Aktyor, rejissor Arif Qasımovun anadan olmasının 75 illiyidir. Müxtəlif mövzulu filmlərdə yaddaqalan personajlar canlandıran aktyor ekran obrazlarının daxili dünyasını, istək və məqsədlərini dəqiqliklə ifa etmiş, filmlərin məzmun tamlığına, rolların yaddaqalımlı olmasına nail olmuşdur.
Arif Əbdül oğlu Qasımov 1950-ci ildə Bakıda anadan olmuşdur. Mədəni Maarif Texnikumunu (1973), Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir (1980). Daha sonra Moskvada Ümumittifaq Televiziya və Radio işçilərinin təkmilləşdirilmə kursunu, Ali rejissorluq kursunu bitirmişdir (1989). Uzun illər Azərbaycan Televiziyasında rejissor işləmiş, “Uşaq və gənclər” redaksiyasında çalışmışdır. 1960-cı ildən televiziya tamaşalarında aktyor kimi çıxış edən A.Qasımov paralel olaraq, Azərbaycan kinosunda 30-dan artıq filmə çəkilmişdir.
Kinoda debüt rolunu kinorejissor Cahangir Mehdiyevin “Araşdırın” (1978) qısametrajlı bədii filmində ifa edən aktyor, bundan sonra “Diplom işi” (1979), “Vah!..” (1980), “Marş” (1982), “Balıq günü” (1983), “Evlənmək istəyirəm” (1983), “Bayramda yağış” (1985), “777 №-li iş” (1992), “5 nömrəli kameranın məhbusu” (1993; 3 ser.; Türk.), “Ac həriflər” (1993), “Fransız” (1995), “Qarabağ şikəstəsi” (1996), “Hər şey yaxşılığa doğru” (1997), “Otel otağı” (1998), “Yerlə göy arasında” (1999), “Dəvətnamə” (2002), “Hacı Qara” (2002), “Milli bomba” (2004), “Əlvida, cənub şəhəri” (2006), “Kişiləri qoruyun” (2006), “Yoxlama” (2006), “Halal pullar” (2008), “Qocalar” (2008), “Adam” (2010), “İstanbul reysi” (2010) və digər bədii film və tamaşalarda çəkilmişdir.
Kinoda olmağı məqsədə çevirən, ərsəyə gələn filmlərdə əməyi olmasını məslək borcu bilən aktyor ona həvalə olunan obrazları böyük şövqlə canlandırmış, hər bir personajın həyat mövqeyini, kimliyini həssaslıqla çatdırmışdır. Həmçinin “Mozalan” satirik kinojurnalının 10-a yaxın bədii süjetində müxtəlif xarakterli rollarda çıxış etmişdir. 1998-ci ildən televiziya tamaşalarında ikinci rejissor kimi işləmişdir.
Sənətinə bağlı olan A.Qasımov 2016-cı ilin 7 mart tarixində dünyasını dəyişmişdir. Maraqlı ekran personajlarına, məzmunlu sənət istiqamətinə görə xatirəsi daim hörmətlə yad edilir.
Dövlət Film Fondu
