Nicat Feyzullayev 1 noyabr 1945-ci ildə Bakıda görkəmli rəssamlar Lətif Feyzullayev və Vəcihə Səmədovanın ailəsində dünyaya göz açıb. Hələ kiçik yaşlarından musiqiyə, rəsm çəkməyə həvəs göstərib. Orta məktəbdə oxuyarkən riyaziyyat fənnini yaxşı mənimsədiyindən atasının məsləhəti ilə sənədlərini Azərbaycan Politexnik İnstitutuna verib, 1964-1969-cu illərdə orada təhsil alıb. Təhsil aldığı illərdə institutun nəzdində fəaliyyət göstərən həvəskarlar studiyasında bir neçə qıametrajlı film çəkib. Kinoya olan marağı da buradan başlayıb. 1970-ci ildən kinostudiyada işləməyə başlayıb. İlk işi “Gün keçdi” filmində rejissor köməkçisi olub. Daha sonra “Axırıncı aşırım”, “Qızıl qaz” filmlərində rejissor assistenti kimi çalışıb. Kino biliyini artırmaq məqsədilə Leninqrada (indiki Sankt-Peterburq) gedib, orada Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun kino və televiziya fakültəsində təhsil alıb (1973-1979). Tələbəlik illərində iki film – “Azərbaycanın memarlıq abidələri” (1976) qısametrajlı sənədli və “Arvadım mənim, uşaqlarım mənim” (1978) kinoalmanaxına daxil olan “Toy” novellasını çəkib.
İnstitutu bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasına qayıdan N. Feyzullayev burada “Anaya məktub” (1980), “Belə bir şəhər var” (1982) qısametrajlı sənədli, “Yeni evlənənlər” (1983) qısametrajlı bədii filmlərini ekranlaşdırıb. “Gümüşgöl əfsanəsi” filmində təcrübəçi rejissor kimi çalışıb. 1988-ci ildə müstəqil rejissor kimi “Yaşa, qızıl balıq” qısametrajlı bədii filminə quruluş verib.
Daha sonra bir neçə sənədli (“Məhəmməd Füzuli”, “Baba zeytun diyarında”, “Şirvanda izim qaldı”, “Qara qızılın qara üzü”, “Azərbaycan rəngkarlığının kraliçası” və s.) filmlər çəkən rejissor 2004-cü ildə “Küçələrə su səpmişəm” tammetrajlı bədii filminə quruluş verib. Film 2005-ci ildə “Humay” mükafatına layiq görülüb.
Mülayim, mədəni xüsusiyyətə malik olan Nicat Feyzullayevin sənət dostları, tanışları onun haqqında həmişə xoş danışır, müsbət xarakterli insan kimi xatırlayırlar. Bu mənada sənət dostlarının xatirələri yerinə düşür.
Əməkdar incəsənət xadimi, kinooperator Kənan Məmmədov: “Nicat Feyzullayev mənim kinostudiyadakı ən yaxın dostlarımdan biri olub. Onun həmişə planları olardı. Kinostudiyanın dəhlizlərində məni görəndə qolumdan tuturdu, asta-asta addımlayaraq mənə planları haqqında danışırdı. “Həmişə istəmişəm səninlə birlikdə film çəkim, amma sən digər filmlərdə işləyirdin deyə, buna imkan olmurdu. “Küçələrə su səpmişəm” adlı film çəkəcəyəm. Gözləyirəm ki, nə vaxt digər filmi çəkib qurtarasan, mənimlə işləyəsən”, – deyirdi. Bir gün o, filmin ssenarisini oxumaq üçün mənə verdi: “Oxu, mənə fikrini deyərsən”. Mən ssenarini oxudum, çox bəyəndim, razılığımı verdim və tez bir zamanda film üzərində işləməyə başladıq.
Filmi çəkib qurtardıqdan sonra da onun əlində həmişə qovluq olurdu. Kinostudiyada onu görəndə zarafatla bir-birimizə deyirdik ki, Nicat gedir əlində də qovluğu. Yəqin yeni layihəsi var.
Çox yaxşı yol yoldaşlığı var idi. Natura çəkilişlərini çəkmək üçün yer seçməyə Ağdaş rayonuna getmişdik. Həmin vaxt onun necə səmimi, mehriban insan olduğunun bir daha şahidi oldum. Ümumiyyətlə, o, maraqlı insan idi. Onunla ünsiyyətdə olmaq xoş idi. Bəlkə də birlikdə daha çox film çəkə bilərdik. Təəssüf ki, dünyasını tez dəyişdi. Allah ona rəhmət eləsin”.
Əməkdar mədəniyyət işçisi, rejissor Nadir Əzməmmədov: “Nicat Feyzullayevlə ilk tanışlığım kinostudiyanın dəhlizlərində olub. Onun əlində həmişə kitab olurdu. Mütaliəsi çox idi. Oxuduğu kitabları sonra bizimlə müzakirə edirdi. “Yaşa, qızıl balıq” qısametrajlı bədii filmini çəkəndə ikinci rejissor kimi onunla birgə işlədim. İş başında səbirli, təmkinli, dünyagörüşlü, savadlı bir insan olduğunu gördüm. Aktyorlarla səmimi davranırdı. Fikirlərini təmkinlə onlara çatdırırdı.
Sözügedən filmin mövzusu insanların biganəliyi haqqındadır. O, həmişə insanlığı üstün tutan mövzuları seçirdi. Çünki özü də səmimi insan idi”.
Əməkdar mədəniyyət işçisi, film direktoru Nadir Əliyev: “N.Feyzullayevlə 70-ci illərin əvvəllərində tanış olmuşam. O vaxtı “Azərbaycanfilm” kinostudiyasında rejissor assistenti işləyirdi. Mən isə çəkiliş qrupunda inzibatçı idim. Sonra Nicat rejissor kimi “Yeni evlənənlər” və “Yaşa, qızıl balıq” qısametrajlı bədii filmlərini çəkəndə məni film direktoru kimi işləməyə dəvət etdi. Onunla işləmək çox rahat idi. Daxili aləmi gözəl idi.
Özünün yazdığı bir ssenari var idi. Onu çəkməyə çox can atırdı. Təəssüflər olsun ki, həmin ssenari əsasında film çəkməsinə icazə vermədilər. Heyif ki, çox bədii film çəkə bilmədi. Ancaq böyük potensialı var idi. Yaxşı filmlər çəkə bilərdi.
Böyüdüyü mühitin, tərbiyə aldığı ailənin ab-havası onu yaradıcılığa sövq edirdi. Nicat skripkada, pianinoda gözəl mahnılar ifa edirdi. Hətta bir dəfə pianinoda mənim üçün “Gün keçdi” filmindən lirik bir mahnı səsləndirdi. Musiqi duyumuna, ifaetmə bacarığına heyrətləndim. Onun musiqi ilə məşğul olması kinoya gəlməsinə təkan vermişdi.
Məndən bir neçə yaş böyük olmasına baxmayaraq, dostluqda səmimi idi. Bir-birimizi yaxşı başa düşürdük. Kinostudiyada görüşəndə həmişə maraqlı söhbətlərimiz olurdu. Heyifsilənirəm ki, o, bu dünyanı tez tərk etdi. Nicatın dünyagörüşü, ömür yolu mənim üçün həmişə nümunə olub. Mən çox insanlarla, məşhurlarla işləmişəm. Amma Nicat Feyzullayevin mənimlə tanışlığı, dostluğu həmişə öndə və üstün olub. Allah ona rəhmət eləsin”.
Əməkdar mədəniyyət işçisi, rejissor Çingiz Həsənov: “Nicat müəllimi həmişə kinostudiyada görürdüm. Əlində qara qovluq olurdu. Sonralar bildim ki, qovluqdakı “Küçələrə su səpmişəm” filminin ssenarisidir. Nəhayət ki, 15 ildən sonra bu ssenarini çəkmək Nicat müəllimə qismət oldu. Mən həmin filmdə aktyor seçimi üzrə rejissor assistenti kimi çalışdım.
Nicat müəllim filmin çəkilişlərinə böyük məhəbbətlə başlamışdı. Demək olar ki, hər kəsə sevgi ilə yanaşırdı. Onunla yaradıcılıq müzakirələri aparmaq mənim üçün maraqlı idi. Aktyorlarla səmimi münasibət qururdu, onları dinləyirdi, təkliflərini qəbul edirdi. Film ekranlara çıxdıqdan sonra çox sevinirdi.
Təsərrüfatçılıq qabiliyyəti yüksək idi. Şamaxıda bir bağ evi vardı. Böyük həvəslə həmişə əkib-becərdiyi meyvələrdən, bitkilərdən danışırdı. Hətta bir dəfə mənə öz bağından xeyli alma yığıb gətirmişdi. Ümumiyyətlə, heç vaxt heç kimin sözünü danışmazdı. Kinostudiyada hamı ona hörmət edirdi”.
Əməkdar artist Elnur Kərimov: “Nicat Feyzullayev mənim gənclik illərimdən yaddaşımda qalan ən dəyərli insanlardan biridir. “Küçələrə su səpmişəm” filminə çəkiləndə onu yaxından tanımağa başladım. Mərd adam idi, sözü həmişə üzə deyirdi. Mövzuya özünəməxsus yanaşma tərzi var idi. Çəkiliş meydançasında sağlam şərait yaratmışdı. Aktyorlar onunla işləməkdən zövq alırdılar.
Filmin səsləndirmə prosesini yaxşı xatırlayıram. Səs operatoru Əsəd Əsədovla dəfərlərlə görüşürdü, filmdə çəkilən aktyorları kimin səsləndirəcəyi haqqında onunla məsləhət edirdi. Səsləndirməyə də çəkilişlər qədər həssas yanaşırdı.
İşini gözəl bilirdi. Bununla yanaşı, filmin yaradıcı heyəti ilə mütəmadi olaraq fikir mübadiləsi aparırdı. Bizim hər hansı bir təklifimiz olanda dinləyirdi, düşünürdü, bəzən sərt şəkildə “yox” deyirdi, bəzən də təklifimizi qəbul edirdi.
Yaradıcılığı dərindən duyurdu. Bu filmdə biz Nicat müəllimin daxili dünyasını, insanlara, təbiətə olan münasibətini görürük.
Doğum günlərində sosial şəbəkə vasitəsilə ona təbrik mesajları yazırdım. Bir qədər sonra mənə zəng edirdi ki, bəyəm, mən sənə sosial şəbəkədən yazıram?.. Götür telefonu, zəng et. Bilim ki, özün yaxşısan, işlərin yaxşıdır. Mən də canlı səsini eşidim, təbriklərini qəbul edim. Bu söhbətdən sonra bütün bayramlarda ona zəng edirdim, təbriklərimi çatdırırdım.
Biz onun yaradıcılıq mübahisələrini görürdük. Nəticədə o, gözəl bir film ərsəyə gətirdi. Ondan bir çox xüsusiyyəti örnək aldıq, mübarizliyi öyrəndik. Həmişə bizə deyirdi ki, məqsədinizdən heç vaxt dönməyin. Əgər alınmasa, növbəti dəfə mütləq alınacaq. Hər hansı bir çətinlik yaranacaqsa, deməli, görəcəyiniz iş daha yaxşı səviyyədə həyata keçəcək. “Küçələrə su səpmişəm” filmi söylədiklərinin əyani sübutu idi.
Hamımız çalışırdıq ki, film yaxşı olsun. Mənim bir çox uğurumda Nicat müəllimin nəsihətləri də var. Onu heç vaxt unutmayacağam. Allah ona rəhmət eləsin. Ruhu şad olsun”.
Dövlət Film Fondu

