Kamil Qubuşov – 110

Hər hansı bir obrazın düşüncələrdə yer alması, personajın xarakterinə, sözünə görə xatırlanması bilavasitə aktyor sənətinin üstünlüyünü, peşəkarlığını təsdiqləyir. Əsl sənət hünəri də obrazların ifaçılarını xatırlatdığı, tanıtdığı, diqqətdə saxladığı andan başlayır. Tanınmış teatr, kino aktyoru Kamil Qubuşovun təkcə “Sən niyə susursan?” filmində canlandırdığı Bəbir, “Bizim Cəbiş müəllim” müharibə dramında təqdim etdiyi müəllim rollarını xatırlamaq kifayət edir ki, potensial diapazonunun genişliyini, sənət biliciliyinin səviyyəsini, məslək məsuliyyətinin çoxluğunu anlayasan. Aktyor bir sıra filmdə oynadığı (“Axırıncı aşırım”da kənd sakini, “Bakıda küləklər əsir” filmində neftçi, “Bizim Cəbiş müəllim”də müəllim, “Doğma xalqıma”da cəllad, “Qaraca qız”da bəy, “Qatır Məmməd”də Sadıq xan, “Qəribə əhvalat”da Mürşüd və s.) kino obrazlarının təfsirində mühitin ab-havasının çatdırılmasına nail olmuş, tərəf-müqabilləri ilə olan yaradıcılıq tandemində digər personajların xarakterlərinin də tanıdılmasına, vəziyyətə münasibətinin aydınlanmasına səbəb yaratmışdır.

Aktyorun sənət uğurlarından bəhs edərkən dublyaj fəaliyyətini xüsusilə vurğulamaq lazımdır. Görkəmli kinorejissorlardan Həsən Seyidbəyli, Hüseyn Seyidzadə, Arif Babayev, Kamil Rüstəmbəyov və digərləri filmlərinin səsləndirilməsinə dəvət etməklə K. Qubuşovun aktyorluq qabiliyyətinin, sənət duyumunun bir daha üzə çıxmasına şərait yaratmış, onun dublyaj aktyoru kimi də tanınmasına səbəb olmuşlar.

Tanınmış sənətkarların ekran obrazlarını (Ağadadaş Qurbanovun Bəhram (“Bizim küçə”), Şəmsi Bədəlbəylinin Şabanzadə (“Axırıncı aşırım”), Yusif Vəliyevin Fərəməz (“Zirvə”), Vladimir Belokurovun Semyonov (“Dəli Kür”), Şəmsi Bədəlbəylinin Nəcəfov (“Xatirələr sahili”), Arkadi Tolbuzinin neftçi Moroz (“İnsan məskən salır”), Nikolay Mixaylovun Soçkovski (“İyirmialtılar”), Vladimir Yemelyanovun Dobrovolski (“Yenilməz batalyon”) və s.) peşəkarlıqla səsləndirən aktyor rollara bir daha ifaçılar qədər uğur gətirmiş, inandırıcı, realist təsir bağışlamasına imkan yaratmışdır.

Kamil Mehdi oğlu Qubuşov 1915-ci ilin 25 dekabr tarixində Azərbaycanın qədim şəhərlərindən olan İrəvanda anadan olmuşdur. Orta məktəbi burada bitirmişdir. Teatra olan marağına görə 15 yaşından İrəvan teatrında hazırlanan tamaşalarda epizod rollarda və kütləvi səhnələrdə çıxış etmişdir. 1932-1935-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində təhsil almışdır. Bir müddət İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışmış, müxtəlif mövzulu tamaşalarda fərqli rollar (“Qısqanclıq”da Məmmədəli, “Od gəlini”ndə Aqşin, “1905-ci ildə” əsərində general-qubernator və s.) oynamışdır.

1936-1938-ci illərdə Nuxa (indiki Şəki) Dövlət Dram Teatrında işləmiş, rəngarəng səhnə surətləri (“Polad Qartal”da Polad, “Sevil”də Balaş, “Həyat”da Süleyman, “1905-ci ildə” əsərində Eyvaz və s.) ərsəyə gətirmişdir.

Aktyor 1938-1940-cı illərdə Akademik Milli Dram Teatrında fəaliyyət göstərmişdir. 1941-1945-ci illərdə hərbi xidmətə çağrılmışdır. Ordudan tərxis olunduqdan sonra yenidən (1946-1949 və 1962-1974) Akademik Milli Dram Tearında aktyor kimi çalışmış, burada hazırlanan tamaşalarda maraqlı obrazlar (“Hacı Qara”da naçalnik, “Dumanlı Təbriz”də dilənçi Qədir, “Vaqif”də İbrahim xan, “Fərhad və Şirin”də Azər baba, “Yaşar”da prokuror, “Aydın”da Novruz, “Oqtay Eloğlu”da Səməd bəy və s.) yaratmışdır. Paralel olaraq, Bakı kinostudiyasında çalışmış (1949–1951), Azərbaycan Dövlət Radiosunda diktor kimi fəaliyyət göstərmişdir (1959–1962).

K.Qubuşovun kinostudiya ilə əməkdaşlığı 1974-cü ilə kimi davam (“Bakıda küləklər əsir” filmində Nikolayev rolunu səsləndirmişdir) etmişdir. Aktyor ilk dəfə görkəmli kinorejissor Mikayıl Mikayılov tərəfindən kinoya cəlb edilmiş, 1930-cu ildə quruluş verdiyi “Lətif” filmində kəndli roluna çəkilmişdir. Azərbaycan kinosunun yerli kadrlardan ibarət olmasını daim təbliğ edən, gənc aktyorların doğru səmtə istiqamətləndirilməsində rejissor, pedaqoq kimi böyük xidmətləri olmuş M.Mikayılovun kino sənəti haqqındakı söhbətləri, bu sahədəki cəfakeşliyi K.Qubuşovun yaddaşında dərin iz salmış, onda bu sahəyə qarşı unudulmaz təəssürat yaratmışdır. Kinonun sehrindən ayrıla bilməyədiyinə görə də teatr fəaliyyəti ilə yanaşı, filmlərə çəkilmişdir. Həmçinin, dublyaj studiyasında filmlərin səsləndirilməsində xüsusi bacarıq nümayiş etdirmişdir.

Teatrın, kinonun inkişaf prosesində rolu olan, rollarını böyük məmnuniyyətlə təqdim edən, həmkarlarının və tamaşaçıların rəğbətini qazanan aktyor bəlkə də ağlına gətirməzdi ki, illər keçəcək, canlandırdığı kiçikplanlı ekran personajları belə jest və ifadələrinə görə diqqət çəkəcək, həmçinin səsinin ahəngdarlığına, qüsursuz diksiyasına görə peşəkar dublyaj aktyoru olaraq da kinosevərlərin sevimlisi kimi qəbul ediləcək, xatırlanacaqdır.

Yaradıcılıq eşqi böyük, taleyinə yazılan ömür yolu isə qısa olan sənətkar 1977-ci ilin 30 oktyabr tarixində, 62 yaşında dünyasını dəyişib. Kino obrazlarından görünən tərz və üslubu isə xatirəsinin əbədiləşməsinə səbəb yaradıb. Sənətkar xoşbəxtliyi də sənətinin fövqündə tanınmaq, sənət tarixində iz qoymaq, qəlblərdə, düşüncələrdə yaşamaqdır.

Dövlət Film Fondu