Kinorejissor Cahangir Mehdiyevin 75 illik yubileyidir. Kinosevərlər və Dövlət Film Fondunun əməkdaşları adından C.Mehdiyevi ürəkdən təbrik edir, ona cansağlığı, işlərində nailiyyətlər arzulayırıq.
Cahangir Yaqub oğlu Mehdiyev 1951-ci il 13 yanvar tarixində Bakıda anadan olmuşdur. 158 saylı orta məktəbi, 12 saylı musiqi məktəbini bitirmişdir. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda Teatr və televiziya filmləri rejissorluğu ixtisası üzrə təhsil almışdır (1968-1973). Tələbəlik illərində görkəmli kinorejissor H.Seyidzadənin quruluş verdiyi “Dəli Kür” (1969) filmində papaqatan rolunda çəkilmişdir. Peşəkar kino xadimləri ilə birlikdə çəkiliş meydançasında olması, yaradıcı atmosferi yaxından duyması gənc tələbənin kinoya marağını daha da artırmış, kinorejissor olmağa qərar vermişdir.
İnstitutu əla qiymətlərlə bitirən C.Mehdiyev Azərbaycan Akademik Milli Dram Teatrında “Sevgi, sevgi” tamaşasını diplom işi kimi hazırlamışdır. Həmçinin, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin “Ədəbi dram” incəsənət redaksiyasında “Yumoristik novellalar” adlı televiziya tamaşasına quruluş vermişdir.
Kinoya sevgisi daim öndə olan C.Mehdiyev 1973-cü ildə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi fəaliyyətə başlamış, bir müddət sonra kinostudiyasının təyinatı ilə Moskvaya göndərilmişdir. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinorejissorluq fakültəsində təhsil almış, institutu əla qiymətlərlə bitirmişdir. Yenidən “Azərbaycanfilm” kinostudiyasına qayıdan gənc kinematoqrafçı burada rejissor kimi fəaliyyətini davam etdirmişdir (1979).
C.Mehdiyevin rejissor kimi debüt filmi “Diplom işi” kinokomediyasıdır. Müstəqil quruluş verdiyi bu qısametrajlı bədii film Çexoslovakiyanın Karlovı-Varı, Almaniyanın Oberhauzen, Manheym, İspanyanın Bilbao şəhərlərində keçirilən kinofestivallarda nümayiş etdirilmiş, mükafat və diplomlara layiq görülmüşdür.
Daha sonra o, “Mosfilm” kinostudiyasının nəzdində yaradılmış “Debüt” studiyasında (Gənclərin Eksperimental Yaradıcılıq Birliyi) “Vah!” (“Bıy!”) kinokomediyasını ekranlaşdırmışdır. Film 1980-ci ildə “Mosfilm” kinostudiyasında keçirilən 11-ci beynəlxalq kinofestivalda Ən yaxşı rejissor işinə görə, Minsk şəhərində keçirilən kinofestivalda Ən yaxşı komediya işinə görə mükafat almışdır. 30-dan artıq filmdə (bədii, sənədli) çalışan rejissor 1979-1998-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında rejissor, quruluşçu rejissor, ssenarist, aktyor kimi fəaliyyət göstərmişdir.
1990-1995-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Fondunun icraçı direktoru vəzifəsində çalışan C.Mehdiyev həm də idmançı kimi tanınmışdır. O, 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi adını qazanmış, Boulinq Federasiyasının vitse-prezidenti vəzifəsini icra etmişdir (1998-2007).
1998-2007-ci illərdə “Mozalan” studiyasının direktoru, bədii rəhbəri olmuş, 2007-2016-cı illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (“Azərbaycantelefilm” Yaradıcılıq Birliyində) ali kateqoriyalı rejissor kimi fəaliyyət göstərmişdir. Sənətdəki səmərəli xidmətlərinə görə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür (2000).
Dövlət Film Fondu
