Azərbaycan Dövlət Film Fonduna bir sıra bədii filmlərin çəkiliş məqamlarını əks etdirən nadir videoxronika materialları daxil olub.
Çəkiliş materialları Azərbaycan Kaskadyorlar Assosiasiyasının sədri, Əməkdar mədəniyyət işçisi Əli Məmmədov tərəfindən təhvil verilib. Uzun illər ərzində bir sıra filmlərdə kaskadyorluq və trüklərin quruluşu işini həyata keçirən kino xadimi, eyni zamanda şəxsi təşəbbüsü ilə bu prosesin çəkilişini aparmışdır.
Təhvil verilən materiallar Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılmış və videoçarx şəklində hazırlanmışdır.
Qeyd edək ki, arxiv görüntülərində “Kənar adamlar”, “Cavad xan”, “Qarabağdır Azərbaycan”, “Sahə”, “Əlavə təsir” və “Dolu” filmlərinin çəkiliş prosesi əks olunub.
