Zəfər Günü münasibətilə Dövlət Film Fondunda tədbir keçirildi

Azərbaycan Dövlət Film Fondunda Zəfər Günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Fondun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək müzəffər Ali Baş Komandanın rəhbərliyi altında qazanılan zəfərin tariximiz qarşısında böyük əhəmiyyətini qeyd etmiş, hərbi əməliyyatlar zamanı Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləmişdir.

Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirin sonunda 2024-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin keçirdiyi “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi”ndə qalib gəlmiş ekran əsərlərindən biri olan “Qayıdış” sənədli filmi nümayiş olundu. “Karvan Production” və “Rental Azerbaijan” şirkətləri tərəfindən istehsal olunmuş filmin rejissoru Elməddin Alıyev, prodüserləri Emil Nəcəfov və Elməddin Alıyevdir. Film bir ailənin 30 ildən sonra Laçına qayıdışından bəhs edir.