasında kinorejissor Y.Əfəndiyevin lentə aldığı “Odla təmasda” filmi Azərbaycan xalqının Sovet İttifaqının digər xalqları ilə dostluq və əməkdaşlığı mövzusuna həsr olunmuşdur.

Rejissor N.İsrafiloğlunun çəkdiyi “Mayılovlar ailəsi” filmində Balaxanıda yaşayan neftçi sülalənin başçısı Cənnət, onun oğlu Rzaddin və nəvələri ilə tanış oluruq.

Vətənini, xalqını sevən, hekayə və ssenarilərində sonsuz məhəbbətini əks etdirən Əli Qafarov təəssüflər olsun ki, çox yaşamadı. 1979-cu ildə 44 yaşında faciəli şəkildə həlak oldu. Vəfatından sonra Moskvada hekayə və povestlərindən ibarət “Qızıl qaz” adlı kitabı (“Sovetski pisatel” nəşriyyatı, 1984-cü il) nəşr olundu. Ssenariləri əsasında ərsəyə gələn filmlər isə istedadını bir daha təsdiqlədi, xatirəsini əbədiləşdirdi.

Dövlət Film Fondu