Tanınmış kinematoqrafçı, Əməkdar mədəniyyət işçisi (2000), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2024) Akif Rüstəmov yubiley yaşını qeyd edir. Ömrünün 55 ildən çoxunu milli kinomuzun inkişafına həsr edən, həmkarlarının və kinosevərlərin böyük rəğbətini qazanan A.Rüstəmov “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 50-dən çox filmdə ikinci rejissor kimi çalışıb, filmlərin istehsal prosesində əlindən gələn köməyi əsirgəməyib. Dövlət Film Fondunun əməkdaşları və çoxsaylı kinosevərlər adından qocaman kino işçisini yubiley yaşı münasibəti ilə ürəkdən təbrik edirik. Ona möhkəm cansağlığı, işlərində uğurlar diləyirik.
Akif Rüstəmov 27 oktyabr 1945-ci ildə Bakıda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib (1968). İlk dəfə kinorejissor A.Babayevin “Uşaqlığın son gecəsi” melodramında rejissor assistenti işləyib (Murad Məlikovla birgə). Bundan sonra bir sıra müxtəlif janrlı filmlərdə, o cümlədən “Sevil” film-operasında (E.Əliyeva, A.Əliyevlə birgə), “Gün keçdi” filmində rejissor assistenti, “Qızıl qaz”, “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Nizami”, “Dərviş Parisi partladır”, “Bağ mövsümü”, “Burulğan”, “Təxribat”, “Güllələnmə təxirə salınır”, “O dünyadan salam”, “Ölüm növbəsi” (Ə.Həsənovla birgə), “Küçələrə su səpmişəm” və digər filmlərdə ikinci rejissor kimi çalışıb. Filmlərin ərsəyə gəlməsində, uğur qazanmasında böyük xidmətlər göstərib.
“Kino belədir ki, başladınsa, gərək 24 saat işləyəsən. Hətta yuxuda da işləyirsən. Başqa cür ola bilməz” – deyən A.Rüstəmovun sənət məqsədi məsləyində daim uğura imza atmaq, həmkarlarına əsl dost, sənət bilicisi kimi yardımçı olmaq olub. Bu diləklə də, sözün əsl mənasında kino zəhmətkeşi olaraq filmlərin ərsəyə gəlməsində böyük səylə çalışıb.
A. Rüstəmovun səmimi, mehriban keyfiyyətlərə malik olması onun kinostudiyanın, həmçinin çəkilən filmlərin kollektivi ilə işləməsinə, onlarla asanlıqla dil tapmasına, filmlərə lazım olan material və rekvizitlərin, əlbəsələrin əldə edilməsinə, dekorasiyaların tez bir zamanda ərsəyə gəlməsinə, hətta yadelli aktyorların filmlərə cəlb edilməsinə imkan yaradıb. Bu mənada o, yaradıcı və texniki heyətin çıxılmaz vəziyyətdə qalmasının qarşısını alıb, filmlərin vaxtında çəkilib təhvil verilməsinə nail olub.
Zəngin kino bilgisi, böyük zəhmətkeşliyi sayəsində kinematoqrafçı ailəsinin sevimlisinə çevrilən Akif Rüstəmov filmlərdə əsasən ikinci rejissor vəzifəsində çalışsa da, çox zaman ona tapşırılan işlərdən əlavə digər məsələlərin tez bir zamanda həll olunmasına da çalışır, yeri gələndə kino zəhmətkeşlərinə yaxından kömək edir, bəzən rəngsaz, bəzən dülgər, yeri gələndə isə çəkiliş meydançasının fəhləsinə çevrilirdi. İş prosesində hər bir kadrın ərsəyə gəlməsi bir çox hallarda onun üçün sənət mübarizəsinə, əmək cəbhəsinə bərabər idi.
Həmkarları onun haqqında: “Akif Rüstəmov üçün “yoxdur” kəlməsi yoxdur. Buna görə də onunla işləmək olduqca rahat və xoşdur”, – deyirlər. Akif müəllim özü isə kinoda olan böyük əməyini məsləyinə olan hədsiz sevgisi, həmkarlarına, kinematoqrafçılara olan tükənməz hörməti ilə əlaqələndirir.
“İnsanın evi könlünün bağlı olduğu yerdir” – deyirlər. Akif Rüstəmov da qəlbinin pərvazlandığı, ruhunun qanad açdığı doğma kinostudiyada kök salıb, mənəvi rahatlıq tapıb. Burada yaşayıb, burada yaşlanıb. Vəzifə və insanlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirib.
“Azərbaycanfilm” kinostudiyasını özümüz üçün ikinci ev hesab edirdik. Həyatımın çox hissəsi orada keçib. Bir çox hallarda kinostudiyada gecələyirdim. Elə olurdu ki, aylarla orada qalırdım. Həm evə gedib-gəlmək vaxtımı alırdı. Həm də mühitdən, yaradıcılıq atmosferindən uzalaşmaq istəmirdim. Buna görə də kinostudiyanı özüm üçün ikinci ev bilirdim” deyən qocaman kino işçisi bu gün də kino sahəsində çalışan gənclərə doğru sənət istiqaməti verir. Kinomuz və kinematoqrafçılarımız haqqında hazırlanan film və verilişlər üçün hər hansı materialların, sənədlərin əldə edilməsinə, tamaşaçılara çatdırılmasına imkan yaradır, köməyini əsirgəmir.
Həyatını bütünlüklə kinoya, sevdiyi işinə həsr edən, peşə borcunu yüksək səviyyədə yerinə yetirən kino işçisi 22 yaşından etibarən bu sehrli aləmdən uzaqlaşmayıb, filmlərin çəkilişində fədakar kino işçisi kimi texniki və yaradıcı heyətin dərin sevgisini qazanıb. Kino sənətimizin inkişafında, filmlərin çəkiliş prosesində böyük zəhməti olduğuna, bilik və bacarığına, yüksək insani keyfiyyətinə görə hər birimizin sevimlisinə çevrilib. Bu günlərdə 80 yaşını qeyd edən Akif müəllimə: “Daim işinizin başında olun, sağlam və 100 yaşayın” deyirik. Davamlı sənət sevincləri yaşamasını, yeni-yeni ekran əsərlərinə imza atmasını arzulayırıq.
Dövlət Film Fondu
